Politoloq: “Rusiya Cənubi Qafqazda varlığını qorumaq üçün Azərbaycanın yardımından faydalanmaq istəyir”
Rusiya Prezidenti Vladimir Putin avqustun 18-də axşam saatlarında Azərbaycana dövlət səfəri edib. Dünən isə Rusiya Prezidenti Putinlə Azərbaycan Prezidenti İlhasm Əliyev arasında görüş keçirilib, müzakirələr aparılıb. Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Ölkə başçıları Rusiya və Azərbaycan arasındakı münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, bir sıra məsələlərin ciddi və geniş şəkildə müzakirə olunduğunu vurğulayıblar.
İndiki gərgin məqamda Putinin Azərbaycana dövlət səfərinə bir sıra maraqlı yanaşmalar var. Ekspertlər hesab edirlər ki, Rusiya liderinin qəfl sayılan səfəri sıradan deyil və verilən mesajların bir çox mənaları var.
Putinin Azərbaycana səfəri və verilən bəyanatlarla bağlı AYNA-nın suallarını cavablandıran politoloq Natiq Miri deyib ki, bu səfər həssas məqamda çox əhəmiyyətli siyasi səfərdir:
- Birincisi, bu, çox gözlənilməz səfərdir. Cənubi Qafqazın lideri olan Azərbaycana Putinin gəlişi bütün dünyanın diqqətini buraya yönəltdi. Baxmaq lazımdır ki, Rusiya Prezidenti hansı məqamda Bakıya gəldi. Birincisi, bu gün Yaxın Şərqdə gərginlik yaşanır, İran-İsrail müharibəsi ehtimalı böyüyür. Hər kəs narahatdır ki, bölgədə yeni bir müharibə ocağı alovlana bilər. Bununla bağlı bir müddət əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfər etdi, ardınca Bakıya gəldi. Düşünürəm ki, Şoyqunun Bakıya gəlişi Putinin Azərbaycana səfərinin detallarını hazırlamaq xarakteri daşıyırdı. Putinin gəlişi strateji xarakter daşıyır. Dediyim kimi, bölgədəki gərginlik fonunda Rusiya-Azərbaycan məsləhətləşməsinə ehtiyac var. Nəbzlər yoxlanmalıdır. İran-İsrail müharibəsi olduğu halda qonşu ölkələrin davranışları çox vacibdir. İkincisi, Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayıb. Bu məsələdə də Cənubi Qafqazın lider ölkəsi ilə məsləhətləşmələr Moskva üçün görünür vacib olub. Onu da unutmayaq ki, Azərbaycan sözün əsl mənasında həm Rusiya-Ukrayna arasında vasitəçi ola bilər. Hesab edirəm ki, Türkiyə və Çin kimi güclərin sülh vasitəçiliyi qəbul olunmadığı halda, Azərbaycanın vasitəçiliyi qəbul oluna bilər.
Nəhayət Rusiyanın strateji maraqlarına daxil olan digər məsələ Azərbaycanla Ermənistan arasındakı sülh prosesidir. Bu gün ABŞ Cənubi Qafqazda, xüsusilə, Ermənistanda fəallaşıb. Amerika hərbi baxımdan ciddi şəkildə Ermənistanda yerləşir. Belə bir vəziyyətdə Rusiya estafeti ABŞ-a vermək fikrində deyil. Azərbaycan Prezidenti ilə görüşdə Rusiya Prezidentinin səsləndirdiyi fikirlər təxminən bu yöndə idi ki, Rusiya sülhdə vasitəçi olmaq istəyir. Əgər Rusiya əvvəl bəyanatlarında sərt idisə, diktə edən idisə, indi yumşaq bəyanat verir, sülh prosesində yardım xahişi edir.
- Rusiya yenidən vasitəçiliyə qayıdır?
- Rusiya Azərbaycan və Ermənistan liderlərinin yenidən Moskva platformasında bir araya gəlməsində maraqlıdır. Güman ki, bu yöndə Rusiya və Azərbaycan liderləri ciddi müzakirələr aparıblar. Rusiya üçün bu gün Azərbaycan ona görə vacibdir ki, ABŞ, bütövlükdə Qərb Ermənistan vasitəsilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq siyasətinə başlayıb. Və bu prosesdə müəyyən məsafə qət ediblər. Azərbaycan ona görə önəmlidir ki, istənilən prosesə Azərbaycanın “dur!” deyə bilməsi regionun qan gölünə çevrilməsinin qarşısını ala bilər. Təbii ki, bu kontekstdə Rusiya Cənubi Qafqazda varlığını qorumaq üçün Azərbaycanın yardımından faydalanmaq istəyir. Azərbaycan təkcə Rusiyanın yox, ümumiyyətlə digər güclərin də sülh prosesində vasitəçiliyində maraqlı deyil. Bakı istəyir ki, İrəvanla danışıqlar ikitərəfli olsun. Güman ki, Rusiya Prezidentinə bu mövqe bir daha çatdırılıb.
- Maraqlı məqamlardan biri də Rusiya Prezidentinin səfəri ərəfəsində şərti sərhəddə Ermənistanın təxribatları baş verdi. Bu nəyin mesajıdır?
- Əminəm ki, Ermənistan ABŞ-ın təhriki ilə atəş açdı. Bu, ABŞ-ın Putinin Azərbaycana səfərə reaksiyası idi. Düzdür, bunun arxasında başqa niyyətlər də var, amma əsas mesaj bundan ibarət idi. ABŞ bununla bəyan etmək istəyir ki, Rusiya istəsə də ki, Cənubi Qafqazsa sülh bərqərar olsun, Vaşinqton istəməsə, buna imkan verməyəcək. Bakıya müsaj verildi ki, Moskva ilə bu qədər yaxınlaşma məqbul deyil.
- Dediniz ki, burda başqa niyyətlər də var. Söhbət hansı niyyətlərdən gedir?
- Məlumdur ki, Ermənistan atəşkəsə nəzarət üçün mexanizm yaradılması təklifini irəli sürüb. Bu təklif İrəvandakıların beyninin məhsulu deyil, Qərbin fikirləşib ortaya çıxardığı təklifdir. Ermənistanın əli ilə Qərb videomüşahidə qurğularını şərti sərhəddəki səngərlərdə yerləşdirməklə, prosesə nəzarəti təmin etmək niyyətindədir. Bölgədə beynəlxalq nəzarət mexanizminin yaradılmasını istəyirlər. Məqsəd də müəyyən faktları təhrif etməklə, yalançı faktlar yaratmaqla qarşı tərəfi, yəni Azərbaycanı ittiham etsinlər. Onlar səmimi olmadıqları üçün Azərbaycan belə mexanizmləri rədd edir. Beynəlxalq nəzarət mexanizmləri qarşılıqlı etimad olduğu halda keçərlidir. Bu gün Ermənistana Azərbaycan etimad etmir, edə bilmir.
- Qarabağda Rusiya konsulluğunun açılması məsələsi də Putinin səfəri zamanı gündəmə gətirilib. Rusiya mediasında iddia olunur ki, Putin Bakıda bu məsələni də müzakirə edib. Məsələni necə qiymətləndirirsiniz?
- Bundan əvvəl səfir səlahiyyətlərini başa vuran Polad Bülbüloğlu Rusiya mətbuatına müsahibəsində bunun mümkünlüyü haqqında danışıb. Belə bir niyyət olmasa, səfir belə açıqlama verməzdi. Məsələ burasındadır ki, Qarabağda Rusiya konsulluğunun olması bizim maraqlarımıza uyğun deyil. Deyə bilinər ki, Rusiyanın iki böyük şəhərində - Sankt Peterburq və Yekaterinburqda Azərbaycanın baş konsulluqları var, Azərbaycanda da Rusiya konsulluğu olsun, balans pozulmasın. Balaqnsı yaratsınlar, amma Qarabağda yox, Gəncədə. Gəncədə ruslar yaşayır, müəyyən investisiyaları var. Ola bilər ki, Rusiyanın Gəncədə diplomatik missiyasının olması normaldır. Amma Qarabağda ruslar yaşamır, Qarabağın quruculuğunda Rusiyanın böyük şirkətləri işləmir. O zaman bu diöplomatik korpus kimə, nəyə xidmət edəcək? Yəqin ki, bu məsələlər Bakı tərəfindən Moskvanın diqqətinə çatdırılıb.
- Putinin Azərbaycana səfərindən bölgədə hansı dəyişikliklərin şahidi ola bilərik?
- Putin Bakıda verdiyi bəyanatda dedi ki, Rusiyaya qayıtdıqdan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlayacaq, Bakının mövqeyini çatdıracaq. Putinlə Əliyev arasında sülh məsələsi geniş və ciddi müzakirə edilib. Rusiya Ermənistana təsir imkanlarından istifadə edə bilər və bu, sülhə yaxınlaşmağa yardım edə bilər.
Düşünürəm ki, regionda qüvvələr nisbətini dəyişmək istəyən Qərbə də Putinin səfəri ilə mesaj verildi. İndiki vəziyyətdə Cənubi Qafqazda mövcud olan Rusiya, Türkiyə, Çin kimi güclərin qlobal maraqlarının nəzərə alınması mesajı verilmiş oldu. Nəhayət, yeni nəqliyyat-kommunikasiya məsələlərində dəyişiklik gözləniləndir. Çünki müzakirələrdə və bəyanatlarda bu məsələyə ciddi toxunuldu.