Rusiya Xarkov sakinlərini qaçmağa məcbur etməyə çalışır -    HESABAT

Dünya

23.04.2024 - 17:53

“Kreml təbliğatı Xarkov sakinlərinin narahatlıqlarından istifadə edir, panika yaratmaq üçün koordinasiyalı məlumat əməliyyatı aparır”

Rusiya Xarkov sakinlərinə qarşı hücumları və məlumatlandırma əməliyyatlarını gücləndirib. AYNA xəbər verir ki, bu barədə ABŞ Tədqiqatlar İnstitutunun gündəlik hesabatında qeyd edilib. Bildirilib ki, Rusiyanın davranışları bu şəhərə mümkün yeni hücum ərəfəsində milyonlarla əhalini şəhəri tərk etməyə və köçməyə məcbur etmək cəhdidir.

İnstitutun analitiklərinin fikrincə, ruslar Ukraynanın məhdud hava hücumundan müdafiə imkanlarından və Ukraynada gərginliyin artmasından istifadə edərək, Amerikanın Ukraynaya yeni hərbi yardımı gələnə qədər yaranmış qısa fürsətdən yararlanmağa çalışırlar.

“Kreml təbliğatı həmçinin Xarkov sakinlərinin Rusiyanın onların şəhərlərinə qarşı mümkün hücumu ilə bağlı narahatlıqlarından istifadə edir və ukraynalılar arasında panika yaratmaq üçün koordinasiyalı məlumat əməliyyatı aparır”, - deyə analitiklər hesabatda qeyd edirlər.

Eyni zamanda, İnstitut analitikləri hesab edirlər ki, Ukrayna ABŞ-dan tez bir zamanda yeni irimiqyaslı hərbi yardım paketi alarsa, Rusiyanın Xarkova qurudan uğurlu hücumu ehtimalı olduqca aşağıdır.

Ukrayna rəsmiləri əvvəllər rus qoşunlarının bu ilin yayında Xarkova qarşı quru əməliyyatına başlaya biləcəyi ssenarini nəzərdən keçirmişdilər. Lakin ​​analitiklər hesab edir ki, Ukrayna qoşunları şəhəri müdafiə etmək üçün lazımi təchizata malik olsalar, rusların şəhəri ələ keçirmək üçün kifayət qədər şansı olmayacaq.

Qeyd edək ki, aprelin 23-ü və həmin günün gecəsi rus qoşunları yenidən Xarkova kütləvi hücuma keçiblər. Hücumlardan biri nəticəsində Xarkov teleqülləsi dağılıb.

Müəllif: Ayna.az