AXCP sədrinin keçmiş müavini barəsində cinayət işi başlanıb

Xəbərlər

16.10.2019 - 13:42

Cinayət prosessual qanunvericiliyinin tələbləri əsas götürülməklə Baş Prokurorluq tərəfindən araşdırma aparılıb

 

Bu ilin sentyabr ayında Abşeron rayon sakini Qəhrəmanlı Fuad Əli oğlunun yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub. Məlumatda Fuad Qəhramanlının, təxminən 40 dəfə öz ailəsinə qarşı zorakı hərəkətlər etməsi qeyd edilib.

 

Bu barədə AYNA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

“Həmçinin, Zümrüd Qəhrəmanlı “YouTube”da yerləşdirilən müsahibəsində əri Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə, onlara qarşı psixi iztirablar verdiyini bildirib. Zümrüd Qəhrəmanlı qızı Sənayın xəsarətlərini təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd edib, həmin hadisələrdən Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və rəhbərliyində təmsil olunan digərlərinin məlumatlı olmasına baxmayaraq onlar tərəfindən bu şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməməsi, yol verilmiş məişət zorakılığının üstünün ört-basdır edilməsinə cəhd göstərilməsi barədə məlumat verib”, - deyə məlumatda qeyd olunur.

Ayna.az