Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan son vaxtlar təmas xəttində artan gərginliyə erməni ordusunun baiskar olduğunu təsdiqləyən açıqlama ilə çıxış edib. AYNA moderator.az-a istinadən xəbər verir ki, baş verən itkilərlə bağlı hüquqi müstəvidə araşdırmaların aparıldığına və bu səbəblə də olaylar haqqında geniş danışa bilməyəcəyini qeyd edən Balayan, olaylara erməni ordusunun baiskar olduğunu dolayısı ilə təsdiqləyib.
Belə ki, düşmən rəsmisi qeyd edib ki, gərginliyin artmasına səbəb erməni ordusunun mühəndis işləri aparmasıdır. Q.Balayan qeyd edib ki, erməni hərbçiləri apardıqları mühəndis işləri nəticəsində mövqelərini gücləndirib, “rəqibin irəliləməsinin qarşısını alıb”.
Məlumat üçün qeyd edək ki, beynəlxalq qanun və konvensiyalara görə işğal edilmiş torpaqlarda istənilən təmir-inşaat və tikinti işinin, eləcə də mühəndislik işinin aparılması yolverilməzdir və bu, həmin ərazilərin ilhaqı kimi dəyərləndirilir.