Prokurorluq Şamaxıdakı qətllə bağlı məlumat yayıb

Cəmiyyət

14.05.2022 - 16:14

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb

Şamaxı rayon prokurorluğu qətllə bağlı məlumat yayıb. AYNA xəbər verir ki, məlumatda mayın 14-də Şamaxı şəhər sakini Şəfayət Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olduğu bildirilib. Aparılmış araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən Mülkalı Rizvanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şəfayət Haviyevə gəzdirdiyi cib bıcağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mülkalı Rizvanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Şamaxı rayon Polis Şöbəsinə mayın 14-ü saat 1 radələrində şəhər ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin bıçaqla və daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən mətbuata  verilmiş xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

"Araşdırmalarla Şəfayət Hacıyevin aralarında yaranmış münaqişə zəminində M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rizvanov “isti izlər”lə tutularaq istintaqa təhvil verilib", - deyə DİN-in məlumatında bildirilib.

Müəllif: Ayna.az