Ritorik suallar...

Cəmiyyət

14.05.2020 - 19:47

Hadisənin dəfələrlə baş verməsinə baxmayaraq, yenə heç bir tədbir görülmür

 

“Bir hadisə baş verməyincə, tədbir görülmür” - bu deyimdən Azərbaycanda tez-tez istifadə edilir. Hətta, hadisənin dəfələrlə baş verməsinə baxmayaraq, yenə heç bir tədbir görülmür.

 

Binəqədi rayonunda yerləşən məşhur “Eurohome” tikinti materialları bazarında birinci dəfə 10 dekabr 2019-cu ildə yanğın baş verdi. Həmin vaxt yüzlərlə sahibkar ciddi ziyan gördü. Və şayiələr yayıldı ki, bazarın sahibinə böyük məbləğ təklif edilib, lakin o, imtina etdiyi üçün yanğın törədilib.

 

Həmin yanğından sonra bazarda dükanları icarəyə götürən sahibkarlar yanğınsöndürən maşınların gec gəldiyini və yanğının söndürülməsi üçün hidrantlarda su olmadığını bildirmişdilər. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva isə bu iddialara qısaca belə cavab vermişdi: “Belə bir şey heç bir halda ola bilməz”.

“EuroHome” yenə yanır

Bu il mayın 11-də “ildırım” yenidən çaxdı – “Eurohome” təkrar alovlandı. Nəticədə bazarın, təxminən 15%-i yandı. FHN-in rəsmi məlumatına görə, yanğının söndürülməsinə 54  texnika və 406 nəfər şəxsi heyət cəlb olunub.

 

Hadisə yerində nazir Kəmaləddin Heydərov göründü və hadisəni belə şərh etdi: “FHN mütəmadi olaraq yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar keçirir, sahibkarları xəbərdar edir və hüquq-mühafizə orqanlarına müraciətlər göndərir. Sahibkar obyekti belə təhlükəli şəraitdə işlətdiyi üçün çox məsuliyyətsizlik etmiş olur. Özü və burada işləyən digər sahibkarlar bu cür hadisələrdən əziyyət çəkirlər. Mənə elə gəlir ki, bu hadisədən sonra hüquq-mühafizə orqanları bu obyektlə bağlı daha ciddi tədbirlər görəcək. Hər bir sahibkar nəzarət strukturlarının tələblərinə cavab verməlidir”.

 

K.Heydərovun açıqlamasından belə anlaşılır ki, FHN hər şeyi doğru edib, edir. Vəkil Əsabəli Mustafayev isə AYNA-ya deyib ki, FHN rəhbərinin dedikləri həqiqətə ziddir.

 

“Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq etməməlidir. Nazirliyin istintaq idarəsi var. FHN yanğın təhlükəsizliyinin pozulmasına görə sahibkarları cərimələməlidir. Dəfələrlə pozuntu halı baş verdikdə müəssisənin fəaliyyətini dayandırmalıdır”, - vəkil bildirib.

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Orxan Tağıyev də o fikirdədir ki, təhlükəsizlik pozuntuları aşkarlanan müəssisə sahibinin cərimələnməli, bir daha aşkar edildiyi təqdirdə müəssisə bağlanmalıdır.

 

FHN-in bazar rəhbərliyini günahlandırmaq cəhdlərinə baxmayaraq, kiminsə səhlənkarlığı və ya yanğın təhlükəsizliyinə pul xərcləmək istəməməsi nəticəsində, iş adamları belə çətin bir vaxtda çox böyük itki verirlər. Yanğın yerinə gələn Kamaməddin Heydərov iddia edib ki, ilk yanğından sonra obyekt rəhbərliyinə Fövqəladə Hallar Nazirliyinin verdiyi plana əsasən təhlükəsizlik tədbirlərinin görülməsi barədə xəbərdarlıq edilib.

 

Yerli KİV-də yayılan məlumatlara görə, nazir bəzi jurnalistlərin yanğınsöndürənlərin zədələnmiş su şlanqları ilə gəldiklərinə dair iddialarına da cavab verib: “Bu cür sual verməzdən əvvəl yanğınsöndürənlərin işləri ilə tanış olun. Yanğın zamanı şlanqlarımıza nə töküldüyünə baxın. Onlar yırtıla bilməzlər. Bir az başınızla düşünün”.

 

Ancaq K.Heydərovun yanğından sonrakı açıqlaması ilə tanış olduqdan sonra bir çox suallar ortaya çıxır: Fövqəladə Hallar Nazirliyinin razılığı olmadan Bakıda nəhəng bir obyekt necə işləyib? Fövqəladə Hallar Nazirliyi və icra hakimiyyəti orqanları yanğın təhlükəsizliyinin təmin olunmadığı bir obyektin fəaliyyət göstərməsinə niyə icazə verib? Və bu suallara cavab verən tapılacaqmı?...

Müəllif: Rəşad Rüstəmov