Viktor Çiobanu: “Çoxlu sayda təyyarənin hərəkəti həm Ukrayna Silahlı Qüvvələri, həm də NATO tərəfindən aşkar ediləcək”
Vitali Andriyevski: “Heç Dnestryanı böləgsinin rəhbərliyi Rusiyanın qələbəsinə inanmır”
Rusiya Federasiyasının qoşunları Cənubi Buj istiqamətində hücum təşkil etmək üçün tanınmamış Dnestryanı ərazisindən istifadə edə bilər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, işğalçılar tanınmamış Dnestryanı ərazisindən Cənubi Buj istiqamətində - Odessa və Nikolayev bölgəsinə hücum təşkil etmək üçün istifadə edə bilərlər.
“Tiraspol aerodromunun Rusiya aviasiyasını qəbul etmək üçün hazırlanması belə planlara sübutdur. Düşmən Yujnobuqski istiqamətində taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır. Bu istiqamətdə hücum əməliyyatını dəstəkləmək üçün separatçı “Pridnestroviya-Moldova Respublikası”nın ərazisindən istifadə etməsi istisna edilmir. Tiraspol aerodromunda təyyarələrin qəbulu üçün hazırlıq işləri görülür”, - deyə məlumatda bildirilir.
Belə bir ssenarinin baş tutma ehtimalı nə qədərdir? Belə çıxır ki, Moldova səması Rusiya hərbi aviasiyası üçün əlçatandır? Hesabata əsasən, Moskva xeyli sayda canlı qüvvə və texnikanın Dnestryanı əraziyə enməsini təşkil edə, oradan isə onları Ukraynanın Odessa vilayətinə köçürə bilər. Kişinyov bu cür planların qarşısını hansısa yolla ala bilirmi?
AYNA mövzunu tanınmış moldovalı ekspertlərlə müzakirə edib.
Siyasi şərhçi Viktor Çiobanu:
“Hələlik Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilənlər Kişinyovun rəsmi şərhlərində öz təsdiqini tapmayıb. Amma, hələlik. “Müdafiə Nazirliyi belə bir məlumatın olmadığını bildirir. Qeyd edək ki, Milli Ordu Moldova Respublikasının hava məkanına nəzarət edir”, - deyə bizim Müdafiə Nazirliyimizin mətbuat xidmətinin cavabında deyilir.
Prezident Maya Sandu da Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Tiraspol hava limanının Rusiya təyyarələrini qəbul etməyə hazırlaşacağı ilə bağlı açıqlamalarına münasibət bildirib. Dövlət başçısının sözlərinə görə, bu açıqlamanı təsdiqləyən heç bir məlumat yoxdur və hava limanının ərazisində aparılacaq işlər başqa illərdə də, eyni dövrdə həyata keçirilib.
“Bizim qurumların məlumatına görə, bu aerodromda işlər hər il yaz aylarında aparılır. Bu yazda görülən işlərin ötənilkindən fərqləndiyini söyləmək çətindir. Hazırda bizim qurumlar və tərəfdaşlarımız bu aerodromdan Rusiya təyyarələrinin qanunsuz istifadəsinə hazırlıq barədə məlumatlara malik deyil. Bu, o demək deyil ki, heç bir risk yoxdur. Biz vəziyyəti izləməyə davam edirik”, - deyə Sandu bildirib.
Odessaya hücumun təşkili üçün Dnestryanıya canlı qüvvə və texnikanın ötürülməsi məsələsinə gəlincə, nəzəri olaraq belə bir ehtimal mövcuddur. Eləcə də Tiraspol aerodromunun Rusiya aviasiyasının bazası üçün istifadəsi də realdır. Ancaq eyni zamanda suala aydın cavab yoxdur: ora necə gedə bilərlər? Açığı, bunun üçün quru və ya dəniz yolları yoxdur. Hava körpüsü qalıb və bu, logistika baxımından kifayət qədər mürəkkəb əməliyyatdır. Və çoxlu sayda təyyarənin hərəkəti həm Ukrayna Silahlı Qüvvələri, həm də NATO tərəfindən aşkar ediləcək.
Ukraynaya hava hücumundan müdafiə sistemləri verilərkən (bu cür tədarüklərin artıq başlandığını istisna etmək olmaz) belə bir əməliyyat uğursuzluğa məhkum olacaq. İndiyədək Ukrayna Silahlı Qüvvələri Rusiya təyyarələrini kifayət qədər effektiv şəkildə vurub. Odessaya hücum üçün aviasiyanı Tiraspolda yerləşdurmək qətiyyən məntiqli deyil - Krımdan uçuş məsafəsi elə Tiraspolla eynidir. Görünür, buna görə də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında Cənub-Buj istiqamətinə istinad edilir”.
Tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevski:
“Rusiya ordusu Dnestryanıdan Ukraynaya soxulmaq istəyir, amma bacarmır. Hələlik bacarmır. Rusiya Moldovada hərbi kontingentini saxlayaraq, bir neçə problemi həll etdi:
- Birincisi, Dnestryanı hakimiyyət orqanlarına, o cümlədən bu bölgənin ordusuna nəzarət;
- İkincisi, Moldova üçün potensial təhlükənin qorunub saxlanması;
- Üçüncüsü, Ukrayna üçün potensial təhlükə.
Bu gün 3 nömrəli roblem əsas prioritetə çevirilib. Bu ordunun malik olduğu formada və texniki təchizatla Ukrayna üçün real təhlükə yaratmır. Lakin Odessaya eniş zamanı hərbi birləşmələrin bir hissəsini yayındıra bilər. Bundan əlavə, Tiraspol hərbi aerodromuna enə bilən desant qüvvələri üçün köməkçi qüvvəyə çevrilə bilər. Lakin bu, çətin işdir, çünki təyyarələr Ukrayna ərazisi üzərində uçmalıdır və Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsinin onları yerə endirməyəcəyi fakt deyil.
Nəticə. Rusiyanın Dnestryanını cəlb edərək hərbi hadisələrin gedişatına təsir etmək istəyi var, lakin hələlik imkanlar yoxdur.
Və daha bir məqam. Göründüyü kimi, Dnestryanı hakimiyyəti” Rusiyanın Ukrayna ilə müharibədə qələbə çalacağına inanmır. Onlar Rusiya tərəfində hərbi əməliyyatlara qatılmaq istəmirlər. Hərbçilər arasında döyüşməyə xüsusi həvəs yoxdur. Onların böyük əksəriyyəti Dnestryanıdandır və Rusiya təbliğatına o qədər də aldanmayıb. Onların özləri, valideynləri tez-tez Ukraynaya səfər edirlər və bilirlər ki, orada nasistlər yoxdur. Və deməli, onların Kreml təbliğatçılarının uydurduğu bəzi miflər uğrunda mübarizə aparmaq üçün motivləri yoxdur.
Bəli, Moldova (Dnestryanı) ilə sərhəddə öz ölkələrinin sərhədlərini qorumaq məcburiyyətində qalan Ukrayna ordusunun hansısa hissəsini diqqətdən yayındırmaq üçün hücum ehtimalını simulyasiya edə bilirlər, lakin böyük bir işə hazır deyillər. Amma Rusiyanın xeyrinə nəzərəçarpacaq dönüş olsa və mənim az inandığım Odessaya real hücum olarsa, o zaman Dnestryanıdakı rus qüvvələrinin hərbi əməliyyatlara cəlb olunması mümkündür. Ukrayna isə bunu nəzərə almağa məcburdur.
Bu problemlə bağlı ən çətini odur ki, Moldovanın bu halda necə davranacağı hələ bəlli deyil. O, baş verənləri “görməyəcək” və ya Ukraynanın tərəfində hərbi iştirak edəcək? Bu suala cavabım yoxdur”.