"Qarşıdurmalarda minlərlə nümayişçi və hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb"
Qaraqalpaqda iğtişaşlar nəticəsində 18 nəfər həlak olub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun departament prokuroru Abror Mamatov deyib.
Onun sözlərinə görə, qarşıdurmalarda minlərlə nümayişçi və hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb.
Qeyd edək ki, Qaraqalpaqda iyulun 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bölgəni ayrılma hüququndan məhrum etməklə bağlı Konstitusiya maddəsinin dəyişdirilməsini istəməsindən sonra etirazlar başlayıb.
Xatırladaq ki, Qaraqalpaq Respublikası 1936-cı ildə Özbəkistan SSRİ-nin tərkibinə daxil olub. SSRİ-nin dağılmasından sonra respublika Özbəkistanın tərkibində qalıb, lakin suverenlik hüququ əldə edə biləcəyi Özbəkistan Konstitusiyasında təsbit edilib.
İyunun 4-də məlum olub ki, Özbəkistan Parlamentinin aşağı palatası ölkə Konstitusiyasına dəyişikliklər layihəsində Qaraqalpaq Respublikasının suverenliklə bağlı Konstitusiyadakı müvafiq maddənin ləğv edilməsini istəyib. Deputatlar bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər.