Vyaçeslav Volodin: “İmtiyazları ləğv etmək və onlar üçün artan vergi dərəcəsini tətbiq etmək düzgündür”
Rusiyanı tərk edənlər üçün vergi dərəcələri artırıla və imtiyazları ləğv edilə bilər. AYNA rus mediasına istinadən bildirir ki, bununla bağlı Rusiya Dövlət Dumasında yeni layihə hazırlanır.
Dumanın aşağı palatasının rəhbəri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb ki, ölkəni tərk edənlər hazırda Rusiya şirkətlərində məsafədən işləməklə yanaşı, həm də bütün imtiyazlardan yararlanırlar: “Rusiya Federasiyasını tərk edənlər üçün imtiyazları ləğv etmək və onlar üçün artan vergi dərəcəsini tətbiq etmək düzgündür. Bu, ədalətli olacaq”.
Medianın məlumatına görə, hakim “Vahid Rusiya” Partiyası xaricə gedən rusların müəyyən ixtisaslar üzrə distant işləməsini qadağan edən qanun layihəsi üzərində işləyir. Məhdudiyyətlər informasiya təhlükəsizliyi sahəsində çalışanlara və dövlət üçün vacib olan bir sıra digər sahələrə təsir edə bilər.
Qeyd edək ki, Rusiyadakı hərbi səfərbərlikdən sonra ölkəni çox sayda insan tərk edib. Onların arasında iş adamları, informasiya texnologiyaları mütəxəssisləri, alimlər, həkimlər və musiqiçilərin, əmək qabiliyyətli digər insanların olduğu xüsusi vurğulanır. Rusiya statistika komitəsinin məlumatına görə, ilin birinci yarısında ölkədən miqrasiya edənlərin sayı təxminən 96 min nəfər olub.