“Digər ölkələr koronavirusa qalib gələcək, amma Azərbaycan...”

Aktual

26.08.2020 - 19:11

Ədalət Rüstəm: “Operativ Qərargahdaklar səriştəsiz qərarlar verdikləri üçün, Azərbaycanda pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı proqnoz vermək mümkün deyil”

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünya ölkələrinə “karantini qaldırın” çağırışı birmənalı qarşılanmadı. Belə ki, indiyədək sərt karantin tərəfdarı olan ÜST, birdən-birə belə çağırış etməklə insanlarda çaşqınlıq yaratdı. Azərbaycan hökuməti isə bu çağırışı dəyərləndirərkən, “ÜST bütün ölkə ərazisində karantinin yumşaldılmasını tövsiyə edir, ayrı-ayrı bölgələr üzrə deyil”, - açıqlamasını verdi.

 

AYNA-nın mövzu üzrə suallarını həkim Ədalət Rüstəm cavablandırıb.

 

- Ötən həftə ÜST ölkələrə karantin rejiminin qaldırılmasını tövsiyə etdi. Bu, nə dərəcədə doğru addım olar?

 

- Bu açıqlama yalandır. ÜST adından kimsə mətbuata yalan informasiya ötürmüşdü. ÜST özü də bu informasiyanın yalan olduğunu mətbuata açıqladı.

 

- Artıq bir çox dövlətlər karantin rejimini kifayət qədər yumşaldır. Həmçinin, Azərbaycanda da karantin rejimi yumşaldılır. Amma nədənsə digər ölkələrdə olduğu kimi, bizdə karantin qaydalarına elə də güclü əməl edilmir...

 

- İnsanlara qaydalara əməl etməyi öyrətmək lazımdır. Sadə qaydaları insanlara öyrədəndən sonra artıq sərt karantin rejiminə gərək qalmır. İnsanlar öz işləri ilə məşğul olurlar. Sadəcə, insanlar bir-biri ilə öpüşməyi, əllə salamlaşmağı unutsalar, ara məsafəsi qorusalar, gigiyena qaydalarına əməl etsələr, karantin rejimi də tez bitər.

Koronaviruslu xəstələri müalicə edən həkim elə şeylərdən danışdı ...

- Rusiya peyvənd istehsal edib və öz ölkəsində tətbiqə başlayır. Rusiya mətbuatı vətəndaşlar arasında sorğu keçirib və məlum olub ki, insanların əksəriyyəti bu peyvəndi vurmaqdan imtina edir. Həqiqətənmi bu peyvənd gərəksizdir?

 

- Çünki Rusiyanın COVID-19-a qarşı hazırladığı pevənd üçüncü sınaqdan keçmədi. Üçüncü sınaq isə bir çox könüllü insanlar üzərində kütləvi tətbiq deməkdir. Bunu etmədən Rusiya elan etdi ki, bizim peyvəndimiz var. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı, başqa ölkələr və ciddi qurumlar Rusiyanın bu peyvəndini qəbul etmədi.  Ümumiyyətlə, ÜST-nin qəbul etmədiyi heç bir peyvənd insanlar üzərində tətbiq edilə bilməz. O cümlədən Rusiyanın qondarma peyvəndi.

 

- ÜST açıqladı ki, COVID-19-a qarşı peyvənd hazırlansa belə, bu, pandemiyanın bitməsi demək deyil. Pandemiya davam edəcək. Amma bir müddət öncə isə bəyan edilmişdi ki, vaksin tapıldıqdan sonra pandemiya bitəcək. İndi hansı açıqlamaya inanaq?

 

- Peyvənd effektli olsa belə, dünyada bütün insanlara vurulmayacaq. Peyvənd vurulmayan insanlar isə COVID-19-a yoluxacaqlar. Bu virus RNT tərkibli virusdur. Bu günə kimi bu tərkibli heç bir virusa qarşı peyvənd istehsal olunmayıb. Bu viruslar zaman keçdikcə mutasiya uğrayaraq zəifləyir və özləri məhv olur.  Koronavirus da zaman keçdikcə özü utasiyaya uğrayıb, zəifləyib, zamanla yoxa çıxacaq.

 

- ÜST onu da açıqlamışdı ki, koronavirusun tamamilə yoxa çıxması üçün 2 ilə qədər vaxt lazımdır…

 

- 2 il də ola bilər. Bir az əlavə vaxt lazım ola bilər. Normal dövlətlər, yəni İsveç, Belarus və digərləri pandemiyaya qalib gələcək. Amma bəzi dövlətlər bununla bacarmasa, pandemiya hələ uzun müddət davam edə biləcək. Bizdə isə səriştəsiz insanlar Operativ Qərargahda qərarlar verdikləri üçün, Azərbaycanda pandemiyanın nə vaxt bitəcəyini demək mümkün deyil. Ona görə mən Azərbaycanla bağlı proqnoz verə bilmirəm.

Müəllif: Təranə Xudabaxşiyeva