Rusiya Krımda qeyri-rus kimliyini boğmağa çalışır – HESABAT

Dünya

19.03.2024 - 12:27

Rusiya 10 ildə sistematik olaraq Ukrayna və Krım tatarlarının milli kimliklərini məhv etməyə çalışıb

Ukraynanın Krım yarımadasının ilhaqından keçən 10 il ərzində Rusiya etnik tərkibi dəyişməyə, Ukrayna və Krım tatar icmalarını sıxışdırmağa çalışıb. AYNA xəbər verir ki, bu barədə “Amnesty İnternational” hüquq müdafiə təşkilatının ilhaqın onuncu ildönümündə, martın 18-də dərc olunmuş hesabatında deyilir.

Qeyd edilir ki, Rusiya Federasiyası təhsildə, mediada, milli bayramlarda və həyatın digər sahələrində Ukrayna və Krım-tatar dillərinin istifadəsini məhdudlaşdırmaq və ya qadağan etmək, habelə dini və mədəni təcrübələri sıxışdırmaqla sistematik olaraq Ukrayna və Krım tatarlarının milli kimliklərini məhv etməyə çalışıb.

Bundan əlavə, hesabatda bildirilib ki, ruspərəst “hakimiyyətlər” əhalini Krımdan zorla çıxarıb və rus mülki vətəndaşlarını ora köçürüblər.

Sənəddə deyilir ki, Moskva bütün yarımadada qeyri-rus kimliklərini sıxışdırmağa yönəlmiş siyasət yürüdür.

“Beləliklə, ilhaqdan dərhal sonra Rusiya Krımda öz məktəb kurikulumunu tətbiq etdi ki, bu da bununla razılaşmayan müəllimlərə, tələbələrə və valideynlərə qarşı təlqin və repressiya hədələrinə səbəb oldu. Eyni zamanda, Rusiyaya bağlı “hakimiyyətlər” Ukrayna dilində təhsili sistemli şəkildə məhv ediblər”, hüquq müdafiəçiləri vurğulayırlar.

Hesabat müəllifləri əsasən Krım tatarları olan yarımadanın müsəlman əhalisinə təzyiqləri xüsusilə vurğulayırlar. Rusiya hüquq-mühafizə orqanları dini ədəbiyyat axtarışı üçün məscidlərdə cümə namazını dəfələrlə pozub və evlərdə axtarış aparıblar.

“100-dən çox Krım müsəlmanı əsassız terror ittihamları ilə mühakimə olundu və Rusiyada 24 ilə qədər həbs cəzasına məhkum edildi”, - hesabatda qeyd olunub.

“İllərdir biz Rusiyanın Krımda insan haqlarını boğması ilə bağlı həyəcan təbili çalırıq. On ildən sonra biz bunun yarımadaya təsirini hesablaya biləcəyik”, “Amnesty International” vurğulayıb.

Ekspertlər istisna etmirlər ki, Moskvanın digər işğal olunmuş Ukrayna əraziləri üçün də eyni planı var.

Təşkilar Rusiyanı Krımda və Ukraynanın işğal olunmuş ərazilərində beynəlxalq humanitar və insan hüquqlarının pozulmasını dərhal dayandırmağa çağırıb.

Müəllif: Ayna.az