Bakıda güclü külək əsəcək, rayonlara leysan, dolu yağacaq
Azərbaycanda avqustun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 20-25, gündüz 26-31 dərəcə isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacaq.