“Putini “kloun” adlandırdığı Zelenski devirə bilər” – Sabiq səfir

Aktual

01.03.2022 - 10:24

Ceyhun Mollazadə: “Kreml elə təəssürat yaratmışdı ki, guya bir neçə gün ərzində Kiyevdə iqtidarı dəyişməyə nail olacaqlar”

Selman Arslanbaş: “Gedişat təkcə Rusiya və Ukrayna üçün deyil, bütün dünya üçün təhlükəlidir”

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dünya gündəmini məşğul edən əsas mövzudur. Bir həftəyə yaxındır ki, Ukrayna ordusu Kiyev, Xarkov və digər şəhərlərdə nəzarəti ələ keçirməyə çalışan rus qoşunlarının qarşısını qətiyyətlə alır. Prezident Volodimir Zelenski bildirib ki, növbəti 24 saat həlledici olacaq. Onun sözlərinə görə, hazırda həmişə olduğundan daha çox ölkəsinin Qərbin dəstəyinə ehtiyacı var.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların siyahısı durmadan genişlənir. Avropa İttifaqının (Aİ) öz hava məkanını tamamilə Rusiya təyyarələrinə bağlaması, Rusiyanın SWIFT-dən çıxarılması, Rusiya Mərkəzi Bankının bütün rezervinə sanksiya qoyulması, ABŞ və Qərbin Ukraynanı silahlandırması, Rusiyanın bütün idman və mədəniyyət tədbirlərindən kənarda saxlanılması şimal qonşumuzu çıxılmaz duruma salıb. Moskvanın hücumları davam etdirəcəyi təqdirdə, Ukraynayanın Aİ-yə üzv olacağı və NATO-nun Kiyevə hərbi dəstək verəcəyi də söylənilənlər arasındadır.

Bu arada, Kremlin maliyyələşdirdiyi 400 nəfərdən çox “Vaqner” yaraqlısının da Ukraynaya girdiyi, Prezident Volodimir Zelenskini və Nazirlər Kabinetinin üzvlərini qətlə yetirməklə bağlı təlimat aldıqları barədə də məlumatlar yayılıb.

Eyni zamanda, müharibə və sanksiyalar fonunda rus rublunun kəskin enməsi müşahidə edilir. Dünya birjalarında neftin kəskin qiymət artımı da bununla əlaqələndirilir. Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya, Fransa və digər Qərb dövlətlərinin liderləri sona qədər Ukraynaya dəstək verəcəklərin bəyan ediblər.

Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, politoloq Ceyhun Mollazadə AYNA-ya açıqlamasında deyib ki, Putin və onun təbliğat maşını uzun illər ərzində Zelenskiyə təlxək etiketini yapışdırmağa çalışıb: “Məlumdur ki, Volodimir Zelenski demokratik seçkilər nəticəsində hakimiyyətə gəlib. Azad və ədalətli seçkilərdən sonra Kreml hər vəchlə onu “kloun” kimi təqdim etməyə çalışıb. Görək, müharibənin nəticəsi necə olacaq? Görünən budur ki, Rusiyadakı avtokratik rejimi “kloun” devirə bilər. Moskva müharibənin beçinci günündə sülh danışıqlarına ümid bəslədi? Doğrudan? Əgər sülh danışıqları bu qədər vacibdirsə, cənab Putin, niyə müharibəyə başladınız? Siz sülhməramlısınız? Yoxsa sən göyərçinsən? Artıq dəyişmək zamanıdır”.

“Elə təəssürat yaratmışdılar ki, guya bir neçə gün ərzində Kiyevdə iqtidarı dəyişməyə nail olacaqlar. Vay aman, yanlış hesablamalar. “Kloun” pulemyot götürüb ukraynalıları öz vətənlərinin müdafiəsinə aparır. Unutmaq lazım deyil ki, Ukrayna nəhəng ölkədir. Millətçi qüvvələr sona qədər mübarizə aparacaq və ruslar böyük itkilər verərək Ukraynanı tərk edəcəklər. Təbii ki, buna öz xoşları ilə getməyəcəklər, sadəcə məcbur qalacaqlar. Başqa yolları yoxdur”, - deyə diplomat bildirib.

Mollazadə əlavə edib ki, Ukrayna bu gün vaxtilə Krımın işğal edildiyi vəziyyətdə deyil, kifayət qədər silahlanıb: “Bu təcavüzün qarşısını alacaqlar. Mən buna əminəm. Sadəcə bir az zamana ehtiyac var. Bu, Rusiya imperiyasının son, lakin uğursuz bir cəhdidir. İnşallah, biz də bu günü görəcəyik. Rusiya da normal ölkə olmalı, NATO-da olub-olmamağından asılı olmayaraq bütün qonuşları ilə sülh şəraitində yaşamalıdır”.

ABŞ-da təhsil alan türkiyəli siyasi icmalçı Selman Arslanbaş da AYNA-ya şərhində söyləyib ki, Ukrayna cəmiyyəti öz azadlığı uğrunda mübarizə aparır və bütün sivil dünya onun arxasındadır: “Ukrayna ilə bağlı gərginlik xeyli müddətdir davam edir. Bilirsiniz ki, ABŞ və Qərb dövlətləri hələ bir neçə həftə bundan öncə öz vətəndaşlarına xəbərdarlıq etdi ki, bu ölkəni tərk etsinlər. Təbii ki, bütün bunlar təsadüfi deyildi və onlarda bunula bağlı dəqiq kəşfiyyat məlumatları mövcud idi”.

“Lakin bu açıqlamalar verilən dövrlərdə bir çoxları bunun baş verəcəyinə inanmır, rəsmi Moskva isə hər vəchlə təkzib etməyə çalışırdı. Hesab edirəm ki, hər iki tərəf, o cümlədən digər maraqlı tərəflər bu müharibəyə çoxdan hazırlaşırdı və bu xüsusda baş verənlər gözlənilən idi”, - deyə analitik vurğulayıb.

Onun sözlərinə görə, hadisələrin inkişafı təkcə Rusiya və Ukrayna üçün deyil, bütün dünya üçün təhlükəlidir: “Avropa hava məkanı Rusiya üçün tamamilə bağlıdır. Rusiya Mərkəzi Bankının əməliyyatları bloklanıb. Bəzi Rusiya bankları SWIFT-dən çıxarılıb. Bir çox nəhəng korporasiyalar Rusiya ilə iqtisadi əlaqələrinə qon qoyub. BP “Rosneft”də iştirakını dayandırıb. Rusiyanın Ukrayna ərazisində əməliyyatı davam edir. Çətin həftə sonundan sonra maliyyə bazarları daha bir pis gün gözləyir. Bütün hallarda Moskva müstəqil dövlətlərin sərbəst siyasət yürütmək imkanlarını anlayışla qarşılamalıdır. Tərəflərin dialoq müstəvisində müzakirələr aparmasına, hərbi ritorikaya son qoymasına ciddi ehtiyac var”.

Arslanbaş Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnarı şəxsən tanıdığını qeyd edib: “Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnarı çoxdan tanıyıram. Türkiyəni və türkcəni sevən bir diplomatdır. Onun vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinə dəfələrlə şahid olmuşam. Bu çətin günlərdə Ukrayna xalqı üçün böyük əzmkarlıq ortaya qoyub. Bir daha bildirmək istəyirəm ki, biz onun, ailəsinin və bütün Ukrayna xalqının yanındayıq”.

Müəllif: Azər Niftiyev