Referendumun keçərli olması üçün səsvermədə seçicilərin yarıdan çoxunun iştirakı vacibdir
Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum keçirilir. AYNA xarici mediaya istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb.
Səsvermə prosesi saat 20:00-dək davam edəcək.
Referendumun keçərli olması üçün səsvermədə seçicilərin yarıdan çoxunun iştirakı vacibdir. Mərkəzi referendum komissiyası yekun nəticələri səsvermədən sonrakı yeddi gün ərzində dərc etməlidir.
Qeyd edək ki, Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev aprelin 29-da Qazaxıstan Xalq Assambleyasının sessiyasında irəli sürüb.
Təklif olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə gücləndirilir, Konstitusiya Məhkəməsi yaradılır, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəa konstitusiyadan çıxarılır.