Rus ordusunun itkiləri gizlədilir - “Zerkalo”, "Anadolu", CNN və “Logistic Today” haqda məhkəmə qərarı

Xəbərlər

14.05.2022 - 20:26

Sözügedən media qurumları ölən rusiyalı əsgərlərin adlarını və barələrindəki digər şəxsi məlumatları yayırmış...

Sankt-Peterburq məhkəməsi Rusiya ordusunun Ukrayna ilə müharibə vaxtı verdiyi itkilər barədə məlumat yayan 4 sayta girişə qadağa qoyub. AYNA xəbər verir ki, bu barədə Sankt-Peterburqun birləşmiş məhkəmələrinin mətbuat xidməti məlumat yayıb

Siyahıda Azərbaycandan “Zerkalo.az” saytı, Türkiyənin Anadolu Agentliyi, CNN-in Çex redaksiyası və Ukraynanın “Logistic Today” media orqanı yer alır.

Belə bir iddia ilə məhkəməyə 301-ci hərbi qarnizonun hərbi prokurorluğu müraciət edib. Yoxlamadan sonra məlum olub ki, guya, sözügedən media qurumları həlak olan rusiyalı əsgərlərin adlarını və barələrindəki digər şəxsi məlumatları yayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra Kremldən gələn tapşırıq üzrə, ölkə ərazisində müharibə əleyhinə çıxışlara görə qanunvericilik sərtləşdirilib, anti-müharibə tərəfdarlarına qarşı administrativ tədbirlər görülür, cinayət işləri açılır – guya, müharibəyə qarşı çıxanlar Rusiya ordusu barədə feyk (saxta) məlumatlar yayırlar.

Hüquq müdafiə təşkilatı “Roskomsvaboda”nın hesablamalarına görə, müharibə başlayandan indiyədək Rusiya ərazisində 3 minə yaxın sayt bloklanıb ki, onların da çoxunun barəsində qərar Baş Prokurorluğun rəyi əsasında verilib.

Müəllif: Ayna.az