Qoy bu siqnala da İlham Əliyev yox, İlham Mirzəliyev reaksiya versin...

Cəmiyyət

15.12.2023 - 17:41

Sibirdə yox, Bakıda yaşadığımız üçün donmamaq hüququmuzdan istifadə etmək istəyirik

Biz öyrəşmişik. Hər bir problemli, hətta məişət məsələsində belə, Prezidentə müraciət etməyə adətkarıq. Ət qalxdı – Prezident, yumurta bahalaşdı – Prezident, yolları su basdı – Prezident...

Hərdən adama elə gəlir ki, bu qədər nazir, komitə sədri, ASC rəhbəri Dövlət Baba üçün əlavə ballastdır. Ya əllərindən bir şey gəlmir, ya da öz funksiyalarını yerinə yetirmək istəmirlər. Vəzifə onlara yalnız yaxşı qazanc, sürücü, katibə, məşuqə və sabit yeyinti mənbəyidir.

Prezident İlham Əliyev dəfələrlə deyib ki, media onun üçün cəmiyyətdə baş verənləri, vəzifəlilərin necə işlədiyini öyrənmək üçün siqnal mənbəyidir. Və biz bu siqnalları verməkdə davam edirik. Amma...

Bu dəfə özümün də sakini olduğum Zahid Xəlilov küçəsi 59 saylı binanın sakinləri adından Prezidentə daha bir siqnal vermək istəyirəm. Amma bu siqnala Prezident İlham Əliyevin yox, “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyevin reaksiya verməsini istərdim.

Hörmətli İlham müəllim, bu gün dekabrın 15-dir və yuxarıda ünvanı göstərilən binanın sakinləri hələ də noyabrın 15-dən gözlədiyimiz istiliyi ala bilmir. Çox maraqlı situasiya yaranıb: Mətbuatda “Azəriqaz”ın verdiyi məlumata görə, “Azərisitilik” onlara 37,5 milyon manat borcludur, amma bu təşkilat heç cür işləyib pul qazanmaq istəmir.

Yüz dəfə “qaynar xətt”ə zəng, sahə rəisinə müraciət etmişik, amma evimizdəki radiatorlar ilıq belə, deyil. Deyirdilər ki, hava soyuduqca, temperaturu qaldıracaqlar, amma bu gün səhər maşının termometri +5 göstərdiyi halda, bizim evdəki radiatorlar soyuq susqunluğunu saxlamaqda davam edir.

Bu situasiyanın özümüz üçün bir neçə səbəbini tapmağa cəhd etdik. Bütün səbəb bildiklərimiz ehtimaldır, amma hər halda, yaşamağa haqqı olan ehtimallardır.

Birincisi, Prezident İlham Əliyevin Türk dünyasına olan özəl münasibəti hamımıza məlumdur. Əvvəl fikirləşdik ki, bəlkə, “Azəristilik”in sədr əvəzi də yakut türklərindəndir, çağırıb iş veriblər ki, bizdə işləsin. Axı onlar üçün +5 dərəcə heç soyuq sayılmır, əsl çimərlik havasıdır. Bəlkə, elə ona görə də Mirzəliyevin anlayışında həmin o soyuqlar hələ gəlməyib?

Amma yox, açıq mənbələrdən öyrəndiyimizə görə, o, əslən Yakutiyadan çox uzaqda yerləşən Azərbaycanın Göyçay rayonundandır. Bəs əcəba, qış vaxtı pulla almalı olduğumuz istiliyin olmamasının səbəbi nədir?

İkincisi: yəni ASC sədri əvəzi düşünür ki, insanların qızınması üçün ayrılan qaza qənaət etməklə, “Azəriqaz”ın borcunu ödəyəcək? Yoxsa dövlətə bu təşkilatın yaman gündə olmasını göstərməklə, əlavə dotasiya almaq istəyir?

Üçüncü ehtimal: “Azəriqaz” və “Azərişıq” ilə gizli sövdələşəməyə girib istiliyi vermirlər ki, insanlar ya kombiləri qoşub, qaz istehsal edən ölkə əhalisi üçün absurd saydığımız qaz limitini keçsinlər, ya da elektriklə işləyən qızdırıcıları işə salıb bahalı işıq pulu versinlər. Bu ehtimala ölkəyə kombi aparatları gətirən monopolistlərlə sövdələşməni də əlavə etmək olar.

Səbəb hər nə isə, reallıq ortadadır: son günlər Bakıda temperatur 5-8 dərəcəni keçmir, amma bizim binadakı radiatorları Şeron Stoun bilib qucaqlasaq belə, qızına bilmirik. Belə getsə, ASC-nin sədr əvəzi kimi qalacaq rəhbəri İlham Mirzəliyevin bu siqnala necə reaksiya verəcəyini və ümumiyyətlə verib-verməcəyini bilmirik. Amma bina sakinləri adından Azərbaycanın son illər yaranan ənənəsindən istifadə edərək cənab Prezident İlham Əliyevə bir təklifimiz var.

Cənab Prezident! Onsuz da dövlət qurumlarında daim optimizasiya gedilir, heç kəsə lazım olmayan, amma büdcənin boynunda oturan qurumlar ləğv edilir. Siz də bu seçkilər qabağı dövlətə “ayı xidməti” göstərən “Azəristiliktəchizat” ASC-ni asanlıqla ləğv edə bilərsiniz. Bu soyuqda xalqına belə soyuq münasibət göstərən insanların “Azər”ə çox az dəxli var. Elə “istilik” sözü də bu qurumun ancaq adında qalıb. “Təchizat” barədə isə radiatorlarımızın misalında dedim.

Belə bir şəraitdə dotasiya ilə işləyən bu qurumu ya ləğv etmək, ya da hansısa özəl şirkətə verib, normal təminata nail olmaq daha məntiqli deyilmi? Biz nə istəyirik ki? Evimizin kvadratına görə pul verib (hələ ki, pulu apteklərdə soyuqdəyməyə qarşı dərmanlara veririk), bizə düşən istiliyi almaq istəyirik.

Bu məqsədlə yaranmış bir qurumun pul qazanmaq istəməməsi ona rəhbərlik edənlər haqqında müəyyən mülahizələrə yol açır. Stalinin dövründə buna “sabotaj” deyirdilər və cəzası yaxşı halda Sibirə sürgün olurdu...

Ümid edirik ki, bizim media vasitəsi ilə verdiyimiz bu siqnala gözlənilən reaksiya olacaq və biz nəhayət ki, Sibirdə yox, Bakıda yaşadığımız üçün donmamaq hüququmuzdan istifadə edə biləcəyik.

Dərin hörmətlə: Zahid Xəlilov 59 ünvanında yaşayan sakinlər adından Mətin Yaşaroğlu

Müəllif: Ayna.az