Rafiq İsmayılov haqqında sənədli filmin çəkilişlərinə başlanıb

Mədəniyyət

26.06.2020 - 21:00

Film qəhrəmanın 60 illik yubileyinə həsr olunur

 

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzi tanınmış naşir, təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov haqqında sənədli filmin çəkilişlərinə başlayıb. Bu barədə “Aranfilm”dən məlumat verilib.

 

R.İsmayılov Moskva Dövlət Universitetinin məzunudur. O, rus və türk filologiyasının görkəmli nümayəndələri - Əziz Şərif, Mixayıl Panov, Nikita Tolstoy, Xalid Koroğlu, Çingiz Hüseynov və başqalarından dərs alıb. M.F.Axundov adına APİ-də  və  AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutunda çalışdıqdan sonra R.İsmayılov mətbuat və nəşriyyat işlərində özünü redaktor və tərcüməçi kimi uğurla sınayıb. Müstəqillik dövründə orta məktəblərdə geniş tədris olunan “Azərbaycan dili” (I – VII siniflər) dərsliyinin əsas müəlliflərindən biri olan R.İsmayılov ölkəmizdə yeni tipli tədris sisteminin formalaşmasında böyük rol oynayıb. Ana dilinin tədrisinə və dil qaydalarının təbliği işinə ciddi töhfələr vermiş R.İsmayılov tanınmış leksikoqraf kimi çoxsaylı izahlı lüğətlərin və monoqrafiyaların müəllifidir. Film qəhrəmanın 60 illik yubileyinə həsr olunur.

 

Filmin ssenari müəlifi və rejissor Yasəmən Quliyeva, operator Əminə Həsənli, bədii rəhbər Tahir Tahiroviç, prodüser İqbal Məmmədəliyevdir.

Müəllif: Ayna.az