“Sabah Ermənistan Azərbaycana qarşı əlavə ərazi iddiaları qaldıra bilməyəcək”

Aktual

22.05.2021 - 10:23

Deputat: “Azərbaycanın və Rusiyanın mövqeyi ondan ibarətdir ki, SSRİ dövrünün sənədlərinə uyğun olaraq sərhədlər dəqiqləşdirilsin”

 

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsinin yaxın günlərdə həlli gözlənilir. Sərhəddə bir neçə gündür Ermənistan tərəfindən yaradılan təxribatın və insidentin yoluna qoyulmasına bu dəfə də Rusiyanın vasitəçilik etdiyi proqnozlaşdırılır. Belə ki, mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin telefon söhbəti olub. Telefon danışığı zamanı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.

 

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatında qeyd edilib ki, bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib. Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə, nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Rusiya Prezidenti Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək.

 

Elə həmin gün Rusiya Prezidenti ilə Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında da telefon əlaqəsi olub. Putinlə Paşinyan sərhəd məsələsinin həlli ilə bağlı müzakirə aparıblar. Mayın 20-də isə Paşinyan hökumət iclasında Ermənistanla Azərbaycan arasında yeni sənəd imzalanacağını açıqlayıb. O deyib ki, əgər Azərbaycan tərəfi hazırlanmış yeni sənədlə razılaşarsa, bu sənədə imza atmağa hazırdır. Paşinyan sözügedən sənədin detallarını açıqlamayıb.

 

Amma güman olunur ki, Paşinyanın dediyi sənəd sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqəlidir. Məsələ burasındadır ki, Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş Prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan sosial şəbəkə hesabında bir sənədin şəklini yayıb və bildirib ki, Paşinyan növbəti dəfə təslim sənədinə imza atacaq.

 

Mövzu ilə bağlı fikirlərini AYNA ilə bölüşən Milli Məclisin üzvü, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan tərəfi regionun gələcək təhlükəsizliyi və rifahı naminə atılan addımları əngəlləmək ənənəsindən geri çəkilmir:

Prezidentdən Elşad Mirbəşir oğlu ilə bağlı SƏRƏNCAM - Unikal.org

- Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra dövlət sərhədinin mühafizəsini yaradır, bu istiqamətdə fəaliyyət göstərir. Sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməkdədir. Lakin Ermənistan tərəfi may ayının 12-dən başlayaraq təxribatlarla məşğuldur. Guya ki, Azərbaycan Ermənistanın dövlət sərhədini pozub, içərilərinə doğru irəliləyib. Bu cür ittihamlar səsləndirilməyə başladı, Paşinyan 44 günlük Vətən müharibəsində olduğu kimi, bir-bir dünya liderlərinə zənglər etdi, imdad diləməyə başladı. SSRİ dövrünün kartoqrafik sənədlərinə əsasən, Azərbaycan delimitasiya və demarkasiyanı həyata keçirir. Laçın rayonu ərazisində, Qaragöl ətrafında bu işlər aparılarkən Ermənistanın əsassız iddiaları meydana çıxmağa başladı. Daha sonra məsələ ilə bağlı tərəflər arasında danışıqlar başladı. Amma bu günədək sözügedən danışıqların nəticəsi yoxdur.

 

- Nəticə olmadığına görə də Rusiya vasitəçiliyə başlayır?

 

- Rusiya tərəfi özünün vasitəçiliyini təklif etdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov məsələnin həlli üçün birgə komissiya yaradılması təklifi ilə çıxış etdi. Məsələ burasındadır ki, Ermənistan tərəfinin mövqeyi ondan ibarətdir ki, regionda gərginlik hökm sürsün. Bu gün Ermənistanda sözügedən məsələdən həm də seçkiöncəsi mübarizə aləti kimi istifadə edilir. Paşinyanın opponentləri onu fəaliyyətsizlikdə günahlandırır, Azərbaycanın sərhəddəki fəaliyyətini Ermənistana yönəlik hansısa addım kimi qiymətləndirməyə çalışırlar. Bununla Paşinyana qarşı seçkilərdə istifadəyə çalışırlar. Paşinyan isə qeyri-adekvat mövqe sərgiləməklə gələcək seçkilərə hesablanmış addımlar atır. O, hazırda eloktoral bazası haqqında düşünür və pozuculuğa hesablanmış, gərginliyin yaranmasına vəsilə olan bəyanatlar səsləndirir. Hesab edirəm ki, bütün hallarda məsələ öz həllini tapacaq. Rusiya tərəfinin burada təsirli rolu ola bilər. Çünki Lavrov açıqlama verdi ki, Moskva kartoqrafik məlumatların verilməsində də dəstəyini göstərə bilər. Yəni ki, SSRİ dövrünün kartoqrafik məlumatları əsasında sərhədlərin delimitasiyası həyata keçiriləcək. Bu, Azərbaycanın bu gün həyata keçirdiyi fəaliyyətdir. Azərbaycan SSRİ dövrünün xəritələrinə uyğun hərəkət etməkdədir. Ona görə də düşünürəm ki, sərhəd məsələsi mütləq şəkildə həllini tapacaq. 10 noyabr Birgə Bəyanatının icrası dövlətlərarası sərhədin dəqiqləşdirilməsini tələb edir. Sərhədlər dəqiqləşməsə, növbəti addımları atmaq qeyri-mümkün olacaq.

 

- Dediniz ki, sərhəd məsələsi qəti şəkildə həllini tapacaq. Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması ilə proses uzana bilərmi?

 

- Ermənistandakı siyasi qüvvələr məsələdən özlərinin gələcək siyasi karyeralarının qurulması elementi kimi istifadə etməyə çalışırlar. İkinci amil ondan ibarətdir ki, kənar siyasi dairələr, yəni xarici güclərin Ermənistandakı hakimiyyətə kifayət qədər təsiri var. Məsələn, Paşinyan KTMT-ni prosesə qoşmağa çalışdı. Amma o da çox gözəl anlayır ki, KTMT-nin məsələyə qarışması üçün heç bir hüquqi və siyasi əsas mövcud deyil. Belə olan halda Paşinyan sözügedən təşkilatı Ermənistan cəmiyyətinin gözündən salmağa cəhd göstərir. Bunlar, əlbəttə ki, kənar dairələrin göstərişi ilə atılan addımlardır. Hazırda Ermənistanın həm KTMT-dən, həm də Avrasiya İttifaqından uzaqlaşdırılması istiqamətində ciddi cəhdlər edilib. Paşinyan hakimiyyətə gətiriləndən sonra bu istiqamət sezildi. İndi istənilən vəziyyətdən istifadə edərək həm Rusiyanın, həm də KTMT-nin imicinin korlanması üçün cəhdlər göstərilir.

 

Hesab edirəm ki, Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması da bu səbəbdəndir. Lakin Rusiyanın mövqeyi Zəngəzur dəhlizinin açılmasından, dövlətlərarası sərhədlərin müəyyənləşdirilməsindən yanadır. Ermənistanın hansısa gərginlik yaratmaq cəhdləri nəticə verməyəcək. Azərbaycan da özünün güclü mövqeyindən çıxış edir, təmkin nümayiş etdirir və haqlı maraqlarını qorumaq üçün addımlar atdığını göstərir. Düşünürəm ki, proseslər bizim haqlı maraqlarımıza uyğun cərəyan edəcək.

 

- Paşinyan son açıqlamasında sərhəd məsələsinin həlli ilə bağlı ortada yeni sənəd olduğunu, Azərbaycan tərəfi razılıq verərsə, bu sənədi imzalayacağını söylədi. Eyni zamanda, bildirdi ki, yeni sənəd İrəvanın 100 faiz maraqlarına uyğundur...

 

- İmzalanması gözlənilən sənədin mətni haqqında hələ ki, aydın təsəvvürlər mövcud deyil. Amma Ermənistan mediasında müəyyən iddialar irəli sürülür. Bunun sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı olduğu deyilir. Təbii ki, Paşinyan fərqli mövqe səsləndirə bilməz, deyə bilməz ki, bu sənəd Ermənistanın əleyhinədir. Məsələn, erməni müxalifətçisi Edmon Marukyan da əksini söyləyir, deyir ki, Paşinyan xalqdan gizli yeni bir iş çevirməkdədir. Bilirsiniz, sənədin hər iki tərəfin maraqlarına cavab verməsi üçün kifayət qədər əsas mövcuddur. Sadəcə, Ermənistanın burada özünü normal aparması çox vacibdir. Azərbaycanın da, elə Rusiyanın da mövqeyi ondan ibarətdir ki, SSRİ dövrünün sənədlərinə uyğun olaraq sərhədlər dəqiqləşdirilsin. Burada kiminsə haqqı tapdanmır – nə Azərbaycanın, nə də Ermənistanın. Ermənistan da, Azərbaycan da BMT-yə SSRİ dövrünün həmin sənədləri əsasında qəbul olunub. Bu gün beynəlxalq səviyyədə tanınmış sərhədlərin delimitasiya və demarkasiyası vacibdir. Bu, Ermənistanın əleyhinə deyil. Sadəcə, yenə də deyirəm, məsələni Ermənistandakı siyasi qüvvələr bir-birlərinə qarşı mübarizə alətinə çeviriblər. Kənar təsirlər də Ermənistanıdağıdıcılığa, gərginlik yaratmağa sövq edir.

 

İmzalanması gözlənilən sənədlə bağlı ehtimal ondan ibarətdir ki, SSRİ dövrünün kartoqrafik sənədləri əsas götürüləcək. Digər məsələlər də var – sərhədin coğrafi uyğunluğu və reallıqlar. Bütün bunlar da Azərbaycanın xeyirinədir. Əgər Ermənistan hüquq çərçivəsində davransaydı, bu, onların da xeyirinə olardı. Məsələ burasındadır ki, Ermənistan 30 il işğalçılığı davam etdirərək Azərbaycanın dərinlərinə qədər irəliləmişdi, sərhədlərimizi, ərazilərimizi işğalda saxlayırdı. İndi yeni reallıq var, işğal bitib. Ermənistan isə bu reallıqla barışmaq istəmir. İşğalçılıq təfəkkürü erməniləri tərk etməyib. Belə olan halda, təbii ki, onlar proseslərin ermənilərin zərərinə olduğunu düşünürlər. Amma düşünürəm ki, bütün hallarda Azərbaycan haqlı maraqlarını qoruyacaq, sərhədlərini bərpa edəcək. Bizim məqsədimiz sərhəd mühafizəmizi yerləşdirib, onun funksionallığını təmin etməkdir. Ermənistanın hansı mövqe sərgiləməsi burada hansısa rol oynamayacaq.

 

- Yəqin ki, hələ də işğalda olan Qazağın 7, Naxçıvanın Kərki kəndinin qaytarılması məsələsi də həllini tapacaq...

 

- Təbii ki, Qazağın bu gün də işğalda olan kəndləri var, Naxçıvan istiqamətində də bir kəndimiz işğal altındadır. Əlbəttə, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası həyata keçirilərkən mütləq şəkildə həmin kəndlər azad ediləcək. Bu, birmənalıdır. Bizim işğalda ərazimiz qalmamalıdır. Bir məsələni də qeyd edim ki, bu gün Ermənistanı delimitasiya və demarkasiya ilə bağlı narahat edən başqa faktor da var. Delimitasiya və demarkasiya o anlama gəlir ki, ölkələr qarşılıqlı şəkildə bir-birinin dövlət sərhədlərini tanımalıdır. Belə olan halda Ermənistanın Qarabağla bağlı iddialarında heç bir əsas olmayacaq. Sabah İrəvan əsassız iddia qaldıranda ona deyiləcək ki, “sən Azərbaycanın ərazi bütövlüyünü tanımısan”. Bu baxımdan, Ermənistan istənilən vasitə ilə sərhədlərin dəqiqləşdirilməsini əngəlləməyə çalışır.

 

Amma bunun üçün Ermənistanın heç bir imkanı yoxdur. Sərhədlər dəqiqləşdiriləcək və dünyanın heç bir dövləti beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəqiqləşdirilməsi prosesinə qarşı çıxa bilməz. Çünki bu, həm beynəlxalq hüquqa, həm də BMT Nizamnaməsinə ziddir. Dövlətlərin sərhədləri toxunulmazdır. İstənilən digər hallar dövlətlərin sərhədləri və ərazi bütövlüyü məsələsi üzərində dominantlıq təşkil etmir. Özünün imicinin qeydinə qalan istənilən ölkə Azərbaycanın haqlı mövqeyini dəstəkləməlidir. Bu gün Fransa, ABŞ-dakı müəyyən dairələr sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı fərqli mövqe sərgiləsələr, onlar bunun məntiqini izah edə bilməzlər. Hər kəs bilməlidir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri var və bu sərhədlər üzərində mühafizəmizi yaradırıq. Buna qarşı kimin haqlı iradı ola bilər? Əlbəttə ki, kimsənin!

Müəllif: Anar Bayramoğlu

GÜLSÜM

Dünən, 22:14 Yazarlar