Seçicilərin 77,18 faizi konstitusiyaya əlavə və düzəlişlərin lehinə səs verib
Qazaxıstanda iyunun 5-də keçirilmiş konstitusiya referendumunda seçici fəallığı 68,05 faiz təşkil edib. AYNA xarici mediaya istinadən bildirir ki, referendumda iştirak edən vətəndaşların 77,18 faizi konstitusiyaya əlavə və düzəlişlərin lehinə səs verib. Əleyhinə çıxanlar isə 18,66 faiz olub.
Bununla da, Əsas Qanuna təklif edilən dəyişikliklər bütövlükdə qəbul olunmuş sayılır.
Qeyd edək ki, Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev aprelin 29-da Qazaxıstan Xalq Assambleyasının sessiyasında irəli sürüb.
Təklif olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə gücləndirilir, Konstitusiya Məhkəməsi yaradılır, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəa konstitusiyadan çıxarılır.