PA rəsmisi: "Ukrayna Prezidentini və ölkə rəhbərliyini məhv etmək Rusiyanın xüsusi əməliyyatının əsas, fundamental ssenarisidir"
Rusiyanın indi məqsədi Ukrayna Prezidenti Volodimir Zelenskini məhv etməkdir. AYNA xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak deyib.
Onun sözlərinə görə, söhbət təkcə dövlət başçısından getmir, həm də bütün Ukrayna rəhbərliyindən gedir.
"Bu artıq başa düşülən ssenaridir, Rusiya Federasiyasının xüsusi əməliyyatının əsas, fundamental ssenarisidir. Yeganə məqsəd Kiyevə girib Ukrayna rəhbərliyini, şəxsən Prezident Zelenskini fiziki məhv etməkdir. Xüsusi əməliyyatın məqsədi məhz budur.Ona görə də məhz Kiyevə belə çılğın təzyiqlər var”, - deyə Podolyak vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiyanın diversiya qrupu Ukraynanın paytaxtı Kiyevə girməyi bacarıb. Rəsmi məlumatlara görə, hazırda paytaxtın şimal hissəsində döyüşlər gedir.
Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken dünən bəyan etmişdi ki, Ukraynaya açıq şəkildə soxulmuş Rusiya qoşunları Kiyevi mühasirəyə almaq niyyətindədir və bu, Kremlə Ukrayna hakimiyyətini şantaj etməyə imkan verəcək.