Rusiya - Qərb toqquşması bizim “başımızda çatlayır”: rəflər boş, qiymətlər “ərşdə”

Cəmiyyət

27.07.2022 - 14:19

İlin-günün bu vaxtında kənd təsərrüfatı məhsullarının qəhətə çıxması və bahalaşma yerli sakinləri şoka salıb

Rubl dollar qarşısında möhkəmlənir. Buna paralel olaraq, bizim bazarların, adətən, mövsümün ortalarında, sözün əsl mənasında, yerli kənd təsərrüfatı məhsullarının axını ilə partlayan rəfləri boşalır və yüksək qiymətlərlər əl yandırır.

Bakıdakı rəflərin boşalması ilə möhkəmlənən Rusiya valyutası arasında birbaşa əlaqə var. Ticarətçilərin sözlərinə görə, indi yerli sahibkarlar üçün qonşu ölkəyə meyvə-tərəvəz ixrac etmək çox sərfəli olub. Ona görə də artan valyuta gəlirləri hesabına Azərbaycan fermerlərinin məhsulu şimala axır və əhali görünməmiş yüksək qiymətlərlə cüzi balansla kifayətlənir.

Qərbin genişmiqyaslı sanksiyalarına baxmayaraq, karbohidrogen ixracının qiymətlərinin sürətlə artması və Rusiya hökumətinin kapitalın xaricə çıxarılmasının qarşısını almaq üçün aktiv tədbirləri nəticəsində Rusiya valyutasının dəyəri artır. Bu il rubl heyrətamiz bir dönüş edərək dünyanın ən güclü valyutalarından birinə çevrildi - Ukraynada müharibə başlayandan bəri dollara nisbətdə 45%-ə qədər möhkəmləndi.

Bu vəziyyətdə yerli məhsulun qonşu ölkənin bazarlarına çıxarılmasının sərfəli olduğunu deməyə ehtiyac yoxdur: rublu dollara və manata çevirərkən ixracatçıların qazancı artır. Ancaq eyni şeyi yerli alıcılarımız haqqında demək olmaz.

Mövsümi meyvə-tərəvəzin qiyməti əhalini şoka salıb. AYNA-ya danışan alıcılar iddia edirlər ki, onların xərcləri bir neçə dəfə artıb və hətta bazara birdəfəlik səfər ailə büdcəsinin əhəmiyyətli hissəsini tutur.

“8-ci kilometr” bazarında bir qadın deyir: “Demək olar ki, heç nə almadım, amma çox pul xərclədim. Harada görünüb ki, yayın ortasında pomidor iki manata satılsın?” Amma bu məbləğə də qalıqları və bir az xırda-mırdaları satırlar. Əvvəllər, bu zaman mən onları qışa bağlamaq üçün alırdım, amma indi yemək üçün belə, ala bilməzsən - çox bahadır”.

“Soğana yaxınlaşa bilməzsən - orta hesabla kilosu manat yarımdır. Kartof da bir manatdan yüksəkdir. Meyvələri demirəm - albalı peyda oldu və dərhal piştaxtalardan itdi, ərik altı manata qalxdı. Və bütün bnlar mövsüm vaxtı baş verir! Qarpız və bostan bitkilərinin də kiloqramı 40-80 qəpiyə qalxıb”, - deyə alıcı qadın gileylənir.

Alıcılar təkcə qiymətlərin həddindən artıq bahalaşmasından deyil, həm də nəzərəçarpacaq dərəcədə qıtlıqdan şikayətlənirlər. Başqa bir həmsöhbətimiz danışır: “Əvvəllər yayda hər şey çox idi. İndi piştaxtaların yarısı boşdur. Görünüşü artıq adamı dilxor edir. Yarıboş rəflər bunun canlı sübutudur. Pomidorlara yalnız ara-sıra yerlərdə rast gəlinir. Satıcılarda qiymətlərin əlçatmaz olmasının səbəblərini soruşduqda isə, “topdan satıcıdan özüm 1.70-ə almışam” deyə cavab verirlər. Hər şey demək olar ki, Rusiyaya ixrac olunur, ona görə də qiymətlər yüksəkdir”.

Eyni sözləri digər kənd təsərrüfatı məhsullarının satıcıları da deyirlər. Məlum olub ki, Rusiya və Türkiyəyə kütləvi ixraca görə soğan bahalaşıb, eyni aqibət kartofun da başına gəlib və s. Bütün bu hekayədə ən maraqlısı odur ki, martın ortalarında hökumətimiz azərbaycanlıların minimum “həyat səbəti”nin mallarının ixracına birbaşa aid olan qərar qəbul edib. Bu qaydaya riayət etməklə məhsulun ixracı üçün İqtisadiyyat Nazirliyinin müsbət rəyi tələb olunur və bu, mövcud ərzaq ehtiyatlarına əsaslanır.

Bir sözlə, sahibkarların yığdıqları məhsulu hansı əsaslarla, üstəlik, yerli rəflərin boşalmasına və qiymətlərin görünməmiş bahalaşmasına səbəb olan miqdarda ixracına necə icazə alması bəlli deyil. Göründüyü kimi, ölkədən ərzaq ixracı nəinki azalmadı, əksinə görünməmiş miqyas aldı. Lakin ixracın məhdudlaşdırılması qərarı elə ərzaq inflyasiyasını saxlamaq və daxili bazarı amansız artan qiymətlərdən qorumaq üçün qəbul edilmişdi.

Hazırkı şəraitdə yerli istehlakçılar yalnız rublun ucuzlaşmasına ümid edə bilərlər, lakin bu vəziyyət də rahatlıq gətirməyəcək. İqtisadçıların fikrincə, rublu əhəmiyyətli dərəcədə zəiflədə biləcək ən ciddi amillərdən biri qlobal iqtisadiyyatda tənəzzül riskidir. Burada hər şey sadədir: qlobal iqtisadiyyatda tənəzzül şəraitində neft, qaz və digər əmtəələrin qiymətləri düşəcək, rubl yüksək ixrac gəlirləri şəklində dəstəyini itirəcək və dollar qarşısında zəifləyəcək. Amma belə proseslərin gedişində manatın da bəxti gətirməyəcək.

Axı, bizim valyutamız da rubl kimi karbohidrogen xammalının ixracından əldə olunan gəlirlərə möhkəm bağlıdır. Qlobal inflyasiya kontekstində devalvasiya riskləri isə eyni səbəbdən - qiymət artımının yeni dalğası səbəindən arzuolunmazdır.

Müəllif: Tanya Samsonova