Rusiya BMT-dən çıxarılacaqmı?

Dünya

14.09.2022 - 22:12

Tək cavabı olan sadə sual: "bəli", və ya "xeyr" 

Demək olar ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni seçilmiş hər bir baş katibi qurumda islahatlar aparılmasından danışır. Və eyni zamanda, həmişə əsas məsələyə - Təhlükəsizlik Şurasının keyfiyyət tərkibinə və veto hüququndan istifadəyə aid olmayan bəzi kosmetik dəyişikliklər edilir.

Sonuncu ilə bağlı, məsələn, nəzəri cəhətdən qaydaları dəyişdirmək mümkündür. “Dövlət kollektiv vetosu”nun tətbiqi təklifi artıq müzakirə olunub. Yəni ki, birdən çox ölkə “bir veto - üstəgəl bir” düsturuna əsasən qarşı çıxsa, qərar bloklanmış sayılacaq. Bu qayda işləsəydi, bu gün Rusiya məsələn, Çinə qalib gəlməli idi.

İndi bu ilin iyunundan Lixtenşteynin təşəbbüsü ilə hazırlanmış və ABŞ tərəfindən fəal şəkildə dəstəklənən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin müzakirəsi gedir. Qəbul olunarsa, məsələn, Təhlükəsizlik Şurasının hansısa qərarına veto qoymağa çalışacaq Rusiya oradakı hər kəsə mövqeyini izah etmək üçün BMT Baş Assambleyasının böyük kürsüsünə çıxmaq məcburiyyətində qalacaq. Bu cür dəyişikliklərin nəticə verməsi üçün Baş Assambleyanın bir sessiyası ərzində məsələnin üzərində işləmək kifayətdir. Şərti olaraq bu, bir il çəkə bilər. Amma reallıqda bunun necə olacağını söyləmək çətindir. Və bunun nəticəsinin bu gün nə olacağını heç kim bilmir.

Ola bilsin ki, bu, müsbət dəyişikliklərə gətirib çıxaracaq, bəlkə də yox. Məsələ ondadır ki, bu gün də BMT Təhlükəsizlik Şurası vetodan istifadənin motivlərini izah edir. Çıxışlarda olur. Yəni yeni prosedur qərara mane olmaq istəyənlərin mövqeyini çətinləşdirə biləcək, buna baxmayaraq, Rusiyanın BMT-dəki və BMT Baş Assambleyasındakı daimi nümayəndəsi Vasili Nebenzanın hər iclasda dediklərini deməsinə heç kim mane olmayacaq. 

Bu yaxınlarda Ukraynada bütün BMT-də islahatların aparılması zərurəti haqqında danışılır. Qeyd edim ki, BMT-də islahatlar aparmaq kifayət qədər çətin olsa da, bunu etmək mümkündür. Bunun üçün yalnız 193 üzvün razılığını almaq, Baş Assambleya səviyyəsində qərar qəbul etmək və BMT Nizamnaməsinə dəyişiklik etmək lazımdır. Bu dəyişiklikdən sonra BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir. Sonra isə 193 ölkənin parlamenti qanun səviyyəsində bu dəyişiklikləri ratifikasiya etməlidir. Beləliklə, faktiki olaraq yeni beynəlxalq təşkilat yaradılacaq - şərti olaraq yalnız "BMT" adı qalacaq.
Lakin bu niyyət ortada yoxdur. Birincisi, ona görə ki, Rusiya Federasiyası və veto hüququ olan dörd başqa ölkə Təhlükəsizlik Şurasının istənilən qərarına mane ola bilər. İkincisi, bütün bunlar BMT Təhlükəsizlik Şurasının dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olduğu əsas problemi dəyişməyəcək. Bəs təcavüzkar Təhlükəsizlik Şurasının veto hüququna malik Rusiya üzvdürsə, bu cür məsuliyyəti necə daşımaq olar?

Yəni BMT-nin islahatı hələlik bu qurumu qərar qəbul edən məkana çevirməyəcək. Ən azından siyasi məsələlərdə, xüsusən də sülhün və təhlükəsizliyin təmin edilməsində.

Yeganə çıxış yolu Rusiyanın BMT-dən çıxarılmasıdır. Və nəzəri olaraq bunu etmək tamamilə mümkündür. Xüsusilə, Sovet İttifaqının bu beynəlxalq təşkilatdakı yerini qanunsuz olaraq zəbt etdiyinə görə.

Sual hüquqi müstəvidədir. Hüquqşünasların tövsiyə üçün Beynəlxalq Məhkəməyə müraciət etmələri lazımdır: Rusiyanın SSRİ-nin yerini tutması düzgündürmü? Bu, yalnız bir cavabı olan sadə bir sualdır: "bəli", və ya "xeyr". Və hüquqi nöqteyi-nəzərdən beynəlxalq məhkəmə sadəcə "bəli" deyə bilməz, "yox" deyəcək.

Rusiyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını tanımadığını açıq şəkildə bildirməsinə baxmayaraq, BMT-nin bütün digər üzvləri bunu tanıya bilər. Daha sonra Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə məhəl qoymamağa və tanınmamağa başlayacaqlar. İndi də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etmək üçün viza alması çətinləşib. Əslində bu, artıq Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin tanınmamasıdır. Və BMT-də Rusiyanı boykot etmək üçün istifadə oluna biləcək belə “texniki məqamlar” çoxdur.

Müəllif: Vladimir Yelçenko - 2015-2019-cu illərdə Ukraynanın BMT-dəki daimi nümayəndəsi

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: Turan Abdulla