Qum adalarının generalları

Cəmiyyət

18.09.2019 - 23:39

Bakının Fəvvarələr meydanını dənizlə birləşdirən küçələrdən birinin zirzəmilərində rus matrosu Azərbaycan generallarını güllələyirdi

 

Mən bu küçənin poçtalyonu olmaq istəməzdim: evlərin nömrələri tez-tez dəyişdirilir, bəzisini ha axtar, tapa bilməzsən. Ümumiyyətlə, burada qəribəliklər çoxdur: məsələn, sağ tərəfdə kirə haqqı sol tərəfdən bahadır. Bununla belə, soldakı zirzəmilərin arasında boş qalanlar var, hərçənd müştərilərlə dolu “Torqovı” beş-on addımlıqdadır…

***

 

Bakı, 1920-ci ilin mayı, Staro-politseyski küçəsi. Ötən ayın sonunda XI Qırmızı Ordu Azərbaycana soxulub, rus qoşunu yarızor-yarıhiylə ilə paytaxtı ələ keçirib və özü ilə xeyli yenilik gətirib. “Qırmızı terror”un mücəssəməsinə çevrilmiş Fövqəladə Komissiya (FK) həmin yeniliklərdən biridir. Komissiyaya rəhbərlik XI Ordunun Xüsusi şöbəsinin rəisi matros Semyon Pankratova tapşırılıb. Bolşeviklərin fəxrlə “Həştərxanın qənimi” adlandırdıqları Pankratov bu yazın əvvəli vilayətdə tətil edən fəhlələrin mitinqini pulemyot atəşi və qumbaralarla dağıdıb, ələ keçən etirazçıların hamısını məhv edib. Adamları barjalara yığıb, boyunlarından daş asıb dənizdə batırırlarmış.

 

Devrilmiş Bakı hökumətinin, buraxılmış parlamentin üzvlərini, diplomatları FK-nın yerləşdiyi 15/17 nömrəli evin zirzəmisinə doldururdular. Xarici işlər nazirliyinin Ümumi şöbəsinin müdiri Meçislav Rudzinskini buraya Polşa səfirliyinin əməkdaşları və rəhbəri – III dərəcəli nazir Titus Filippoviçlə birgə gətirmişdilər. Bir neçə gündən sonra əfsanəvi general-leytenant, Litva tatarı, müharibə qəhrəmanı, keçmiş Krım hökumətinin sədri və Azərbaycan ordusunun Baş qərargah rəisi Məmməd bəy Sulkeviçi də onların yanına saldılar. Rudzinski xatırlayır:

 

“Biz bir kamerada otururduq, söhbət edir, fikirlərimizi bölüşürdük. Əvvəl yerdə yatırdıq… Sonra taxçalar düzəltdik. Çevrilişdən bir neçə gün sonra sübh tezdən çekistlər gəldilər, bəzilərini oyatdılar… Tələsirdilər, məhbuslara onları hara apardıqlarını demirdilər… Mən Məmməd bəy Sulkeviçə yaxın yatırdım. O fürsət tapıb bir neçəmizin əlini sıxdı. Əmin idi ki, güllələnməyə gedir… Deməliyəm ki, özünü çox ləyaqətlə, mərd aparırdı”.

 

Azərbaycan Demokratik Respublikasının (ADR) banilərindən Məmməd Əmin Rəsulzadə isə öz xatirələrində belə bir əhvalat nəql edir:

 

“Qardaşım (əmisi oğlu – red.), parlament üzvü Məhməd Əli bəyin hekayətini ilk dəfə xalqa çatdırmaq istəyirəm. O, qorxmaz general Məmməd bəy Sulkeviçin qəhrəmancasına ölümünün şahididir. Onunla bir kamerada olan Məhməd Əli bəy söyləyirdi: “Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı çatıb. Ətrafa ölüm sükutu çökmüşdü. Onun gözlərinə baxmağa cəsarət etmirdik, biz təsəlli sözü tapa bilmirdik. General Sulkeviçin özü bizi qabaqladı, sakit, qətiyyətli səslə dediyi sözləri ömrüm boyu unutmayacağam: “Xoşbəxtəm ki, müsəlman Ordusunun zabiti kimi ölürəm. Xudahafiz!”

 

Rudzinskinin sözlərinə görə, bir müddət sonra kamerada məhbusların əlinə qəzet keçir. “Əksinqilabi fəaliyyətə görə” məhv edilənlərin siyahısında onlar Sulkeviçin də adını tapırlar. Generalı 1920-ci il iyul ayının 15-də həbsxanada güllələmişdilər. 

 

Staro-politseyski küçəsi

“Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov idi. – Həyatının şah əsəri – müstəqil Azərbaycan gözləri önündə didilib-parçalanan Rəsulzadə ürək ağrısı ilə yazır. – Pankratovun əmri fövqündə bir əmr yox idi”. 

 

Matros yeni vəzifəsində az, amma “məhsuldar” işlədi. Məhkum edilənlərin çoxunu zəhmət çəkib “ölüm adası” Narginə də göndərmirdi. Sadiq köməkçisi “yoldaş Lyubka” ilə birgə onları elə buradaca – həbsxananın həyətində ya zirzəmilərdə güllələyirdi. Bəlkə, qərarın dəqiq yerinə yetirildiyinə əmin olmaq istəyirdi, bəlkə, sadəcə, bu məşğuliyyət ona xüsusi zövq verirdi. İş o yerə çatdı ki, Azərbaycan kommunistlərinin rəhbəri Nəriman Nərimanov da vəhşiliyə dözmədi, rus çekistinin özbaşınalığından Moskvaya şəxsən şikayət etdi. Xəbər verdi ki, matros öz qərarlarını hətta İnqilabi komitə ilə razılaşdırmağa lüzum görmür. Bir neçə aydan sonra Pankratov AzFK-da səlahiyyətlərini “milli kadr” Baba Əliyevə təhvil verərək XI Ordunun Xüsusi şöbəsinə qayıtdı, bir ildən sonra isə Əzrayıl kimi Gürcüstanın sinəsinə çökdü. 

 

Staro-politseyski zirzəmilərinin sirrini çox adam bilmir. Bu barədə məlumatlara yalnız oradan sağ çıxmış məhbusların qırıq-qırıq xatirələrində rast gəlmək olur. Ahıl yaşlarına qədər ömür sürmüş, uzun muddət qohumu Üzeyir Hacıbəyovun muzeyinin direktoru olmuş Ramazan Xəlilov yaddaşını eşələyir: Keçmişdə “Vəhşi diviziya”nın unter-zabiti olduğum üçün məni 1920-ci ilin iyununda həbs etdilər. Staro-politseyskidə həbsxananın ümumi kamerasında ay-yarım saxlayandan sonra Nargin adasına göndərdilər…  Xüsusi şöbənin göstərişi ilə “əşyalarsız” yola yıgışmaq əmri alanları isə bizdən uzaqda olmayan Qum adasına güllələməyə aparırdılar”. Azərbaycanın Gürcüstandakı diplomatik missiyasının əməkdaşı Əsgərov-Kəngərlinskinin şahidliyinə görə, Demokratik Respublikanın bir çox generalları, o cümlədən hərbiyyə naziri Mehmandarov və onun müavini Şıxlinski də bu kamerada Pankratovun hökmünü gözləyiblər: 

 

“…məni Bakıda FK-ya köçürdülər, məşhur Pankratovun əlinə keçdim. Burada bir yığın hərbçiyə rast gəldim. Onların arasında ən kiçik rütbəli zabitlər də, bütün qərargahı yanında hərbi nazir general Mehmandarov da var idi. Başımıza açılan oyunların, mənəvi işgəncələrin hamısını sadalamayacağam. Bircə deyəcəyəm ki, hərbi nazırımızə, hörmətli ağsaqqalımıza ayaqyolu təmizləmək təklif olunanda, biz gənc zabitlər həmin işi onun yerinə görmək üçün irəli atıldıq, lakin əvvəllər adi polis olmuş erməni gözətçi kobudluqla bizi geri itələdi, dedi ki, klozeti, saqqalı ilə də olsa, Mehmandarov təmizləməlidir…”

 

Amma bizim alimlərimiz, yorulmaz tədqiqatçılarımız var ki (bunlardan biri “Güllələnmiş Azərbaycan generalları” kitabının müəllifi Şəmistan Nəzərlidir), əlləri yetən materialları araşdıraraq qəti nəticəyə gəlirlər: bolşeviklər zindana atdıqları adamların heç də hamısını Xəzərin Qum, Bulla, Nargin adalarına ölüm sürgününə göndərmirdilər. Görkəmli ziyalılarımızın, generallarımızın çoxunu gecələr birbaşa Pankratovun idarəsinin zirzəmilərində qətlə yetirir, meyitləri adalara aparırdılar. Orada onları basdırır, yaxud meyitlər şişib suyun üzünə qalxmasınlar deyə, onların boyunlarından daş asıb (yenə həmin tanış “matros xətti”!!!) dənizə tullayırdılar…

 

***

 

Bakı, 2019-cu ilin sentyabrı, Yusif Məmmədəliyev küçəsi. Akademik Məmmədəliyev dünyasını dəyişənə qədər (1961) o, əvvəlcə Staro-politseyski, sonra Kooperativnaya, Voroşilov adlanıb. 

 

Yoldan keçən tək-tük adamlar hər binanın girişini-çıxışını yoxlayan, fasadların şəklini çəkən, zirzəmilərə boylanan yaşlı kişiyə şübhə ilə baxırlar. Təkəbbürlü bir xanım XIX əsrin sonlarında memar Edelin tikdiyi, şəhərdə yarışır-yarıqartal heykəlcikləri ilə tanınan “Qrifonlu evin” eyvanından onun hərəkətlərini izləyir. 

 

– Nə axtarırsınız? – Qadın hikkə ilə soruşur. – Dünən də biri buralarda hərlənirdi. Nəsə itirmişdi, tapammırdı.

 

Bilirəm. Bu, Elmlər Akademiyasının işçisi, “Zerkalo”nun əməkdaşı Rəşad Rüstəmov idi. ADR dövrünü yaxşı bilən tarixçi kimi, ondan kömək istəmişəm. Biz 15/17 nömrəli evi axtarırıq. “15” hətta ən ümumi təsvirlərə belə uyğun gəlmir. “17” lövhəsi isə ümumiyyətlə gözə dəymir. Növbəti, 19 nömrəli ev də işə yaramır, amma bizə ipucu verir. Bu, ötən əsrin əvvəlində Rılski qardaşlarının sifarişi ilə memar Ploşkonun ucaltdığı dördmərtəbəli mülkdür. Mən şəhərin həmin illərə aid planını əldə etmişəm, Staro-politseyskidəki ev və mənzil sahiblərinin siyahısını araşdırmışam. 1919-1920-ci illərdə Rılskilərin mülkü “11”saylı olub, Polşanın Azərbaycanda ilk diplomatik nümayəndəliyi bu evdə yerləşib və Pankratov səfirliyin heyətini, görünür, məhz buradan tam tərkibdə öz idarəsinin zirzəmisinə köçürüb. Deməli, bizə lazım olan evin nömrəsi indi 21-25 arasında olmalıdır.  

 

Şənbə günü camaatı əbəs yerə narahat etməmək üçün əvvəlcə səhvə yol vermədiyimizə əmin olmalıyıq. Üz tutduğumuz 7 saylı Mənzil-kommunal sahəsində gümanımızı təsdiq edirlər. 

 

– Keçmiş 15, indiki 21 nömrəli binanı bir bank alıb. Onu hasarlayıblar, damından tutmuş zirzəmisinə qədər təmir edirlər, gələn il təhvil verəcəklər. Ancaq 17, yəni, hazırda 23 nömrəli evin balaca, mənzillərin artırmaları ilə daraldılmış həyəti və boş zirzəmisi qalır. Çətin ki, oranın sakinləri sizə nəsə danışa bilsinlər, çoxları kirayənişinlərdir, özləri də tez-tez dəyişirlər. 

 

…Nəhayət, mən 1920-ci ildə Azərbaycan Fövqəladə Komissiyasının yerləşdiyi binalardan birinin önündəyəm. Küçəyə baxan mənzillər əsaslı təmir olunub və obyeklərə icarəyə verilib. “Obyektlərin” girişini qərb üslubunda reklam lövhələri bəzəyir: solda – Pub ənd Grill, sağda Kaffeehaus. Onların arasında tağlı keçid var. Həyətə daxil oluram. Heç kim yoxdur. Düz qarşımda sarı dəmir qapılı zirzəmiyə aparan köhnə pilləkən görürəm. Enirəm, qapını açıram, bir-iki addım atıram və… dəhşətdən donuram. Qaranlıqda göz-gözü görmür, nəfəs almaq çətindir, turşumuş agır havada indiyədək mənə məlum olmayan zəif iy hiss edirəm. Osvensim məhbusu Cina Tergelin möcüzəvi xilasdan 70 il sonra dediyi sözlər yadıma düşür: “Həbsxananın kabus-qoxuları məni həmişə təqib edir”. Bayıra atılıram və ikinci mərtəbənin eyvanında paltar asan, bir gözü məndə olan ortayaşlı qadını ipdən sallanmış mələfələrdən yalnız indi seçirəm. Elə bilirəm, o da bayaq Edelin möhtəşəm eyvanından baxan xanım kimi üstümə çımxıracaq.

 

Amma paltar sərən qadın kədərlə gülümsəyir.

 

– Dəhşətlidir, hə? Biz bu zirzəmini “lənətlənmiş yer” adlandırırıq. Çalışırıq, heç ora girməyək.

 

– Niyə “lənətlənmiş”?..

 

– Deyilənə görə, Bakını tutandan sonra bolşeviklər həbs etdikləri müsavatçıları burada saxlayıblar. Hərbçiləri, hətta generalları elə zirzəmidəcə güllələyiblər. Bir də deyirlər ki, o zirzəmi çox böyükdür, əyri-üyrü yollarla dənizə qədər uzanır. Azmaq, çıxışı tapmamaq olar.  

 

– Düzü, mən orada genişlik hiss etmədim. 

 

– Yəqin, qonşu binanı təmir edəndə fəhlələr aranı kəsiblər.

 

– Həyətinizin başqa sakinləri ilə də danışmaq olarmı? Bəlkə, yenə nəsə deyə bilərlər?

 

– Siz kimsiniz? Alimsiniz? 

 

– Alim deyiləm, amma elm adamlarına sizin zirzəminin sirrini açmağa kömək etmək istəyən birisiyəm. Jurnalistəm. 

 

– Yox, – qadın çiyinlərini çəkib boş ləyənini qoltuğuna vurur. – Qonşuların, demək olar, hamısı bura bizdən sonra gələnlərdir. Mən söylədiklərimdən artığını eşitməyəcəksiniz.

 

23 nömrəli evdə mənzil sahibi Sevil xanım əməkdaşımız Ülviyyə Şahinə “lənətlənmiş zirzəmidən” danışır

 

***

 

Həyəti tərk edib gəldiyim dəhlizlə geri qayıdıram və Yusif Məmmədəliyev küçəsi əvəzinə… Staro-politseyskiyə çıxıram. İndi bura gurluqdur. Generallar, polkovniklər aralıqda gəzişirlər, kapitanlar, poruçiklər cərgə ilə addımlayırlar. Hamısını bir-bir əsgəri qaydada salamlayıram. Onlar nəsillərin əbədi hörmətinə layiqdirlər! Çünku bu generallar, polkovniklər, kapitanlar, poruçiklər o zabitlərdir ki, ən qısa vaxtda – cəmi bir il ərzində tüfəng görməmiş kəndlilərdən, fəhlələrdən, xırda sənətkarlardan nizami ordu yaratmağa müvəffəq oldular: axı çar Rusiyasında azərbaycanlıları əsgər aparmırdılar, onlara etibar eləmirdilər. Bunlar o böyük şəxsiyyətlərdir ki, 1919-cu ilin yayı və qışı, 1920-ci ilin yazında üç iri hərbi səfər təşkil etdilər, hər üçünü də qələbəylə başa vurdular, ölkənin ərazi bütövlüyünü bərpa etdilər. İndiyədək həmin uğurlar Azərbaycan milli ordusunun tarixində ən böyük qələbələr olaraq qalır! Guya Türkiyənin köməyinə tələsən 70 minlik rus sovet ordusu namərdlik edib Bakıya hücum çəkəndə isə paytaxt rayonunu bütün perimetr üzrə vur-tut 2-3 minlik hərbi dəstə qoruyurdu, qalanlar hələ sonuncu səfərdən qayıtmamışdılar. Odur ki, bolşeviklər tələm-tələsik FK-nın zirzəmilərini yüksək rütbəli Azərbaycan zabitləri ilə dolduranda, generalları güllələyəndə, sürgünə göndərəndə nə etdiklərini yaxşı bilirdilər. İşğalın ilk ilindəcə birbaşa FK-da və Xəzər adalarında çekistlər Hərbiyyə nazirliyinin 497 zabit və əməkdaşını məhv etdilər. Bunların arasında 12 şanlı generalımız da var idi: Həbib Səlimov, Murad Gəray Tlexas, Məmməd Sulkeviç, Əbdülhəmid Qaytabaşı, İbrahim Usubov, Əliyar Haşımbəyov, Əmir Kazım Mirzə Qacar, Feyzulla Mirzə Qacar… Hələ Qarabağda, Gəncədə, Zakatalada, digər bölgələrdə üsyanlar zamanı öldürülən nə qədər əsgər və zabitimiz oldu…

Bir daha arxamdakı binanın nömrəsini görmək, hansı dövrə, hansı küçəyə düşdüyümü anışdırmaq məqsədi ilə geri boylanıram. Qarabasmam yox olur. Pub əna Grill… Kaffeehaus… Əlbəttə, keçmiş həbsxanalarda restoran-kafelər, kameralarda meyxanalar açmaq indi dəbdədir, bir növ, kreativliyin göstəricisidir. Amma ağıl, məntiq və mənəviyyat çərçivələri tamamilə uçurulub dağıdılmamalıdır axı. Gözlərim önündəki səhnə qarşısında içimdə hansısa telin qırıldığını hiss edirəm. Odur, 23 nömrəli evlə üzbəüz də boş bir sahə var. Hələlik ondan maşın dayanacağı kimi istifadə edirlər, amma heç şübhəm yoxdur ki, artıq kiminsə beynində burada ağzının dadını bilənlər üçün növbəti art-obyekt, yaxud VİP-müştərilər üçün biznes mərkəzi tikmək planı yetişib. Bəlkə, bir dəfə fərqli düşüncə nümayiş etdirək: ləyaqət və tariximizə hörmət hissimizi gəlir qazanmaq ehtirasımıza qurban verməyək, cibimizə yox, ruhumuza xidmət edək? Dağılmaz ki bu Bakı… Bəlkə, o boş sahədə ADR sərkərdələrinə, “qırmızı terrorun” məğlubedilməz qurbanlarına heykəl ucaldaq, Fövqəladə Komissiyanın keçmiş binasını isə “lənətlənmiş zirzəmisi” ilə birgə “ON İKİ GENERALın muzeyinə çevirək?

 

Zaman da qulağımıza eyni şeyi pıçıldayır: müsəlman dünyasının ilk demokratik respublikasının bolşevik Rusiyasi tərəfindən işğalının yüzilliyinə az qalıb.

 

Müəllif: Arif Əliyev