Keçmiş deputat və qudasına 15 sutkalıq inzibati həbs verilib
AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev və onun qudası Rövşən Mustafayev həbs edilib. AYNA xəbər verir ki, avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib.
İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb. Məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib. Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.
Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.