Hadisə nəticəsində 2 nəfər xəsarət alıb
26.11.2026-cı il tarixində saat 07:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. AYNA.AZ xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digər şəxsin vəziyyəti isə ağır qiymətləndirilir.
Qeyd edək ki, Qazax rayonunda evdə qaz partlaması nəticəsində iki nəfər yanıq xəsarətləri alıb. Hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Kənd sakinləri, 1961-ci il təvəllüdlü M.Kəlayev və onun anası, 1939-cu il təvəllüdlü D.Kəlayeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, ana və oğlu yaşadıqları evdə qaz sobasının partlaması nəticəsində xəsarət alıblar. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.