“Rusiya Ukraynaya taktiki nüvə zərbəsi endirə bilər” – PARFYONOV

Dünya

03.03.2022 - 21:16

Ukraynalı analitik: “Artıq dünya Putini necə tərksilah edəcəyini ciddi düşünməli olacaq”

Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin strateji çəkindirmə qüvvələrini, yəni nüvə qüvvələrini xüsusi həyəcan rejiminə keçirmək qərarını açıqlayıb. Rusiyanın nüvə potensialı “soyuq müharibə” başa çatdıqdan sonra təlim manevrləri xaricində belə bir rejimə keçirilməyib.

Bu “xüsusi rejim” nə deməkdir, Ukraynanı və ona bitişik bütün regionu, üstəlik, Rusiyanın özünü necə təhdid edir?

Müstəqil hərbi ekspert Aleksandr Alesinin “Nastoyaşee Vremya” nəşrinə verdiyi açıqlamaya görə, Rusiyanın nüvə qüvvələrinin ən mühüm komponentləri Rusiya ərazisindən keçərək, istənilən patrul nöqtəsindən hədəfə müəyyən bir anda nüvə zərbəsi endirə bilən “Yars” tipli mobil yerüstü raket sistemləridir: “İkinci vacib komponent ballistik nüvə raketləri olan sualtı qayıqlardır ki, onlar da okeanların müəyyən ərazilərində döyüş növbətçiliyi çəkir və ümumiyyətlə, potensial düşmənə zərbə endirmək üçün uyğunlaşdırılıb. Üçüncü komponent bombardmançılar, strateji raket daşıyıcıları olan “Tu-160” və “Tu-95M”-dir ki, onlar 3500 kilometr mənzilli “X-55” qanadlı raketlərini və 5 min kilometrdən çox mənzilli “X-102” raketlərini daşıyır”.

Beləliklə, dəyişən budur: Ukraynada müharibənin başlaması ilə bütün mobil raket sistemləri döyüş patrul marşrutlarına daxil oldu, yəni adi rejimdə onlardan bəziləri dincəlir, texniki xidmət keçir, qalanları növbətçiliyə çıxırdı. İndi bütün “Yars” kompleksləri növbətçilik marşrutları üzrə meşələrə çıxıb, nüvə raketləri olan bütün texniki cəhətdən hazır sualtı qayıqlar döyüş növbətçiliyində okeana daxil olub.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu və” Business Insider”in məlumatına görə, Rusiyada nüvə başlıqlarının ümumi sayı 7 min ədəddir. Açıq mənbələrə görə, Rusiya raket qüvvələrinə 68 R-36MUTTX və R-36M2 (SS-18) ağır raketləri, 72 UR-100NUTTX (SS-19) raketləri, 180 mobil əsaslı RT-2PM (SS-25) raketləri, 50 şaxtadan buraxıla bilən RT-2PM2 (SS-27) raketi və 15 mobil buraxılışa malik RT-2PM2 (SS-27) raketi daxildir.

Nüvə Silahlarının Yayılmaması və Silahsızlanması üzrə Beynəlxalq Komissiyanın (ICNND) məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var.

Deməli, fərz etsək ki, Putin öz çılğınlığı ilə Ukraynaya nüvə silahı ilə zərbə endirmək (Allah qorusun!) qərarına gəlir. O zaman yuxarıda qeyd olunanlar arasında elə raketlər varmı ki, Putin nəticənin qonşu ölkələrə və Rusiyanın özünə təsir etməyəcəyinə ümid edirək, Ukraynanın iri şəhərlərini vursun? Bu cür zərbələr Ukrayna üçün hansı fiziki və ekoloji nəticələrə səbəb ola bilər?

Mövzunu AYNA-ya ukraynalı siyasi analitik, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik Departamentinin rəhbəri Qleb Parfyonov şərh edib:

“Birinci və ən əsası odur ki, Rusiya artıq icazə verilən hədləri tamamilə keçib. Çerniqov, Axtırka, Xarkovda mülki əhalinin atəşə tutulması bunu sübut edir. Baş verənlər artıq bir sıra müharibə cinayətləri işlərinin açılmasını öz arxasınca sürükləyir. Son atəşlər göstərir ki, hətta qeyri-nüvə silahları da humanitar və ekoloji fəlakətə səbəb olmaq üçün kifayətdir. Hər gün və hər gecə Ukrayna şəhərləri atəşə tutulur.

Təəssüf ki, bu halda belə, nüvə silahından istifadə etmək imkanının reallığından imtina edilmir. Nəzərə alaq ki, Putin dəfələrlə belə təhdidlər edib. Ona görə də həqiqətən nüvə silahının istifadəsindən qorxmağa dəyər.

Nüvə silahlarının hədəfə çatdırılmasına gəlincə, əgər Ukraynadan danışırıqsa, bu, “İsgəndər” sistemindən buraxılan raketlər olacaq. Və bu, taktiki nüvə zərbəsi olacaq. Yəqin ki, heç bir şəkildə irəliləyiş əldə etmək mümkün olmayan yerlərə endiriləcək. Zərbə üçün böyük daşıyıcıların istifadəsi çox güman ki, mümkün deyil.

Fikrimcə, bütün bunlar Qərbin potensial addımlarına münasibətdə qorxuducu amildir. Ancaq eyni zamanda, Rusiyanın törətdiyi hərbi cinayətləri görərək, həqiqətən də zərbə ehtimalını inkar etməməliyik. Üstəlik, onlar artıq Çernobıl və Zaporijets AES-lərini çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə vuracaqları ilə hədələyiblər ki, bu da müharibə cinayətidir.

Bütün bunların potensial nəticələri haqqında danışmaq qorxuludur, hətta yalnız mümkün insan tələfatlarından danışsaq belə. Bir anda yüz minlərlə yox, milyonlarla insan yox olacaq. Bu şəhərlər yaşamaq üçün əlverişli yer olmaqdan çıxacaq. Zənnimcə, zərbə və ya ona cəhd nəticəsində bütün dünya ictimaiyyəti Rusiyanı necə tərksilah edəcəyini ciddi düşünməli olacaq”.

Müəllif: Rauf Orucov