“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Xəbərlər

21.01.2022 - 14:57

Milli Məclisin Aqrar siyasət komitəsinin bu ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 21-də Milli Məclisin Aqrar siyasət komitəsinin bu ilin yaz sessiyasında ilk iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, komitə sədri Tahir Rzayev iclasın gündəliyinə 2021-ci ilin payız sessiyası dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edildiyini deyib.

T.Rzayev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edərək bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də inkişaf edir.

Komitə sədri qeyd edib ki, hesabat dövründə komitənin 12 iclası keçirilib və 13 məsələyə baxılıb. “Taxıl haqqında”, “Atçılıq haqqında”, Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişikliklər müzakirə edilib, habelə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, komitə üzvləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində də fəal iştirak ediblər.

Komitə sədri vurğulayıb ki, hesabat dövründə vətəndaşlardan komitəyə 40 məktub, təklif, ərizə daxil olub. Müraciətlərin 22-si qaldırılan məsələlərin araşdırılması və həlli üçün aidiyyəti qurumlara ünvanlanıb, bəziləri isə komitə üzvləri tərəfindən müzakirə edilərək həll olunub.

Hesabat dövründə komitə üzvləri ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəalıq göstərib, Vətən müharibəsində şəhid olmuş qəhrəmanların anım tədbirlərində iştirak edib, şəhid ailələrinə və qazilərə dəstək verib, ölkəmizin iqtisadi və aqrar sahədə əldə etdiyi uğurlar barədə seçicilərini məlumatlandırıblar. Bundan başqa, aqrar sektorun inkişafı və perspektivləri ilə əlaqədar komitə üzvləri müvafiq dövlət qurumları ilə əlaqə saxlayıblar, müxtəlif konfrans, yığıncaq və tədbirlərdə, mətbuat səhifələrində çıxış ediblər.

Komitə sədri payız sessiyası dövründə komitə üzvlərinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindəki fəaliyyətindən, beynəlxalq tədbirlərdə videokonfrans formatında iştiraklarından söz açıb və ümumilikdə, Milli Məclisin ötən dövr ərzində qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.

Sonra iclasda komitənin 2022-ci il yaz sessiyası üçün iş planı müzakirə edilib. T.Rzayev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, şəhid ailələri və qazilər ilə görüşlər, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar müzakirələrin keçirilməsi planlaşdırılıb.

Müzakirələrin sonunda Aqrar siyasət komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Müəllif: Ayna.az