“Putin ən ağlasığmaz addımları atacaq, çoxsaylı qurbanlar onu dayandırmayacaq”

Aktual

16.04.2022 - 10:21

Bəs dünya ictimaiyyəti Ukraynanın mülki əhalisinin necə məhv edildiyini sakitcə izləməyə hazırdırmı?

Ukrayna Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəni dayandırmağa artıq hazır olduğunu göstərən bir neçə əlamət səsləndirib. Bu barədə UNİAN məlumat yayıb.

"Onlar müharibəni bitirmək istəyirlər, çünki döyüş meydanında məğlubiyyətləri və onların iqtisadiyyatına ağır zərbə vuran sanksiyaların birləşməsi Rusiya Federasiyasının özündə ictimai-siyasi vəziyyəti şübhə altına alır", - deyə Arestoviç bildirib.

Qeyd edib ki, ruslar səkkiz əməliyyat zonasından altısında uduzublar: “Digər məsələlərlə yanaşı, bu, Rusiya Federasiyasının Kiyevə hücum etmək istəmədiklərini, yalnız qoşunların istiqamətini dəyişdirmək istədiklərini elan etdikdə aydın oldu. İndi onların əsas narahatlığı Putinin Zelenski ilə görüşə ən azı bir növ güclü mövqeyi ilə gəlməsidir. Çalışırlar ki, heç olmasa nəsə götürsünlər - Mariupol, Donbass zonası. Heç olmasa ciddi təhlükə yaratsınlar, çünki Putin olan yerdə qələbə var. O, total məğlubiyyətlə danışıqlara gələ bilməz”.

Arestoviç əmindir ki, Putin özünə qarşı saxta sui-qəsd təşkil etməklə belə, baş verən itkilərə görə ətrafını günahlandırmağa hazırdır: “Onlar Mariupolu ala biləcəkləri illüziyasına malikdirlər, onlar Donbass zonasını mühasirəyə ala biləcəklərini düşünürlər ki, Putin əlində nə iləsə danışıqlara gəlsin, daha indiki kimi o qədər biabırçı mövqedən deyil”.

Çox maraqlı və müəyyən mənada, ən azı qanı, döyüşləri dayandırmaq qabiliyyəti baxımından ruhlandırıcı versiyadır. Bəs Arestoviç bu proqnozunda nə dərəcədə haqlıdır? Onun sözlərinə inanmaq istərdik, amma ola bilərmi ki, o, çox yanılır və Kreml diktatoru hələ də dayanmağın vaxtı olduğunu başa düşmür?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Ukraynanın keçmiş informasiya siyasəti nazirinin müavini, Post-İnformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Mogilyan Akademiyasının müəllimi Dmitri Zolotuxin:

“Təəssüf ki, məncə, “bitirmək istəyir” və “bitirə bilər” arasında fərq var. Düşünülməmiş addımları və Ukrayna istiqamətində kəşfiyyat fəaliyyətindəki fəlakətli uğursuzluqları ilə Putin özünü dalana dirədi.

Onun axmaq hərbi qumarına görə ödədiyi qiymət indi konkret nailiyyətlərlə balanslaşdırılmalıdır. Bu nailiyyətlər yalnız döyüş meydanında mümkündür, çünki bütün digər yollar onun üçün bağlıdır.

Rusiyada ictimai rəy “sona qədər mübarizə aparmağı” tələb edir. Bu, o deməkdir ki, Putin bu “sonu” ən azı nöqtəli vergül qoya biləcəyi bir şeydən yaratmalıdır.

Rus ordusunun bütün elit, ən döyüşə hazır bölmələri ya məhv edilib, ya da döyüş qabiliyyətinə malik deyil. Amma necə deyərlər, hələ də “qadınların doğmadığı uşaqlar” çoxdur.

İşğal qüvvəsinə Suriyadakı Rusiya kontingentinin keçmiş komandiri Aleksandr Dvornikov rəhbərlik edəcək. O, birbaşa təmasdan qaçmaq taktikası ilə tanınır. Əvəzində o, sadəcə olaraq Suriya şəhərlərini mülki əhalidən asılı olmayaraq yerlə-yeksan etməyə çalışıb.

Ona görə də Arestoviç tamamilə haqlıdır. Lakin vəziyyətin inkişafı daha çox küncə sıxışdırılmış siçovul kimi davranan Putindən asılı deyil.

Hər şey dünya ictimaiyyətinin sədaqətli itin – Dvornikovun öz ağasına ən azı bir qədər qələbə illüziyası yaratmaq üçün Ukraynanın mülki əhalisini necə məhv etdiyini sakitcə izləməyə hazır olub-olmamasından asılı olacaq”.

Rus politoloq (Vilnüsdə yaşayır) Konstantin Eggert:

“Əslində, heç kim Putinin nə düşündüyünü və ona hansı məlumatların çatdırıldığını bilmir. Görünür, o, ilkin əməliyyat planının fəlakətli olduğunu anlayıb və buna görə də əməliyyat komandanlığını dəyişib.

Üstəlik, indi heç olmasa, həqiqətən kimin əmr etdiyini bilirik. Bu, Suriyada bir qrupa komandanlıq edən general Dvornikovdur.

Fikrimcə, bu, yalnız bir şey deməkdir - Putin öz məqsədinə çatmaq üçün, yəni Rusiyadan Krıma quru dəhlizinin açılması üçün bu yol tamamilə yanmış torpağa çevirilsə belə, lazım gələrsə, kütləvi bombardıman da daxil olmaqla, istənilən tədbiri görməyə hazır olacaq. Çoxsaylı qurbanlar onu dayandırmayacaq.

Siz başa düşməlisiniz ki, Putin Rusiyanın bütün min illik tarixinin əsas tarixinə çevirdiyi 9 May Qələbə Günündə, Qırmızı Meydanda bəzi uğur və qələbələri elan etməlidir. Və bunun üçün qarşıdakı həftələrdə tamamilə hər şey ediləcək. Ona görə də mən Putinin yaxın gələcəkdə hansısa danışıqlara gedəcəyinə o qədər də əmin olmazdım.

İndiyədək danışıqlar (tam olaraq Kreml üslubunda) nümayiş etdirmək üçün gedirdi ki, Moskvada sadəcə olaraq öz ultimatum şərtlərinin yerinə yetirilməsini istəyən çox ağlabatan, sülhsevər insanlar var.

Düşünürəm ki, nə vaxtsa, əlbəttə ki, Putin nə iləsə razılaşmalı olacaq, amma bu məqamın onun nöqteyi-nəzərindən gəldiyinə əmin deyiləm. Ən azı yeni komandirin təyin olunması daha çox onun daha da gərginləşməyə hazır olduğunu göstərir”.

Müəllif: Rauf Orucov