Putin və bandası edam kötüyünə çıxarılmalıdır - Əsrin faşizmi

Dünya

04.04.2022 - 22:13

Bu, öldürülən, zorlanan, ağlasığmaz işgəncələrə məruz qalan ukraynalıların və vicdanı olan hər bir insanın tələbidir

Ruanda və Yuqoslaviyada soyqırımı ilə bağlı işlərə baxan BMT tribunalının keçmiş prokuroru Karla del Ponte Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsini istəyib. O, bu barədə “Le Temps”ə müsahibəsində bildirib.

Karla del Ponte Kreml rəhbərini hərbi cinayətlərə görə dərhal mühakimə edilməli olan “müharibə cinayətkarı” adlandırıb. Bu məqsədlə o, həmkarlarını Putinin həbsi üçün order verməyə çağırıb.

“Bu, hərbi cinayət törədəni həbs etməyə və onu tribunala verməyə imkan verən yeganə mövcud alətdir. Qərarın verilməsi o demək deyil ki, o, həbs olunacaq: Rusiyada qalsa, bu, heç vaxt baş verməyəcək. Lakin o, ölkəni tərk edə bilməyəcək və bu, artıq dünyanın ona qarşı olduğuna dair mühüm siqnal olacaq”, - deyə prokuror söyləyib.

Polşanın Baş naziri Mateuş Moravetski də açıqlama verib ki, rus işğalçılarının Buça və Kiyev vilayətinin digər şəhərlərində ukraynalılara qarşı törətdikləri cinayətlər soyqırımı kimi qiymətləndirilməlidir. O, Rusiya Federasiyasının vəhşiliklərini və təsirli sanksiyaları müzakirə etmək üçün Avropa Şurasının çağırılmasını tələb edib.

“Bütün cinayətlərdə təqsirli olanlar üzərində beynəlxalq tribunal olmalıdır - həm dolayı, həm də birbaşa. Buçadakı qətliam Avropa və bütün dünya üçün həyəcan sinalından daha çox şeydir. Bu, ədalət, azadlıq və yaşamaq hüququ üçün çılğın bir fəryaddır”, - deyə Moravetski vurğulayıb.

Polşanın Baş naziri Avropa İttifaqını (Aİ) bütün Rusiya aktivlərini və rus oliqarxlarının banklarındakı aktivlərini müsadirə etməyə çağırıb: “Aİ Moskva ilə bütün ticarət əlaqələrini mümkün qədər tez kəsməlidir. Avropa pullarının Kremlə axını dayandırılmalıdır. Putinin cinayətkar və getdikcə totalitarlaşan rejimi yalnız bir şeyə layiqdir: həqiqətən işləyən sanksiyalara”.

Təbii ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bu məsələyə münasibət bildirib. O, Buçada dinc əhalinin öldürülməsi ilə bağlı xəbərlər fonunda Rusiyaya qarşı dərhal sanksiyalar tətbiq etməyə çağırıb: “Buçadakı qırğınlar qəsdən törədilib. Ruslar mümkün qədər çox ukraynalı öldürməyə çalışırlar. Biz onları dayandırmalı və qovmalıyıq. Mən hazırda yeni dağıdıcı G7 sanksiyalarını tələb edirəm”.

Kuleba Rusiya nefti, qazı və kömürünə embarqo qoymağa çağırıb; rus gəmiləri və malları üçün bütün limanların bağlanmasını; bütün rus banklarının SWIFT-dən çıxarılmasını tələb edib.

Yəqin ki, belə də olacaq. Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlər çox sarsıdıcıdır. Rusiyada ortaya çıxan aşkar təkzibləri sitat gətirməyə ehtiyac yoxdur. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi, işğalçı ölkənin müxtəlif “danışan başları” təbii ki, ətrafda şok və dəhşətə səbəb olanları inkar edirlər və uzun müddət inkar edəcəklər. Eyni şəkildə Hitler Almaniyasının bir çox nümayəndəsi İkinci Dünya müharibəsi illərində ölkələrinin cinayətlərini inkar edirdi. Bəli, “bütün bunlar Hitlerin və Göbbelsin cinayətləri idi, amma heç nə bilmirdik” deyənlər də oldu.

Amma bütün bunlar kollektiv məsuliyyətdən yayınmaq istəyənlərin primitiv yalanı idi. Yeri gəlmişkən, ruslar faşist Almaniyasının vətəndaşlarından fərqli olaraq, alternativ məlumat almaq, öz ordusunun, öz əsgərlərinin hücum etməyən dinc Ukraynada törətdiyi cinayətlər haqqında həqiqəti öyrənmək imkanına malik idilər və indi də hər kəsdə bu imkan var. Onlar Buçada on yaşlı qızlara necə təcavüz edildiyini, anaların uşaqlarının gözü qarşısında necə zorlandığını, ukraynalıların cəsədlərində svastika damğası vurulduğunu, əlləri bağlı insanları necə güllələdiklərini, tankların onların üstündən necə keçdiyini öyrənə bilərlər. Bunların heç biri yadplanetlilər tərəfindən edilməyib. Bütün bunları rus işğalçıları edib!

Rusiyalı iqtisadçı və siyasətçi Vladislav İnozemtsev isə “Facebook” səhifəsində “Buça və İrpendən gələn xəbərlər ona görə o qədər dəhşətli deyil ki, Putini birmənalı olaraq hərbi cinayətkar edir, ona görə dəhşətlidir ki, rus ordusunun “keyfiyyətini” göstərir”, - deyə yazanda tamamilə haqlıdır.

“Mülki əhalinin qətlə yetirilməsi, kütləvi məzarların qazılması, kütləvi talan və Belarusdan Rusiyaya qənimət olan bağlamaların göndərilməsi – bütün bunlar o deməkdir ki, ölkədə rejim tərəfindən silah altına alınan bir milyona yaxın insan ordu yox, o qədər də yaxşı təşkil olunmamış bandadan başqa bir şey deyil”, - deyə İnozemtsev vurğulayır.

Tamamilə doğrudur. Və bu bandanın hər bir üzvü məsuliyyətə cəlb olunmalıdır. Bunu öldürülən, zorlanan, ağlasığmaz işgəncələrə məruz qalan ukraynalılar tələb edirlər. Bunu qulağı, gözü, vicdanı olan hər bir insan tələb edir. Bunu bütün dünya tələb edir.

Müəllif: Əkbər Həsənov