Rusiya benzin ixracına qadağa qoyacaq

Dünya

27.02.2024 - 16:36

Qadağa altı ay davam edəcək və Avrasiya İqtisadi Birliyi ölkələrinə, Monqolustan və Özbəkistana şamil edilməyəcək

Rusiya 2024-cü il martın 1-dən benzinin ixracına müvəqqəti qadağa qoymağı planlaşdırır. AYNA TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novakın nümayəndəsi deyib.

Qadağa altı ay davam edəcək və yay tətili, çöl işləri və neft emalı zavodlarında təmir üçün nəzərdə tutulan dayandırmalar zamanı yanacağa olan tələbatı kompensasiya etmək üçün nəzərdə tutulub.

Bundan əlavə, hökumət neft şirkətlərini birjada dizel yanacağının satışını ümumi hasilatın 16 faizinə çatdırmağa məcbur edə bilər. İndi norma 12,5 faiz təşkil edir.

Məhdudiyyət Ukrayna ordusunun neft emalı zavodlarına silsilə hücumlarından və Qərbin sanksiyaları səbəbindən nəticələrini tez aradan qaldırmaq mümkün olmayan qəzalardan sonra tətbiq olunacaq.

Benzinin ixracına tətbiq edilən məhdudiyyət Avrasiya İqtisadi Birliyi ölkələrinə, həmçinin Monqolustan və Özbəkistana şamil edilməyəcək.

Qeyd edək ki, Rusiyada benzinin ixracına qadağa 2023-cü il sentyabrın 21-dən noyabrın 17-dək qüvvədə olub.

Müəllif: Ayna.az