Qəzza fəlakətinə ara verildi: müvəqqəti atəşkəs tərəflərə nə qazandıracaq?

Aktual

23.11.2023 - 13:48

“İsrail öz hərəkətlərinin haqlı və qanuni qəbul edildiyi müddəti tükədib və ya özü də tükənib”

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib ki, onun rəhbərlik etdiyi hərəkat və İsrail Qəzza zolağında atəşkəs razılaşması əldə etməyə yaxındır. “Times of Israel” qəzeti yazır ki, Haniyənin bəyanatında HƏMAS-ın Qətərə və digər vasitəçilərə cavab verdiyi bildirilib, lakin təfərrüata dair məlumat verilməyib.

Bundan əvvəl “The Washington Post” İsrail, ABŞ və HƏMAS-ın hərbi əməliyyatlarda beş günlük fasilə müqabilində Qəzzada saxlanılan bəzi girovların azad edilməsinə imkan yaradan saziş bağlamağa yaxın olduğunu yazmışdı. Razılaşmada İsrail və HƏMAS-ın ən azı beş gün ərzində bütün hərbi fəaliyyətlərini dondurması nəzərdə tutulurdu. Bu müddət ərzində qrupun oktyabrın 7-də İsrailə hücumu zamanı götürdüyü təxminən 240 girovdan 50 və ya daha çoxu hər 24 saatdan bir dəstə-dəstə azad ediləcək.

Artıq noyabrın 22-də Qətər Xarici İşlər Nazirliyi Qəzza zolağında dörd günlük humanitar fasilə barədə razılığa gəldiyini elan edib. Bu barədə “RİA Novosti” yazır. Humanitar pauzanın başlama vaxtının yaxın 24 saat ərzində açıqlanacağı bildirilir. Bununla belə, mümkün olarsa, bu, dörd gündən çox davam edə bilər.

İsrail hökuməti dörd günlük humanitar fasilə zamanı Qəzza zolağından ən azı 50 girovun geri qaytarılması planını təsdiqləyib. TASS bu barədə çərşənbə günü, noyabrın 22-də Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatına istinadən yazır.

“İsrail hökuməti bütün girovları evlərinə qaytarmaq niyyətindədir. Hökumət bu məqsədə çatmağın birinci mərhələsi üçün planı təsdiqləyib, ona əsasən dörd gün ərzində ən azı 50 oğurlanmış qadın və uşaq azad ediləcək, bu müddət ərzində döyüşlərdə sakitlik olacaq. Daha 10 oğurlanmış şəxsin azadlığa buraxılması üçün daha bir gün atəşkəs təmin ediləcək”, - deyə bəyanatda qeyd olunur.

Ofisin aydınlaşdırdığı kimi, fasilədən sonra İsrail qüvvələrinin Qəzzada əməliyyatı tam bərpa olunacaq. Yekun qərar hələ açıqlanmayıb, lakin gördüyümüz kimi, belə müvəqqəti atəşkəsin bağlanma ehtimalı çox yüksəkdir. Maraqlıdır, İsrail üçün elə bir təhlükə varmı ki, HƏMAS bu müvəqqəti fasilədən öz qüvvələrini yenidən qruplaşdırmaq, bu müharibəni davam etdirmək üçün döyüş resursları toplamaq naminə uğurla istifadə edə bilsin?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Ukraynalı analitik, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos:

“Müxtəlif mənbələrdən gələn məlumatlara əsasən, girovların bir hissəsinin azad edilməsi ilə bağlı sazişin bağlanması praktiki olaraq bitmiş sövdələşmədir. Bu, münaqişənin deeskalasiyası və onun danışıqlar prosesinə keçirilməsi istiqamətində ciddi addımdır.

Bu hallar, təbii ki, hələ Qəzzada döyüşlərin tamamilə dayandırılacağına işarə etmir, əksinə, İsrail hökumətinə həm daxildən, həm də xaricdən təzyiqlərin müəyyən qərarların qəbuluna təsir etməyə başladığının siqnalıdır. Təl-Əvivdə girovların qohumlarının çoxsaylı nümayişləri, xarici siyasət ab-havasının pisləşməsi İsrail hökumətinin hərəkətlərinin təkcə onun əleyhdarları tərəfindən deyil, həm də tərəfdarlarının tənqidləri artıb.

Prezident Baydenin ənənəvi olaraq fələstinlilər üçün daha əlverişli olan Demokratlar Partiyasının nümayəndələri arasında reytinqinin aşağı düşməsi və çoxlu sayda mülki əhalinin - qadın və uşaqların ölümü ilə gözlərimiz önündə gedən humanitar fəlakət İsrail hökumətinin manevr meydanını xeyli daraldır.

Bura “Hizbullah”ın fəallaşdığı şimal sərhədində vəziyyətin xeyli pisləşməsini də əlavə edin. Bəli, onlar hələ tammiqyaslı münaqişə kimi görünmür, əksinə, hərbi hərəkətlər narahatedici xarakter daşıyır və İsraili bu regionda böyük hərbi qrup saxlamağa məcbur edir. Lakin son bir həftə ərzində ikinci cəbhənin açılması təhlükəsi xeyli artıb.

Aydın olur ki, İsrail öz hərəkətlərinin haqlı və qanuni qəbul edildiyi müddəti tükədib və ya özü də tükənib. Təbii ki, bu baxımdan HƏMAS-la bağlı sual yaranır, çünki bu təşkilatı və onun hərbi potensialını məhv etmək məqsədi gündəmdə qalır.

İndi beynəlxalq səviyyədə, demək olar ki, üç “yox” düsturunda ifadə olunan konsensus var - Qəzza zolağında HƏMAS-ın hakimiyyətdə olmaması, Qəzzanın İsrail tərəfindən işğalı və gələcəkdə Qəzzanın blokadası. Buna nail olmaq mümkündürmü? Təəssüf ki, bu suala hələlik cavab yoxdur.

Bu gün biz bir neçə təşəbbüs qrupunun mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün çalışdığını görürük. Razılaşmanın bağlanmasından sonra gələcək barışığın buna töhfə verəcəyi açıqdır”.

İsrailli siyasi ekspert, publisist Aviqdor Eskin:

“Qəzzanı təmsil edən Qətər ilə İsrail arasında dörd günlük atəşkəs müqabilində əlli israilli məhbusun azad edilməsi və iki yüz əlli terrorçunun İsrail həbsxanalarından azad edilməsi haqqında razılaşmalar əldə edildi.

Burada söhbət atəşkəsdən getmir. Bu, HƏMAS tərəfindən girov götürülmüş uşaq və qadınların azad edilməsi üçün müvəqqəti möhlətdir.

Qəzzada hərbi əməliyyat ləng də olsa, uğurla davam edir. Ordu komandanlığı hər şeyi edir ki, daha az əsgərimiz düşmən atəşinə tutulsun. Terrorçuların infrastrukturu artıq əsaslı şəkildə məhv edilib. Lakin müharibə yaramazlar tamamilə təslim olana qədər davam edəcək”.

Müəllif: Rauf Orucov