Rusiya-Ukrayna müharibəsi “qırmızı xətləri” keçir: sırada nələr var, nələr...

Aktual

20.10.2022 - 10:15

Türkiyəli politoloq: “Görünən odur ki, tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil”

Azərbaycanlı politoloq: “Qərb Rusiyanı əvvəlcə bədnam çıxaracaq, ardınca diz çökdürəcək”

NATO Ukraynaya yeni hərbi yardımın, o cümlədən ağır silahların və uzaqvuran artilleriyanın ayrılacağını açıqlayıb. Alyansın Baş katibi Yens Stoltenberq deyib ki, NATO Ukrayna ordusunun sovet silahlarından Alyansın silahlarına tam keçidi planını hazırlayır: “Ukrayna bu müharibədə qalib gəlməlidir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin bu kritik anında NATO müttəfiqləri, hava hücumundan müdafiə sistemi də daxil olmaqla, Ukraynaya dəstəyini artırır. Ukraynanın qalib gəlməsi üçün nə lazımdırsa, edəcəyik”.

Bu arada Ukrayna Ali Radası Çeçenistanın müstəqilliyini tanıyan qərar çıxarıb. Qərarda Çeçenistan-İçkeriya Respublikası Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş kimi tanınıb və çeçen xalqının soyqırımı pislənilib. 287 deputat “Ukrayna Ali Radasının Çeçenistan-İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş kimi tanınması və çeçen xalqının soyqırımının pislənməsi haqqında bəyanatı haqqında” qərarın lehinə səs verib. Bəyanatda bildirilir ki, Ali Rada Rusiya Federasiyasının Çeçenistan-İçkeriya Respublikasına qarşı Birinci (1994-1996) və İkinci (1999-2009) müharibələri zamanı törətdiyi beynəlxalq cinayətləri, çeçen xalqına qarşı soyqırımı siyasətini pisləyir.

Prezident Volodimir Zelenski isə vurğulayıb ki, mövcud şəraitdə Rusiya ilə diplomatik münasibət mümkün deyil: “İndi Rusiyanın vəhşicəsinə atəşə tutması və insanların öldürülməsi səbəbindən diplomatik təcrid olunması mühüm təzyiq vasitəsidir. Aparıcı Avropa dövlətləri və dünya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib Rusiyanı təcrid etdiyi, bəzi dövlətlərin isə heç nə olmamış kimi danışmağa davam etməyi təklif etməsi qəbuledilməz haldır. Silahlar işləməsə, əlbəttə, diplomatiya ən güclü vasitədir. Bu gün Rusiya ilə diplomatiya ola bilməz”.

Göründüyü kimi, Rusiya-Ukrayna müharibəsi “qırmızı cizgiləri” keçir və tərəflər bir-birinə qarşı ən sərt formada mübarizəsini davam etdirir. ABŞ və Qərbin Ukraynaya dəstəyi, Rusiyaya qarşı isə embarqoları artırması fonunda “nüvə ritorikası” və Üçüncü Dünya müharibəsinin başlanması ilə bağlı müzakirələr artıb.

Bəs, görəsən, qarşıda bizi hansı “süprizlər” gözləyir?

Türkiyəli siyasi şərhçi Ali Rıza Taşdelen AYNA-ya açıqlamasında söyləyib ki, NATO-nun öz ətrafında halqa daralır: “Köhnə qitənin NATO-ya üzv ölkələri ABŞ-ın ardınca gedərək, Atlantik cəbhəsində iştirak edir. Lakin bu məsələdə Avropada ciddi fikir ayrılıları mövcuddur. Heç də bütün Avropa ölkələri ABŞ-ın ardınca eyni dərəcədə və intensivliklə getmir. Alyans həmişə öz daxilində fikir ayrılıqları yaşayıb. Bu gün də belədir. Məsələn, vaxtilə Fransa NATO-nu öz ölkəsindən çıxarıb. Almaniya Fransadan fərqli olaraq Liviya hücumunda iştirak etməyib, eyni zamanda Suriya böhranında, hətta Rusiya və Çinə, dolayısıyla Avrasiyaya qarşı ehtiyatlı mövqe nümayiş etdirib. Bu iki ölkənin Rusiya ilə münasibətlərində də eniş-yoxuşlar olub. Macarıstan Orbanla Rusiyaya dostluq xətti tutub. Nəhayət, buna Meloninin İtaliyası da əlavə olunub”.

“Nümunələri çoxalda bilərik. Sarkozinin iqtidara gəlişi ilə Fransa 43 ildən sonra NATO-ya qayıtsa da, bu gün də bu qurumu tərk etməsi müzakirə mövzusudur. Artıq Avropasız NATO formalaşmaq üzrədir və Stoltenberqin son açıqlaması Şimali Atlantika Müqaviləsi Təşkilatının mövqeyini bərpa etməkdən qaynaqlanır”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, artıq Avropada başa düşməyə başlayıblar ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar onların özlərini zərbə altına qoyur: “Hətta bu müharibənin onların ərazisinə sıçrayacağından narahatdırlar. Rusiyanı alçaltmadan sülhə gedilməsinin zəruriliyini bəyan edənlər də var. Bütün hallarda müharibə tam şiddəti ilə davam edir. Görünən odur ki, tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil. Qərbin Rusiyaya qarşı artan təzyiq siyasəti də məhz bundan qaynaqlanır”.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin “Rusiya ilə diplomatik münasibətlər mümkün deyil” açıqlaması, Ukrayna Ali Radasının Çeçenistanın müstəqilliyini tanıması - bütün bunlar bir daha göstərir ki, böyük itkilərə məruz qalan Ukrayna da geri çəkilmək fikrində deyil. Qərb isə Ukraynanı bu prosesdə tək buraxa bilməz. Lakin vəziyyət NATO Baş katibinin söylədiyi kimi də deyil. Onlar nəzəri olaraq böyük vədlər versələr də, Ukraynaya real dəstəkləri adekvat deyil”, - deyə Taşdelen vurğulayıb.

Azərbaycanlı politoloq Zərdüşt Əlizadə isə AYNA-ya şərhində Rusiyanın artıq tükənmək üzrə olduğunu deyib: “Putin elə bir siyasətçidir ki, yalnız hərb meydanında məğlubiyyətlər onu danışıqlar masasına əyləşdirəcək. Görünən odur ki, ABŞ və Qərb Ukraynanın timsalında Rusiyanı diz çökdürməyə doğru inamla addımlayır. Düzdür, inzibati resurslar və digər yollarla Putin ölkəsini ayaqda saxlamağa çalışır. Lakin bəlli həqiqətdir ki, uzun müddət buna nail ola bilməyəcək”.

“Qərb bu prosesi iki mərhələdə aparacaq: Birinci növbədə Rusiyanı bədnam edəcək, ardınca isə diz çökdürəcək. Nə qədər gizlətsələr də, Rusiyanın sənayesi və iqtisadiyyatı çökür. Bunun nə qədər qarşısını ala biləcəklər ki?! Qərb yekunda öz istəyinə nail olacaq”, - deyə analitik bildirib.

Əlizadə xatırladıb ki, hərbi təcavüz yeni başlayanda ruslar narahat deyildilər: “Lakin səfərbərlik elan olunandan sonra əhalidə təşviş yaranmağa başladı. Artıq Rusiyadan böyük köç başlayıb. Bu, o deməkdir ki, artıq ruslar da öz ölkələrinin gələcəyini görmürlər. Başa düşürlər ki, Putin rejimi onları məhvə aparacaq. Bu da bir mərhələdir və bundan sonra növbəti təlatümlər gələcək. Rusiyanın imkanı olsaydı, geri çəkilərdi. Lakin bu, artıq mümkün deyil. Ona görə mümkün deyil ki, heç bir ciddi nəticə əldə etməyiblər. Ukrayna isə üstünlük qazanır. Belə bir vəziyyətdə Putin geri çəkilə bilməz. Bu, onun üçün intihar demək olardı. Müharibə davam edəcək və yekunda Ukraynanın qələbəsi ilə başa çatacaq”.

Müəllif: Azər Niftiyev