Səfirlik Buxarestdəki diplomatik nümayəndəliyə hücumu "Buçadakı vəziyyət ətrafında yaranmış isterika" ilə əlaqələndirib
Rusiyanın Rumıniyadakı səfirliyi Buxarestdə diplomatik nümayəndəliyin hasarına avtomobilin çırpılması ilə bağlı təfərrüatları açıqlayıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, səfirlik hadisəni qəsd adlandırıb.
“Təəssüflə bildiririk ki, sürücünün motivi nə olursa olsun, şübhəsiz ki, o, bu hərəkəti Buça şəhərində təşkil olunmuş təxribatla əlaqədar anti-Rusiya isteriyasının təsiri altında törədib”, - səfirliyin bəyanatında deyilir.
Diplomatik nümayəndəlik həmçinin uğursuz cəhddən sonra dünyasını dəyişən sürücünün yaxınlarına başsağlığı verib.
Hadisə nəticəsində səfirliyin və Rumıniya hüquq-mühafizə orqanlarının əməkdaşlarından heç kim xəsarət almayıb.
Qeyd edək ki, dünən bir nəfər Rusiyaya etiraz olaraq avtomobilini səfirliyin hasarına çırpıb. Hadisə nəticəsində avtomobil yanıb, sürücü dünyasını dəyişib.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə insidentin baş vermə şəraitinin araşdırılmasını tapşırıb.