"/>

Orxan Bahadırsoy: <font color=red> "İki ruh daşıyıram və bununla qürur duyuram"</font>

Mədəniyyət

01.08.2019 - 21:00

“Tağıyev bütləşdirildiyi qədər xeyriyyəçi və yaxşı insan olmayıb”

 

AYNA yazıçı, şair, dramaturq, aktyor Orxan Bahadırsoyun müsahibəsini təqdim edir:

 

-Salam, Orxan bəy. Xoş gördük sizi. İlk öncə 4 avqust - doğum gününüz münasibəti ilə sizi təbrik edirəm. Bundan əvvəlki müsahibələrinizdə özünüz barədə geniş məlumat vermisiniz. Sizinlə ilk tanışlığı olacaq oxucular da vikipediyadan məlumat ala bilərlər. Mən birbaşa mövzulara keçmək istəyirəm. Bildiyim qədəri ilə sizin ən birinci fəaliyyətiniz incəsənət sahəsi ilə bağlı olub.  Sizə görə teatr nədir, ümumiyyətlə, bu sahə ölkəmizdə nə qədər ciddi fəaliyyət sahəsinə daxildir?

 

-Salam. Əvvəla, təbrikiniz üçün minnətdaram. Gələk birbaşa sualınıza. Teatr mənim üçün yaşamağın qayəsidir. Orxanın tarixdə qalmaq amalıdır, məqsədidir, arzusudur. Teatr mənim üçün məbəddir. İnsanın yaratdığı ən müqəddəs məfhumdur. Təəssüf ki, ölkənin mədəniyyət naziri üçün belə deyil, təəssüf ki, ölkənin əksər teatr direktorları üçün belə deyil, təəssüf ki, ölkənin Mədəniyyət və İncəsənət Univeristetində müxtəlif kürsülərdə oturmuş adamlar üçün belə deyil. Əgər onlar üçün də belə olsaydı, indi Azərbaycan teatrları da özünün mükafatlarını dünyaya təqdim edirdi. İndi bütün dünya Norveçdən “Henrik İbsen” mükafatını gözlədiyi kimi, Azərbaycandan da “Hüsyen Ərəblinski” mükafatını gözləyərdi. Əlbəttə, bu həm də sizin sonuncu sualınızın birbaşa cavabıdır ki, Azərbaycanda teatr nə qədər əhəmiyyətlidir. Əgər bu ölkədə Azərbaycanın mədəniyyətinə sahiblənməli olacaq insanların vecinə deyilsə bu teatr, xalqın nə dərəcədə vecinə olacaq ki? Hər şey reklamın başında dayanırsa, teatr niyə reklam olunmur? Müasir dünyanın iqtisadi prinsipləri tamamilə reklamın üzərində dayanır və teatr da bu sistemə keçməlidir. Ənənəvi sovet afişaları ilə teatr reklam oluna bilməz. Bu işə sərf ediləcək maliyə vəsaitini Mədəniyyət naziri niyə kiməsə versin ki, elə öz cibinə qoyur da. Təəssüf ki, belədir. Ümumiyyətlə, teatrın qədrini bilmirlər. Məsələn, Almaniyada Teatrın yaranma tarixi, Almaniyanın dövlət olaraq yaranmasından daha qədimdir. 1767-ci ildə peşəkar alman teatrı yaranır, inkişaf edir, 1871-ci ildə Almaniya İmperiyası qurulur. Teatr öz nəslini yetişdirdi ki, onlar öz cəmiyyətlərini qura bilsinlər. Bu Azərbaycanda da belə olmuşdu.1873-cü ildə teatr yaranır, 1875-də mətbuatımızın təməli qoyulur, 1918-də şərqin ilk demokratik respublikası öz müstəqilliyini elan edir. O nəsilləri teatr yetişdirdi. Təəssüf ki, bu tarixdən əksəriyyətin xəbəri yoxdur.  Yəqin ki, bu cəmiyyəti, bu mədəniyyəti qorumaq da onların vecinə deyil.

 

-Teatrın inkişafının bəzi mədəniyyət xadimlərinin vecinə olmadığını qeyd elədiniz. Bu şəxslər kimlərdir, nə üçün Mədəniyyətin və İncəsənətin inkişafı onları maraqlandırmır?

 

-İnanın, mən sizin üçün bir-bir hamsının adını çəkə bilərəm. Məni tanıyan hər kəs bilir ki, onların adını çəkmək məndən əsla cəsarət tələb eləmir. Amma indi onların adını çəkib tarixə saxlamaq istəmirəm. Mənim danışdıqlarım, yaratdıqlarım tarixə qalacaq, amma onlar qalmayacaq. Mənim tapındığım, qibtə elədiyim sənətə xəyanət edənlərin adını niyə çəkim? Qoy öz kürsü eşqlərində məhv olub yoxa çıxsınlar.

 

-Dramaturq kimi tanınırsınız. Beynəlxalq uğur qazanmısınız. Tez-tez Azərbaycanda yeni nəsil dramaturqların olmamasından yazırsınız. Bu problemin həllini nədə görürsünüz?

 

- Gənc dramaturqların yetişməsi üçün yazıçıların teatrlarla əməkdaşlıq etməyi lazımdır. Bunu birbaşa Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi, teatr rəhbərləri, Teatr Xadimləri İttifaqı tənzimləməlidir, onlar da eləmirlər. Çünki hansısa məmurun, nazirin əsərini tamaşaya qoyub titul almaq onlar üçün daha önəmlidir, ona görə də gənc dramaturq nəsli yetişmir. Sual oluna bilər ki, bəs mən necə yetişmişəm? Çünki mən əvvəlcə aktyor kimi səhnəyə çıxdım. Teatrın hər tərəfini bilirdim. İndi də özümü aktyor hesab edirəm. Sadəcə mən daha çox ədəbiyyatda tanındım.

 

-Aktyor olduğunuz üçün bu sualı sizə ünvanlamağı məqbul hesab edirəm. Hazırda kino, serial bazarından, bu sahədəki rejissor, ssenarist, aktyor işindən nə dərəcədə razısız. Ümumiyyətlə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində bu sahə nə qədər peşəkar, nə qədər ciddi tədris olunur?

 

-Arxadan başlayım cavab verməyə, tədris olunmur. Tədris, öyrətmək, nəsil yetişdirmək başqa şeydir. Hələ bunların içindən istedadlı, yaradıcı insan yetişdirmək tamam başqa bir şeydir. Bunlar ökənin təhsil sisteminin 90%-də yoxdur. Amma Mədəniyyət və İncəsənət Univeristetində heç yoxdur. Çünki ora qəbul olunmaq üçün yüksək nəticə toplamaq vacib deyil, qabiliyyət imtahanı lazımdır, təəssüf ki, biz oranın müəllim kollektivindən asılı qalırıq və ortada rüşvət faktoru olur deyə, ən az nəticə toplayanlar belə ora rahatlıqla qəbul ola bilirlər. Ümumiyyətlə, tədris o universitetin nəyinə lazımdır? Tədris olunsa belə kim qulaq asacaq?  Üç-dörd istedadlı adam var ki, ona da mənəvi tərəfdən yanaşsaq, əlbəttə, tədris olunmalıdır. Amma biraz qlobal, müasir dünya prinsipləri ilə baxsaq üç-dörd adama görə lazım deyil o müəllimlərə o qədər maaş vermək. Ssenarist işi isə mənim bildiyim dramaturgiya mövzusuna daha çox aid olduğu üçün bu barədə daha rahat danışa bilərəm. Çox nadir hallarda, xüsusi ilə istedadlı rejissorlar özləri ssenarilər yazanda keyfiyyətli sseanilər çıxır ortaya. Bir də klassik, kifayət qədər keyfiyyətli bədii əsərlərin kinosseanri formasını yazanda yaxşı nümunələr çıxır ortaya. Digər variantda isə son zamanlar çəkilən serialların, kinoların aqibəti bəllidir. Aktyor işi, rejissor işi, montaj işi yoxa bərabərdir. Rövşən İsaxı çıxmaq şərti ilə başqa biz kimi görmüşük Azərbaycan televiziya məkanlarında keyfiyyətli məhsul ortaya qoyan? Hamısı kommersiya məqsədləri güdür. Bayağı komediyalar, daha çox reklama, sponsora yer vermək, banal mövzulardan bəhrələnmək, müasir serialların, kinoların məqsədi budur Azərbaycanda. Təəssüf ki, dünyada da belədir, bu qlobal problemdir, təkcə bizim cəmiyyətə xas bir şey deyil. Amma belə olmayan yerlər də var və onlar daha çox öndədirlər, daha sağlam cəmiyyətləri var. Biz niyə onlar kimi olmuruq?

 

-Bəs bunun günahını kimdə görürsüz?

 

-Dövlətdə və xalqda. Burda təkcə dövlət günahkardır, xalq məsumdur deyə bilmərik. İkisi də kifayət qədər günahkardır. Birinci dövləti ona görə deyirəm ki, dövlət istəməli və eləməlidir, amma istəmir və eləmir. Xalq isə ona görə günahkardır ki, madam dövlət eləmir, bəs sən niyə istəmirsən? Deməli, mədəni olmaq, ali olmaq sənə də lazım deyil.

 

-Teatr mövzusuna toxunduğumuz üçün məncə bu sual daha çox yerinə düşər. Azərbaycan Teatrının banisi Hüseyn Ərəblinski və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə bağlı qalmaqallı silsilə məqalələriniz yayımlanmışdı. Bu mövzuya toxunmağınıza səbəb nə olmuşdu?

 

-Bizim cəmiyyətin pula sevdası var. Bunu etiraf etməliyik. Türkiyədə məşhur bir söz var: “Rusdan canını, türkdən qarını, azəridən malını qoruyacaqsan”. Bunu illərin təcrübəsi göstərib deyə bu fikir formalaşıb. Təkcə bir nəfəri demir, bütün xalqı nəzərdə tutur. Bizim nə qədər tamahkar olduğumuza işarə vurur. Bunun nəticəsi olaraq Azərbaycanda pulu olan hər kəs çox möhtəşəm insandır. İlk bariz nümunlərindən biri də Hacı Zeynalabdin Tağıyevdir. Adam heç bir zəhmət, əziyyət çəkib Azərbaycan xalqına pul verməyib. Azərbaycanın öz sərvəti olan neftdən pul qazanıb. Nəzərə alsaq ki, o dövrdə dövlət sistemi kifayət qədər formalaşmamışdı, o dövrdə milyonçu olmağa nə var idi ki? Zamanın höküməti vergidən azad olunması müqabilində məcbur edirdi xeyriyyə işləri görməyə. Tağıyevin həyat yoldaşı da ziyalı, maarifpərvər xanım olub. Hansı ki, 73 yaşlı Tağıyevin ona zorla ərə verilən 16 yaşlı həyat yoldaşı Sona Tağıyevanın arzu-istəkləri, mübarizələri sayəsində "Qızlar məktəbi" açıldı. Tağıyev keyfindən etmirdi bunları, məcbur idi. Əlbəttə, onun da bir insan kimi mərhəmət, səxavət hissləri olub və imkanı münasib olduğu üçün kimlərəsə əl tutub. Lakin bütləşdirildiyi qədər xeyriyyəçi və yaxşı insan olmayıb. Həmçinin Ərəblinskinin ölümündə də Tağıyev birbaşa günahkardır. Qatilinə Ərəblinskinin ölüm fərmanını şəxsən vermişdi. Niyə o qatil tapılamdı bəs? Halbuki, Rəsulzadə o qatilin tapılması üçün şəxsən göstəriş vermişdi. Təəsüf ki, Rəsulzadə hökmətinin vaxtı yetmir, o qatil də Qazaxıstanda ömrünün sonuna kimi keyf həyatı sürür, amma Azərbaycan xalqının ən böyük istedadı məhz onun əli ilə ölür və mənim Ərəblinskiyə olan sevgim, onun sənət sevdasına olan sevgim, onun mənim coğrafiyamda yaratdığı sənətə sevgim buna əsas verir ki, mən Ərəblinski haqqında həqiqətləri danışım. Bunu bizə verən adama mən, əlbəttə, qibtə edirəm və onun qatillərinə də nifrət edirəm.

 

“Porno videom yayılsa, ikincini özüm çəkib paylaşaram”

Görüntünün olası içeriği: 1 kişi

-Ədəbi yaradıcılıqda daha çox tanındığınız üçün müsahibəni bu istiqamətdə davam etdirmək istəyirəm. Hazırda müasir Azərbaycan ədəbiyyatında ən çox oxunan və bəyənilən şəxslərdən birisiz. Buna baxmayaraq ədəbi mühitdən uzaq gəzirsiz, hətta kitablarınızın da mağazalarda satışına qadağa qoymusuz. Bunun səbəbi bir küskünlük, yaxud bir üsyan ola bilər?

 

-Bunu bir neçə dəfə demişəm, indi də deyirəm. Mənim heç bir küskünlüyüm yoxdur. Azərbaycan xalqı və Azərbaycan dövləti ilə bağlı və məhdud  deyiləm. Onlardan ummaq və küsmək kimi narahatlığım da yoxdur. Üsyana gəlincə isə, onlara – sənətin qarşısını kəsənlərə, görməzdən gələnlərə üsyan eləmirəm. Çünki onları üsyan olunacaq qədər əhəmiyyətli də bilmirəm. Sadəcə hörmətdən düşmək, ucuzlaşmaq istəmirəm. Bütün cəmiyyət mənə qarşı olsa belə, mən öz kimliyimi, kim olduğumu yaxşı bilirəm. Nəyə layiq olduğumu, harda olduğumu da çox yaxşı bilirəm. Ədəbi mühitlə də ona görə əlaqəm yoxdur ki, çünki sənətə xəyanət edən adamlar görürəm və mən o sənət ki, onu canımdan artıq istəyirəm, ona xəyanət edənlərlə yan-yana dura bilmərəm.

 

-Bir dəfə belə bir xəbər yayılmışdı ki, sizin yazdığınız “Günahdır səni sevmək” romanı əksər kitab mağazaları tərəfindən satışına qadağa qoyuldu. Kitablarınızı mağazalara verməməyinizə bir səbəb də bu ola bilər?

 

-Bəli, olub. Mən bu barədə yazmışdım da. Kitabın çap oldunduğu “Qanun” nəşriyyatı müqavilə əsasında belə vəd vermişdi ki, kitab çap olunandan sonra bütün kitab mağazalarına paylanılacaq və satıldıqca müəllif ilə müəyyən faiz qarşılığında əlaqə saxlayacaqlar. Üç aydan sonra nəşriyyatdan xəbər gəldi ki, kitablar satılmayıb. Kitab mağazalarına gedib maraqlananda isə ümumiyyətlə belə bir kitabın varlığından xəbərləri olmadığını eşidirəm. Sonra nəşriyyatla əlaqə saxlayıb kitablarımı istədikdə, neçə tirajla çıxmışdısa hamsını qaytardılar özümə. O zaman üç ay ərzində məni niyə aldadırdız? Mən bilirəm axı LGBT mövzusunda olduğu üçün kitabı anbarda gizlədiblər. Düzdür, sonra mağazalardan bəziləri götürdülər. Bəziləri də mövzusuna görə imtina eləmişdilər. Bunu özümə çox böyük hörmətsizlik hesab elədim. Hətta o mağazaların ön vitrilərində kimlərin dayandığını görəndə, onlardan çox özümdən incidim. Qərara aldım ki, birdəfəlik mağaza satışından imtina edim. Çünki mənim sənətim dəyərlidir, tarixə qalandır, mən orda sənətimi puç eləyə bilməzdim, bu səbədən də bir də onları görməyimə şərait yaratmadım.

 

-Müasir Azərbaycan ədəbəiyyatında ciddi və qeyri-ciddi hesab etdiyiniz yazarlar varmı, sizcə müasir ədəbiyyatımız inkişaf edir, yoxsa uçuruma doğru yuvarlanır?

 

-Əsla uçuruma doğru getmir. Hətta inkişaf edir. Əgər əhalisi az olan ölkədə bu qədər yazıb-yaradan varsa, deməli, zamanla kifayət qədər ciddi imzalar çıxacaq bu insanların içindən. Ancaq mənim kimləri ciddi, yaxud qeyri-ciddi hesab etdiyimi soruşursuzsa, əvvəla, mən kimin ciddi olub-olmamağına kütləvi səviyyədə qərar verə bilmərəm. Amma mən sizə Bahar Zamanının adını qətiyyətlə çəkə bilərəm. Bahar mənə görə çox-çox ciddi qələm sahibidir. Amma başqaları da var. Oxuyuram, izləyirəm, lazım olanda paylaşımlarımda da onlardan şeirlər paylaşıram. Məsələn Emin Akifi, Xəzər Süleymanlını, Natiq Veyisovu oxuyuram, bəyənirəm.

 

-Yaxın keçmişdə sosial şəbəkələrdə belə bir xəbər yayılmışdı ki, Bahar Zamanı elə Orxan Bahadırsoyun özüdür. Necə baş vermişdi bu hadisə?

 

-Düzü, özümə qarşı bu qədər böhtan görməmişdim. (gülür) Hətta onu da deyim ki, böhtana qarşı çox dözümsüz adamam. Amma bu yeganə böhtan idi ki, qətiyyən məni əsəbləşdirmədi. Sadəcə gülürdüm. Çünki Bahar Zamanı hesab olunmaq, Bahar Zamanı ilə eyniləşdirilmək, o ruhla bu ruhun arasında bir fərq olmaması məni qəti narahat eləmir, hətta sevindirir. Eybi yox, qoy elə məni Bahar bilsinlər. Məni sənətlə, istedadla bərabər hesab eləsinlər. Amma təbii ki, mən deyildim. (gülür) Bahar xətrini çox istədiyim, özüm bildiyim, əkizim, mənəviyyatım bildiyim, həm də sənətim bildiyim adamdır. Çünki mən ona çox şeirlər yazmışam.

 

-Şəxsi həyatınızda da ictimai, kütləvi həyatdan uzaq gəzirsiz. Hətta təqdimatlara da bir o qədər ciddi yanaşmırsız. Son kitabınızın təqdimatında da ədəbi mühitdən çox insan dəvət etməmişdiniz. Buna baxmayaraq həmin tədbirdə bir sıra yazarlarla mübahisə yaşamışdınız. Buna səbəb nə olmuşdu?

 

-Mübahisə yaşamamışam. Bəli, kitabımın redaktorundan başqa heç kimi dəvət eləməmişdim. Gələnlərə isə təşəkkür edirəm, hörmət edib gəlmişdilər. Bu hörmətini, ədəb-ərkanını göstərənlər də oldu. Amma gələnlərdən bəziləri nə ədəb-ərkan göstərə bildi, nə də hörmət. Hətta aralarında kifayət qədər istedadlı adam da var idi. Mənə maraqlıdır ki, bir yazar öz məşğul olduğu sənətlə bağlı tədbirə gəlib necə ədəbsizlik edə bilir? Mənə hörmətin yoxdursa, sənətə də hörmətin yoxdur? Axı orda sənətdən söhbət gedir. Hətta bununla zarafatlaşmaq, məsxərə etmək cəhdləri də oldu. Amma təbii ki, mən əsla belə bir şeyi qəbul etmirəm. Özlərinə də bu barədə hər hansı rəftarımla bildirdim. Mən çox xahiş edirəm və çox tələb edirəm ki, mənim adımı hallandırmasınlar və mənimlə bağlı heç bir tədbirə gəlməsinlər.

 

-Yazdığınız sevgi şeirlərində cinsi obyekti gizli saxlayırsız. Bunu gizlətməyinizə səbəb ictimai qınaq qorxusu ola bilər?

 

- (gülür) İki şeyə gülürəm. Bir ona gülürəm ki, mənim adım ictimai qınaqla yanaşı çəkilir. İkincisi ona gülürəm ki, necə bir cəmiyyətdə yaşayırıq ki, bu məqamın özü artıq bir sualdır. Belə bir məqam hansısa bir mətbuat əsərinin sualı olmamalı idi. Bu əsla sizin probleminiz deyil. Bu hətta sizin bir qədər də istedadınızı göstərir ki, siz məlum cəmiyyətin zəif nöqtələrinə toxuna bilirsiz. Amma bu, cəmiyyətin naşılığını göstərir. Ümumiyyətlə, belə bir mövzu niyə müzakirə olunmalıdır?  Dəfələrlə demişəm mən kişiyə də, qadına da şeirlər yazmışam. Heç birinə yazmadığım da var. Bütün cinslərə yazdıqlarım da var. Çünki mənim şeirlərim xüsusi bir cinsə bölünəcək qədər sadə deyil. Mənim insana, insan anlayışına, insan sevgisinə yanaşma tərzim bu qədər bəsit deyil, çərçivədə deyil. Əsla ictimai qınaqdan qorxmuram. Mən sevgimdən utanmalıyam, yoxsa özümdən? Əksinə, mən fəxr edirəm ki, hər iki ruhu bilirəm. Bir qadın da neyləyirsə başa düşürəm, bir kişi də nə edirsə anlayıram. Çünki hər iki ruha sahibəm. Və tarixə nəzər salanda görərik ki, bu iki ruhu daşıyanlar nələrsə ərəsəyə gətirənlərdir. Aristotel, Pazolini, Oskar Uayld, Artur Rembo, Çaykovski, Da Vinçi, Alan Türinq və s. Onlar hər iki ruhu bildiyi üçün, ayrıca bir cinsə yox, məhz bütün insanlara xitab edə bildikləri üçün zirvəyə çevriliblər. Mən belə bir zümrədənəm. Mən bununla fəxr edirəm, qürur duyuram. Mən niyə qorxmalıyam? Mən niyə kiməsə hesabat verməliyəm? Mən kimə ixtiyar vermişəm ki, məni sorğulasın? Ona görə də əsla narahat deyiləm. Sadəcə poetik qüdrəti itməsin deyə heç bir qəlibə salmıram şeirlərimi. Ona görə o poetik qüdrəti saxlayıram ki, oxuyan hansı cinsi istəyirsə ona da şamil eləsin. Bizə artıq insana yazılan şeirlər, adama yazılan şeirlər lazımdır. İnsan bioloji varlıq kimi, adam mənəvi varlıq kimi. Bunu da qarışdırıb adamı kişi olaraq anlayırlar. Bu son illər Türkiyə seriallarına baxmağın nəticəsidir. Azərbaycan dilində adam kişi demək deyil, bioloji insanın mənəvi təsviridir.

 

-Şeirlərinizdə seks və narkotik mövzuları da xüsusi yer tutur. Bu sadəcə bir mövzudur, yoxsa şəxsi həyatınızı ehtiva edir?

 

-Mən bu barədə bir neçə dəfə demişəm. Mən həmişə yaşadıqlarımı yazmıram. Çünki aktyoram və  yaşamadığım bir hadisəni də obrazla yaşaya bilərəm. Aktyor kimi səhnəyə qədəm qoymuşam və aktyor nəzəriyyələri ilə işləyirəm. Mənim üçün rol oynamaq çətin deyil. Amma yaşayıb yazdıqlarım da var. Bir var kiminsə ürəyimdən öpdüyü zaman doğulan şeirlər, bir də var tüstülərin ciyərimdən öpdüyü zaman doğulanlar. Mən onu saxlaya, gizləyə bilmərəm. Necə varsa, elə də ifadə edirəm. Narahat da deyiləm. Daha dəqiq desəm, bu gün insanların narahat olduğu heç bir şeydən narahat deyiləm. Belə xırda şeylərlə məşğul olmuram.

 

-Seks mövzusuna toxunduğumuz üçün məncə bu sual da yerinə düşər. Bəzən məşhur şəxslərə zərər vermək məqsədi ilə onların gizli şəkildə porno videoları çəkilib yayımlanır. Nəzərə alsaq ki, siz də müəyyən bir kütlə üçün qalmaqallı, qınanılan birisiniz, sizin başınıza belə bir hadisə gəlsə neyləyərdiz?

 

-Əlbəttə, belə bir hadisə mənim də başıma gələ bilər. Bəs neyləyərdim? İkinci videonu da özüm çəkib paylaşardım. Məsələn, nə vaxtsa hansısa bir sosial şəbəkədə elə bir videoma rast gəlsəm və bunun müzakirə edildiyini, səs-küy doğurduğunu görsəm, insanların buna marağı olduğunu görsəm, birin də özüm çəkib paylaşaram. Nədən utanmalıyam, niyə utanmalıyam? Əgər sən texniki xətadan, yaxud mənfi niyyətdən bir insanın çəkilib paylaşılmış mərhəmini bu qədər səs-küy eliyə bilirsənsə, deməli, sənin maraq dairən odur, qazandığın, sevdiyin odur və sənə zəhmətinin bəhrəsini verməliyəm, elə ona görə də ikincini də özüm çəkib paylaşaram.

 

“Onlar məni nəyə hamilə saxladılarsa, doğdum”

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim

-Yazdığınız bir sıra əsərlərdə tabu mövzular xüsusi yer tutur. Bu mövzuda yazdığınız “Saliva” hekayəniz xüsusi diqqət çəkmişdi. Oxucularınızı isə hələ də bir sual düşündürür: “Salivanın” qəhrəmanı kimin prototipidir?

 

-Prototipdir demək olmaz. Məncə, prototip deyil. Oxucuları o vaxtlar hələ o düşündürürdü ki, “Saliva”nın qəhrəmanı kişidi, ya qadın? Çünki cinsi mövqe bilinmir və bu sualı ünvanlayanda mənə çox qəribə gülüş gəlir. Lazım olsaydı hekayənin özündə verərdim cavabını. Ona görə də “Saliva” və ya başqa əsərlərdə nəyi sual altına qoymuşamsa, deməli, elə də lazımdır.

 

-Şəxsi həyatınızda LGBT fəaliyyətiniz varmı?

 

-LGBT-nin fəaliyyət sahəsi olduğunu düşünmürəm. Bir LGBT fərdi kimi əminəm ki, bu, belə deyil. Əgər mənim LGBT-ə necə dəstək olduğumu soruşursuzsa, deyim ki, heç bir dəstək də olmuram. Çünki xəstəyə dəstək olarlar, qocalmış, fiziki məhdudiyyəti olan insanlara dəstək olarlar. LGBT-ə niyə dəstək olmaq lazımdır ki? Feminizm deyə bir anlayış var! Ümumiyyətlə, bu anlayışlardan utanmaq lazımdır. Bir insan olaraq hansı uçurumların dibində çabalayırıq ki, hələ də cinsi bərabərlik mövzusunu müzakirə edirik. Bu anlayışların yaranmasına səbəb olanlar utanmalıdır.

 

-Sizə görə istedad, zaman, tarix anlayışı nədən ibarətdir?

 

-Mən zaman anlayışını çox sevmirəm. Mənim həyat haqqında düşündüklərim, yaşadıqlarım, suallarım, mənim insan anlayışım necə ki, cinslərə bölünmür, mənim zaman deyə bir ölçü vahidim də yoxdur. Mən zamana sığmıram, uyuşmuram, ona görə nələrisə hesablamıram. Mənim üçün sadəcə yaşananların depolandığı bir yer var ki, buna tarix deyirik. Hər şey indi cərəyan edib gedir və lazım olanlar o depoda qalır.  

                                                                            

-Yaradıcılığınızda intihar mövzularına da yer verirsiz. Bu sadəcə bir təxəyyül məhsuludur, yoxsa gerçək həyatda yaşadıqlarınızın vərəqə köçrülməsidir?

 

-İntihara dəfələrlə cəhd eləmişəm. İstəmişəm, arzulamışam. İntiharı hamı acizlik hesab edir, yenilmək, məğlubiyyət bilir, amma mənim üçün qəhrəmanlıqdır, cəsarətdir. Sadəcə mənim cəsarətim çatmayıb. Ona görə çatmayıb ki, həyatda yaşamaq istədiyim şeylər var. Mənə yaxşı şeylər öyrədə biləcək ən pis şeyləri belə yaşamalıyam. Mən görüb, yaşayıb, oxuyub, axtarıb öyrənmişəm və öyrəndiyim şeylər sayəsində bu yerdəyəm. Amma daha artığına çatmaq üçün daha çox görməli, daha çox yaşamalı, daha çox öyrənməli, daha çox axtarmalıyam. Axı mən varoluşa ünvanlanması lazım olan o əsl sualı tapmalı və bu sualın cavabını almalıyam. Buna haqqım var. Çünki bu barədə ən çox düşünənlərdən, buna həyatını sərf edənlərdənəm. O haqqı almamış ölmək istəmərəm. Sonra isə itmək də olar, intihar etmək də.

 

-Əvvəllər siyasi yazılara çox üstünlük verirdiniz. Bu yazılara xitam verməyinizin səbəbi nə oldu?

 

-Çünki istədiyimi əldə edə bilmədim. Bu o demək deyil ki, mənim üstümdə bir hədə-qorxu, şantaj var. Əsla! Məni hədələmək olmaz. Çünki mənim itirməkdən qorxduğum yeganə şey sənətimdir və onu məndən heç kim ala bilməz. Çox azad və xoşbəxtəm. O məzmunda yazılarım sonradan yayımlanmadı. Buna bir səbəb də o yazıların yayımlandığı mətbu orqanların bağlanması oldu. Çünki başqa yerlər dərc eləmirdi. Hansılar ki, dərc edirdi, onlara da niyə yazıb göndərmirəm, çünki etirazın da ədəbi, ərkanı var deyə düşünürəm. Etiraz edəcəm deyə ağıla gələni edib heç nə əldə etmək olmaz. Etirazın da məntiqi, izahı olmalıdır. Sən onda fərqli olursan ki, etirazı belə şüurlu edirsən və nəticəsini qazanırsan. O nəticəni qazanmaq üçün şüurlu etirazı tapmaq lazımdır, əvvəlcə. Sevdiyini qazanmaq üçün özündə olan qüdrəti tapmalısan, zəhmət çəkməlisən. Mən özüm üçün bu qüdrətin sənətdə olduğunu görmüşəm və nəyə etirazım varsa, sənətlə edəcəm.

 

-Belə çıxır ki, məğlubiyyətinizi qəbul edirsiz.

 

-Bəli, mən məğlub olmuşam. Ona görə məğlub olmuşam ki, mən Azərbaycanda doğulmuşam.

 

-Şəxsi həyatınız da yaradıcılığınız qədər qalmaqallıdır. Hətta bir dəfə gənc vaxtlarınızda ailənizlə münasibətinizin korlandığı, evdən qovulmağınız barədə xəbər yayılmışdı. Nə dərəcədə düzgün məlumat idi?

 

-Xeyr, əsla belə bir şey olmayıb. Əgər belə yazılıbsa həqiqət deyil. Məni heç kim evdən qovmayıb. Özümə qarşı bu ifadəni qəbul etmirəm. Mən özüm bir seçim etmişəm və evdən ayrılmışam. Bəli, mən ailəmlə problemlər yaşamışam. Bu mənim düşüncəmə görə də olub, həyat tərzimə görə də olub, bu mənim bu sənəti seçdiyimə görə də olub. Çox şeylər rol oynayıb. Amma bu problem ona bəraət vermir ki, ailəm məni, mən də ailəmi sevməmişəm. Onlar məni seviblər, indi də sevirlər və onlar özlərinin bildiyi yaxşıları mən yaşayım deyə belə ediblər. Onlar sadəcə mənim öz yaxşılarımı  nədə gördüyümü bilməyiblər. İndi mən bu kiçik hadisəyə görə onları atacam? Amma mən sonra dərk elədim ki, nə yaxşı ki, belə olub vaxtında. Çünki o ağrılar mənə yazdırıb. Mən bilmədən düşdüyüm bəlalarda və ya özümü bilərək atdığım dərdlərdə nə yaşayıb, nə yazacaqdımsa, yazmışam. Və o yazdıqlarımın sayəsində indi olduğum yerdəyəm. O ağrılar məni nəyə hamilə saxladısa, doğdum. Bundan sonra o dərdlər mənim üçün qısırdır. Mənə yeniliklər doğmağım üçün yeni ağrılar lazımdır.

 

“Seks, narkotik, LGBT, feminizm”

Картинки по запросу orxan bahadırsoy

-Sənətdən danışanda, özünüzü sənətə həsr etdiyinizi deyirsiniz. Bir müsahibənizdə ailəni belə sənətə qurban verəcəyinizi demisiniz. Həqiqətən, sənətdən daha dəyərli heç bir şey yoxdurmu sizin üçün?

 

-Əlbəttə. Sənətdən daha ali, daha uca, daha əziz, daha dəyərli, daha müqəddəs heç bir şey yoxdur mənim üçün. Amma bu o demək deyil ki, mən ailəmi sevmirəm. Qardaşım dənizə gedəndə o evə qayıdana qədər ürəyinin döyüntüsü 150-ə çatan adamam mən. Nənələrim, babam, atam-anam, qardaşım və bacılarım mənim üçün çox əziz, çox dəyərlidirlər. Nənələrimi və babamı öz valideynlərim, ata-anamı bacı-qardaşım, bacılarımı və qardaşımı isə övladlarım olaraq görüb böyümüşəm. Müəllimə olan nənəmin mənə öyrətdikləri, onunla elmi-fəlsəfi, ədəbi söhbətlərimiz, onun gənclik xatirələri, peşəsinə olan sevgisi, babamla yaşadıqları müqəddəs eşq macərası məni həyəcanlandırıb, həyatı biraz da tanıdıb. Digər nənəmin – peşəsi aşbazlıqdır – yaşadığı iztirablar, zəhmətkeşliyi, ağrılı kənd qadını taleyi və bu əzabların onun bütün zahiri görünüşünə yansıtdığı hüzn məni püxtələşdirib. Atam çox müdrik və savadlı insandır. Onunla söhbət, müzakirələr mənə zövq verir. Anam evdar qadın olsa da, xüsusi ilə sənətlə bağlı özünməxsus zövqü, öz fikirləri, düşüncələri var. Və onların hamısının ilki, birincisi mən idim. Hərəsinin mənimlə bağlı bir ayrı arzusu, xəyalı var idi. Amma bu o demək deyildi ki, mən uğruna hər şeyi gözə aldığım sənəti onlara görə atmalıydım. Mən də zamanında onların istəklərindən imtina edib, öz istəyimin ardıyca getdim. Yenə olsa yenə edərəm. Əvvəl dediyim fikirləri elə anladılar ki, mən öz doğmalarımı sevmirəm. Sevirəm. Çox sevirəm. Amma sənəti daha çox sevirəm.

 

-Müasir Azərbaycan ədəbiyyatında dramaturq kimi Avropada ölkəni təmsil edən, əsəri Almaniyada səhnələşdirilən və filologiyanın magistratura pilləsində tədris olunan yeganə yazarsınız. Sizi digər gənclərdən fərqləndirən nə oldu ki, bu uğurlara imza atdınız?

 

-Tədris məsələsini, məncə, İradə Musayevadan soruşun. (gülür) Çünki həmin tədris olunan kitabın müəllifi İradə Musayevadır və mənim şeirlərim haqqında çox yaxşı təhlillər və tənqidlər  yazıb. Mənim yazdığım şeirləri məndən yaxşı şərh edib. Bu da magistraturada tədris olunur. Bununla bağlı mən hərdən tələbələrdən mesajlar alıram, suallarını cavablandırıram. Bu da məni sevindirir. Ən azından, mənimlə yetişən, məni oxuyaraq inkişaf edən bir nəsil var. Təbii ki, ümumi təhsil səviyyəsini nəzərə alanda mən daha yaxşı təhsil sitemində tədris olunmaq istəyərdim. Uğurlara gəlincə, Nitsşenin dili ilə desəm, "bir şeyi əldə etməmisənsə, deməli, kifayət qədər istəməmisən”. Mən qazanmışamsa, deməli, mən kifayət qədər istəmişəm.

 

-Gələcəkdəki planlarınız nədir?

 

-Ən böyük istəyim elm və sənətin bir-biri ilə qovuşmasıdır. Bunlar bir-birindən ayrı şeylər deyillər, tamamilə eynidirlər. İkisi də insanın inkişafı, insanın tərəqqisi naminədir. Bunlardan biri olmasa, inkişaf yoxdur. Ona görə elmi sənətlə calamaq lazımdır. Ağlatmaqdan, güldürməkdən çox öyrətsin. Mən də bundan sonrakı işlərimdə daha çox öyrətməyə çalışacam. Hazırda “Kiçik aləm, orta aləm, böyük aləm” haqqında elmi-bədii kitab yazıram. “Orta aləm” - yerküəsi, təbiət, ilk canlılar və insan məsələlərini ehtiva edən bildiyimiz və gördüyümüz hər şeydir. “Böyük aləm” – Günəş sistemi, ulduzlar, qalaktikalar, nebulalar, pulsarlar və digər nəsnələri özündə ehtiva edən fəza aləmidir. “Kiçik aləm” – hər şeyin təməlini ərsəyə gətirən atomaltı aləmdir. Buna Kvant fizikasının sadə və bədii dildə izahı da deyə bilərik. Amma burda təkcə elmi əsaslar, elmi analizlər, elmi təcrübələr, elmi nəzəriyyələr olmayacaq. Burda yer kürəsinin, yür kürəsində həyatın necə təşəkkül tapdığını şeirlər, səhnəciklər, hekayələr və dialoqlar öyrədəcək.  Hamısında sənətsəl, bədii və sadə, daha anlaşılan dildə danışmağa çalışacam.  Bu üç ayrı mövzuda kitab hazırlayıram və yaxın zamanlarda təqdim etməyə hazırlaşarım.

 

-Son olaraq demək istədiyiniz nəsə varmı?

 

-Son olaraq demək istəyirəm ki, seks, narkotik, LGBT, feminizm, ailə basqısı, ictimai qınaq kimi mövzuları bəşər övladının bir qismi çoxdan aşıb, keçib. Daha böyük problemlərin həlli, daha uca zirvələrin fəthi ilə məşğuldurlar. Arzulayıram ki, yaxın zamanda biz də daha üstün məsələlərdən, daha vacib problemlərdən danışacağıq.

 

-Müsahibə üçün təşəkkür edirəm.

 

-Mən də təşəkkür edirəm.

Картинки по запросу orxan bahadirsoy

Картинки по запросу orxan bahadirsoy

 

Müəllif: Mərahim Nəsib