“Rusiya Müdafiə Nazirliyi erməni dilində danışır”

Siyasət

05.12.2022 - 10:19

Ədalət Verdiyev: “Sülhməramlılar gərginliyin yaranmasında maraqlıdırlar”

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyətindən Azərbaycan tərəfinin narazılığı artmaqdadır. Xüsusilə, son 10 gündə Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə toponimlərlə bağlı 8 müraciət ünvanlayıb. Müraciətlərdə Azərbaycan toponimlərinin düzgün yazılması tələb olunur. Nazirlik təəssüf hissi ilə bildirir ki, müraciətlərə Rusiya Müdafiə Nazirliyi etinasız yanaşır.

Sülhməramlı kontingentin fəaliyyətindən başqa narazılıq isə Azərbaycan ərazilərinə terrorçuların keçməsinə, silah-sursat daşınmasına göz yummaqları, əksinə, erməni silahlı-terrorçularına himayədarlıq etmələridir.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev deyib ki, sülhməramlı adlandırılan kontingentin son aylardakı fəaliyyətinə nəzər salsaq, burada ciddi problemlərin olduğunu görə bilərik:

- Mövcud olan problemlər, məsələlər bizi dərindən narahat etməlidir və edir. Birincisi, biz əvvəl Laçın dəhlizini, sonra isə yeni salınan Laçın yolunu sülhməramlıların nəzarətinə ona görə verdik ki, Qarabağdakı ermənilər humanitar məqsədlər üçün istifadə edə bilsinlər. Amma ermənilər bundan humanitar yox, hərbi məqsədlər üçün istifadə edirlər, sülhməramlı kontingent isə buna göz yumur. Təsəvvür edin, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə 2021-ci il istehsalı olan minalar aşkarlanır. Maraqlı məqam ondan ibarətdir ki, biz sülhməramlı kontingentin komandanı Volkovu, Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyini Sarıbabaya dəvət etdik, yüksəklikdə ermənilərin basdırdığı, 2021-ci il istehsalı olan minalarla tanış etdik. Bundan sonra nə Rusiya Müdafiə Nazirliyi, nə də sülhməramlı kontingent açıqlama verdi ki, 2021-ci ildə Ermənistanda istehsal eilən mina azad ərazilərə necə yerləşdirilib, hansı yolla yerləşdirilib.

- Əksinə, sülhməramlı kontingentin rəhbərliyi bildirdi ki, bunlardan xəbərləri yoxdur...

- Bu, yumşaq desəm, həyasızlıqdır. Bunun başqa adı yoxdur. Sual olunur: əgər sənin minalanmadan, bu hərbi fəaliyyətdən xəbərin yoxdursa, o zaman ərazidə nə gəzirsən?!

Daha bir məqam isə silah-sursatın, hərbi texnikanın Qarabağa daşınmasıdır. Bunun sonu nə ilə nəticələnəcək, sülhməramlı kontingent anlamır? Təbii ki, anlayırlar. Deməli, acınacaqlı vəziyyətin, gərginliyin yaranmasında maraqlıdırlar. Qarabağa silah-sursat, hərbi texnika daşınması eskalasiya riskini artırır. Üçtərəfli Birgə Bəyanata əsasən, əslində separatçılar tərksilah edilməli, Qarabağdakı silah-sursat yığılmalı, hərbi texnika çıxarılmalı idi. Bu gün biz tamam əksini müşahidə edirik. Bu qədər silah Qarabağa niyə yığılır? Təbii ki, Azərbaycana qarşı istifadə edilməsi üçün. Buna Azərbaycan göz yummayacaq.

- Sülhməramlı kontingentin nəzarətindəki ərazilərdən erməni separatçıları artıq Azərbaycan Ordusunun mövqelərini atəışə tuturlar...

- Dediyim kimi, Qarabağa silah-sursat daşındığı vaxtdan sonra mövqelərimiz dəfələrlə atəşə tutulub. Özü də bu atəşkəs pozuntusu planlı şəkildə həyata keçirilir. Demək olmaz ki, hansısa erməni əsgər qorxdu, yaxud içib 3-5 dəqiqə atəş açıb. Məqsədyönlü şəkildə atəş açılır. Təsəvvür edin, atəşkəs Şuşa istiqamətində pozulur. Sülhməramlılar bunun qarşısını almalıdırlar, əks halda, Azərbaycan qarşısını almağın yolunu bilir.

- Sülhməramlılara bunun qarşısını alması üçün Azərbaycanın çağırışları, bəyanatları yetərlidirmi?

- Düşünmürəm ki, yetərlidir. Təsirli vasitələrdən istifadə edilməlidir. Hələ sülhməramlılar ərazilərimizə yeni gələn vaxt neqativliklər var idi. O zaman general Rüstəm Muradov idi kontingentin komandanı. Meyitlərin, əsirlərin dəyişdirilməsi prosesi zamanı da sülhməramlıların xoş olmayan addımları mövcud idi. Mən o zaman təklif vermişdim ki, kontingentin rəhbərliyi, şəxsi heyəti tez-tez dəyişdirilsin. Sülhməramlıların neytrallığının vacib şərtlərindən biri altı aydan bir kontingentin dəyişdirilməsidir. Azərbaycan bunu tələb etməlidir. Bu, dünya praktikasında da belədir. Təkcə rəhbərlik yox, bütün heyət dəyişməlidir. Rəhbərliyi dəyişməklə neytrallıq yaranmır. Çünki yerlərdə olan zabitlər yerli əhali ilə cici-bacı oyunu oynayırlar. Bununla bağlı videolar mövcuddur. Laçın dəhlizindəki məntəqədə sülhməramlı əsgərlərin erməni qızları ilə necə sövdələşdiklərinin, məntəqələrdə hansı hoqqalardan çıxdıqlarının sübutları olan çəkilişlər var.

Yenə deyirəm, beynəlxalq təcrübədə bu hal var. İnsan biləndə ki, oraya 6 aylıq xidmətə gəlib, köklü yerləşə bilmir. Əməllərindən ehtiyat edir, yerli əhali ilə yaxın münasibət qura bilmir. Ümumiyyətlə, general Volkovun Azərbaycana qarşı bir antipatiyası da var.

- Bu antipatiyanın səbəbi nədir?

- Yadınızdadırsa, müharibədən sonra Azərbaycan Ordusu Hadrut istiqamətində 62 erməni silahlısını əsir götürmüşdü. Onların əksəriyyəti Şirak vilayətindən olan terrorçular idi. Həmin zaman Volkov sülhməramlı kontingentin komandanının müavini idi. Gəlmişdi ki, həmin terrorçuları geri alsın. O zaman bizim zabitlərimiz bir az sərt formada  Volkovu başa saldılar ki, həddi aşmasın. Bundan sonra rus generalın Azərbaycana qarşı qıcığı var və bu antipatiya davam etməkdədir.

Daha bir məqam: Norayr Mirzoyan qumbara partlatmışdı, iki əsgərimiz xəsarət almışdı. Həmin terrorçunu da Volkov bizə yox, separatçılara təhvil verdi. Bir məqam da Volkovun artıq Qarabağda biznes işləri görməsidir. Daha doğrusu, rus general təsərrüfat biznesi ilə məşğuldur, Əsgəran istiqamətində üzüm bağlarına nəzarət edir, gəlir götürür.

- Rusiya Müdafiə Nazirliyi bu günlərdə məlumat yaydı ki, Azərbaycan atəşi pozub, iki nəfər yaralanıb və s. Düzdür, Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib etdi, amma maraqlıdır, Rusiya bir dəfə də olsun ermənilərin atəş açdığını qeyd etmir...

- Rusiya Müdafiə Nazirliyi erməni dilində danışır. Erməni yazır ki, “atəşkəs pozulub”, üstündən beş dəqiqə keçməmiş Rusiya Müdafiə Nazirliyi sülhməramlılara istinadla həmin məlumatı eyni formada dərc edir. Ərazidə 30 məntəqə var, 500 kilometrlik perimetrdir. Sual olunur: siz necə müəyyən etdiniz ki, atəşi Azərbaycan əsgəri açıb? Maraqlıdır ki, heç bir araşdırma aparılmadan dərhal Azərbaycan tərəfi günahlandırılır. Daha bir sual yaranır: əgər biz atəş açmışıqsa, kimə qarşı açmışıq? Açıqlamalarından görünür ki, erməni terrorçu-silahlılarına qarşı atəş açmışıq. Deməli, erməni silahlılarının orada qaldığını Rusiya Müdafiə Nazirliyi dolayısı ilə təsdiqləyir. Başqa sözlə, Rusiya boynuna alır ki, 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Hesab edirəm ki, biz bu məsələlərə bir qədər fərqli aspektdən yanaşmalıyıq. Cənab Prezident İlham Əliyev də deyib ki, Azərbaycanın səbri sonsuz deyil. Sülhməramlıların Qarabağda olma müddətinin beş ilindən iki ili gedib. İki il yarımdan sonra biz sülhməramlıların çıxarılması ilə bağlı qərara hazırlaşmalıyıq.

Müəllif: Anar Bayramoğlu