2023-cü ildə Rusiyada kadr çatışmazlığı 4,8 milyon nəfər təşkil edib
Rusiyada kadr çatışmazlığı 2022-2023-cü illərdə kəskin şəkildə artıb. Bu ilin sonunda Rusiyada təxminən 4,8 milyon işçi kadr çatışmır. AYNA-nın məlumatına görə, “İzvestiya” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Nikolay Axapkinin araşdırmasında deyilir.
Axapkin “Rosstat” məlumatlarına istinadən qeyd edib ki, 2023-cü ilin ortalarında vakant vəzifələri tutmaq üçün tələb olunan işçilərin sayı əməkhaqqı fondunun 6,8 faizini təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 5,8 faiz təşkil edib.
““Rosstat”ın təqdim etdiyi məlumatları əsasən demək olar ki, 2023-cü ildə işçi çatışmazlığı təxminən 4,8 milyon nəfər olub”, alim bildirib.
“Podrabotka” xidmətinin əməliyyat direktoru Aleksandr Veterkovun verdiyi məlumata görə isə Rusiya şirkətlərinin təxminən 91 faizi kadr çatışmazlığından əziyyət çəkir. Eyni zamanda, kadr çatışmazlığı ən çox istehsal, tikinti və nəqliyyatda müşahidə olunur.
Bundan əvvəl Rusiyanın əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakov tikintidə kadr çatışmazlığının pik həddə çatacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, bu sənayedə əlavə işçilərə ehtiyac yaxın illərdə artacaq və 2026-2027-ci illərdə pik həddə çatacaq.