“Putin bütün bəşəriyyət üçün təhdiddir”

Dünya

28.03.2022 - 10:18

Rusiya G-20-dən qovulur: BMT və ATƏT-dən də xaric olunacaqmı?

ABŞ müttəfiqlərlə birlikdə Rusiyanın G-20-dən çıxarılması ilə bağlı müzakirələrə başlayıb. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Rusiya artıq bu qurumda təmsil oluna bilməz: “Konkret qurumlar və konkret həll yolları ilə bağlı hər hansı əlavə bəyanatlar verməzdən əvvəl müttəfiqlərimizlə, bu qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək və bigə qərar vermək istəyirik”.

Xatırladaq ki, Rusiya bundan əvvəl Avropa Şurasından çıxarılıb. Bir çox nüfuzlu beynəlxalq təşkilatlar Rusiyanı tərk edib. Moskvanın Birləşmiş Millətlər Təşkilatlatından (BMT) çıxarılması ilə bağlı müzakirələr gündəmə gəlsə də, Təhlükəsizlik Şurasına rotasiya yolu ilə Rusiyanın rəhbərlik etməsi bu planın baş tutmasını əngəlləyib.

Qeyd edək ki, G-20 və ya “İyirmilər qrupu” dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkəsindən və Avropa Birliyindən (AB) ibarətdir. ABŞ, İngiltərə, Almaniya, Fransa, Avropa Birliyi, Avstraliya, Çin, Kanada, Yaponiya, İtaliya, Türkiyə, Braziliya, Hindistan, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya və Argentina ilə birlikdə Rusiya da bu qrupda təmsil olunur.

Bəzi analitiklər hesab edirlər ki, Rusiyanın dünyadan təcrid edilməsi effektiv yol deyil və bu addımlar Moskvanı daha da aqressivləşdirir.

Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev AYNA-ya açıqlamasında deyib ki, ABŞ və Qərbin Rusiyaya yönəlik güzəştsiz siyasəti təqdir olunmalıdır: “2004, 2008 və 2014-cü ildə Qərbin yanaşması ondan ibarət idi ki, Moskvanı izolyasiya etsək, ona qarşı sərt sanksiyalar tətbiq etsək, onunla təhdid dilində danışsaq, Rusiyanı tamamilə itirə bilərik. Eyni zamanda onu aqressivləşdirmiş olarıq. Lakin 2004-cü ildən 2022-ci ilə qədər davam edən 18 illik proses onu göstərdi ki, Rusiya bunu kompromis yox, əksinə, geri addım kimi qiymətləndirir. Məhz elə buna görə də, 2022-ci ildə ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, NATO və dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları belə bir qərara gəldi ki, artıq Rusiya izolyasiya olunmalıdır. Rusiya iqtisadiyyatına yönəlik sanksiyaların tətbiq olunması Kremlin işğalçılıq siyasətinə qarşıdır. Hesab edirəm ki, bu siyasət doğrudur və alternativi yoxdur”.

Həmsöhbətimizin fikrincə, Rusiya iqtisadiyyatına yönəlmiş sanksiyalar nəticəsində oliqarxların ciddi etirazları gözlənilir: “Bu, ən çox ehtimal olunan versiyadır. Rusiyada ordunun özünün də Putin hakimiyyətinə qarşı hərbi çevriliş cəhdi ola bilər. Yaxud da sanksiyalardan təsirlənən əhali ayağa qalxa və Rusiyanı kütləvi etirazlar bürüyə bilər. İstənilən halda Rusiyanın daxilində ciddi etirazların baş qaldırması qaçılmazdır. Bu xüsusda Rusiyanın Ukraynaya qarşı təcavüzü dayandırması gözlənilir. Bütün hallarda Rusiyanın Ukrayna üzərində qələbəsi istisna edilir”.

“O ki qaldı Putinin gələcək taleyinə, heç kəs hakimiyyətdə əbədi deyil və Putin də əbədi olmayacaq. Bəzən belə iddialara rast gəlirik ki, guya Rusiya ictimaiyyəti Putini dəstəkləyir. Əslində isə belə deyil. Sadəcə repressiv metodlarla əhalinin etirazlarının qarşısını alırlar. Xüsusən 40-dan aşağı yaş qrupuna daxil olan ruslar Putini dəstəkləmirlər və onlar ilk fürsətdə onu yola salacaqlar. Hesab edirəm ki, bu, zaman məsələsidir və bu barədə danışmaq hələ tezdir”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli də AYNA-ya açıqlamasında söyləyib ki, Rusiya dünyaya hakimlik iddiasındadır və bütün qırmızı xətləri keçir: “Ukrayna suveren dövlətdir və onun müstəqil siyasət yürütmək hüququ var. Buna görə Ukraynanı cəzalandırmağa heç kimin haqqı yoxdur. Rusiya istəyir ki, postsovet məkanı, o cümlədən Ukrayna onun vassalı olsun. Harada əhali etirazlara qalxırsa, dərhal həmin xalqları cəzalandırır. Yanvar ayında Qazaxıstanda bunu müşahidə etdik və Rusiyanın müdaxiləsindən sonra etirazçı qazaxları qanla boğdular”.

“İndi isə Ukraynaya qarşı təcavüzə yol verir və qonşu Avropa dövlətlərini hədələyir. Ukrayna şəhərlərində soyqırım törədir, barbarlıq üsulundan istifadə edirlər. Hələ utanmadan hər şeyin plan üzrə getdiyini deyirlər. Dünya birliyinin baş verənlərə reaksiyası çox aşağıdır. Kremli nəinki hansısa beynəlxalq təşkilatdan çıxarmaq və ya ona qarşı sanskiyalar tətbiq etmək, onu daha ciddi şəkildə cəzalandırmaq lazımdır. XXI əsrdə bu, nə yanaşmadır, nə vəhşilikdir?! Ukraynada hər gün yüzlərlə günahsız insan qətlə yetirilir. Bunu hansısa cinayətkar qruplaşma yox, BMT-nin daimi üzvü olan bir dövlət həyata keçirir”, - deyə müsahibimiz bildirib.

Politoloqun sözlərinə görə, Rusiyanı nəinki G-20-dən, BMT-dən, ATƏT-dən və bütün beynəlxalq təşkilatlardan xaric etmək lazımdır: “Çünki bu ölkənin yürütdüyü siyasət bütün dünyanı təhdid edir. Təkcə qonşularına deyil, bütün bəşəriyyətə təhdid yaradır. Buna yol vermək olmaz və Rusiyanı dayandırmaq lazımdır. Nə qədər ki, bir dövlət digər ölkəyə qarşı təcavüz siyasəti yürüdür, dünya çalxalanacaq. Başa düşmək lazımdır ki, bəşəriyyətin inkişafı belə amansız və qəddar rejimlərin süqutundan keçir. Putin özünü dünyanın ağası kimi aparır və hər gün çıxıb bəyanat verir ki, hər şey plan üzrə gedir. Bu plan minlərlə günahsız insanın qətli deməkdir. Hər gün daha da irəli gedirlər və bütün Ukraynanı xarabalığa çevriməyə səy göstərirlər. Putin başa düşür ki, artıq sonu çatıb və hər vəchlə buna mane olmağa çalışır. Bu məqsədlə bütün mümkün vasitələrdən istifadə edir”.

“Lakin unudur ki, artıq onun xilası mümkün deyil. Tətbiq edilən beynəlxalq sanksiyalar bir müddət sonra Rusiyanın iqtisadiyyatını çökdürəcək və bu zaman qarşısında rus xalqını görəcək”, - deyə  Hüseynli söyləyib.

Əlavə edib ki, Rusiya elitasında və oliqraxiyasında da Putinə dərin etimadsızlıq hökm sürür: “Düzdür, iddia edirlər ki, guya Rusiya ictimaiyyəti Putini və onun yürütdüyü siyasəti dəstəkləyir. Əslində isə bu, qətiyyən belə deyil. Sadəcə repressiyalar yolu ilə daxili etirazları yatırır və hələlik buna nail olurlar. Lakin bu, uzun müddət belə davam etməyəcək”.

Müəllif: Azər Niftiyev