Ona “bata bilməzlər”, axı məmurdur...

Cəmiyyət

22.11.2019 - 19:15

Jurnalistlərin sorğularına cavab verməkdən imtina edən vəzifəli şəxslər üçün məsuliyyət nəzərdə tutulur

 

Yerli KİV-lərin məlumatına görə, 19 noyabr 2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsi 7gun.az saytının redaktoru Cavid Şirəliyevin Ağsu Rayon İcra Hakimiyyətinə (RİH) qarşı qaldırdığı iddianı təmin edib. İddia rayon rəhbərliyinin uşaq bağçaları və körpələr evinin təchizatı ilə bağlı jurnalistin məlumat sorğusuna cavab verməkdən imtina etməsi ilə əlaqədar qaldırılmışdı.

 

Xüsusilə, jurnalist uşaq bağçalarının sayı, bağçada olan uşaqların sayı və bu müəssisələrin işçi heyəti, məktəbəqədər müəssisələrdə verilən yemək növləri və normaları, təmirə ayrılan vəsait və s. kimi sualların cavablandırılmasını istəyib. Onun sorğusu uşaq bağçalarında məhsul oğurluğu və uşaqların sayının süni şəkildə artıq göstərilməsi, rayonda tender saxtakarlığı ilə bağlı əldə olunan məlumatlarla əlaqəli olub.

 

Ağsu RİH başçısının köməkçisi Vüqar Atakişiyev AYNA-ya verdiyi məlumata görə, Cavid Şirəliyevin İcra Hakimiyyətinə ünvanlandığı soğru cavabsız qala bilməzdi: “Ola bilər ki, bu suallar bizə gəlib çatmayıb. Yaxud da sualların bizə gəlib çatmasında gecikmə olub”.

 

Ağsu RİH başçısının müavini Üzeyir Əzizov isə əməkdaşımıza açıqlamasında deyib ki, onda  7gun.az saytının redaktorunun tələbi ilə bağlı heç bir məlumat yoxdur: “Ancaq qeyd etmək istəyirəm ki, Ağsu ərazisində yerləşən uşaq bağçalarında heç bir mənimsəmə ola bilməz”.

 

Qanunvericilik jurnalistlərin sorğularına cavab verməkdən imtina edən dövlət qurumları ilə, məmurlarla bağlı nə deyir. AYNA-nın bu haqda sualını cavablandıran Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin sözlərinə görə, “Məlumat azadlığı haqqında” Qanunda jurnalistlərin hansı suallarına cavab verilməli və hansı müddət ərzində cavablandırılmalı olduğu aydın şəkildə göstərilir: “Amma jurnalistin istəyini cavablandırmaqdan imtina edən bir məmurun məsuliyyətə cəlb olunacağı barədə heç bir məlumatım yoxdur”.

 

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə AYNA-ya deyib ki, İnzibati Xətalar Məcəlləsində jurnalistlərin sorğularına cavab verməkdən imtina edən vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulur: “Lakin vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmaq üçün 7gun.az saytının redaktoru Cavid Şirəliyev, onun sorğusuna cavab verməkdən imtina edən qurumu məhkəməyə verməli oldu”.

Müəllif: Rəşad Rüstəmov