Problemli sahələr çoxdur - Deputatlar hökumətə hansı çağırışı etdilər?

Cəmiyyət

17.03.2023 - 21:58

Nazirlər Kabinetinin hesabatı dinlənildi: deputatlar problemləri qaldırdılar, hökumətdən onların həllini istədilər

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatı dinlənilib. Baş nazir Əli Əsədov hesabatı təqdim etdikdən sonra deputatlar sənədlə bağlı fikirlərini bildiriblər.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov su problemindən danışıb və bildirib ki, az olmasına baxmayaraq mövcud su ehtiyatlardan səmərəli istifadə edilmir.

Onun sözlərinə görə, müxtəlif tədbirlərdən istifadə edilməsinə baxmayaraq, su itkisi yüksək olaraq qalır: "Bu durumda suya qənaət etmək, mövcud su ehtiyatlarından səmərəli istifadə etmək zəruridir".

Deputat: “Məscidlərin maliyyələşməsini etməyəndə kənar qüvvələr bunu digər yolla həyata keçirməyə çalışırlar”

“Dünyada su ehtiyatları tükənməkdədir. Azərbaycanda da su qıtlığı yaranıb. Xüsusilə də əkin suyuna olan tələbat artıb. Hamılıqla bu problemi diqqətə almalı, ona uyğun münasibət göstərməliyik". Bu sözləri isə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputat Ceyhun Məmmədov isə məscidlərin probleminə toxunub. Millət vəkili bildirib ki, bu gün ölkədəki məscidlərin maliyyələşdirilməsində və onların bir sıra kommunal xərclərinin ödənilməsində müəyyən çətinliklər var: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kimi problemlərin həllinə çalışır, müəyyən addımlar atır. Amma problemin sistemli şəkildə həllinə ehtiyac var”.

“Kimsə deyə bilər ki, din dövlətdən ayrıdır. Lakin nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Bu maliyyələşməni etməyəndə kənar qüvvələr bunu digər yolla həyata keçirməyə çalışırlar. Bununla yanaşı, düşünürəm ki, bölgələrdəki məscidlərin sürətli şəkildə bərpasına ehtiyac var”, - deputat əlavə edib.

“Bu, özəl klinikaları dövlət klinikalarından asılı vəziyyətə salır”

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev zərfə daxil olan tibbi xidmətlərin qiymətinə yenidən baxılmasını təklif edib. Millət vəkili deyib ki, vətəndaşların dərman təminatına əlçatanlığının yaxşılaşdırılması, dərmanların qiymətlərinin optimallaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülməsinə ehtiyac var: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl klinikaların sayı 100-ü keçib. Bu yaxşı göstərici olsa da, icbari tibbi sığortaya münasibətdə dövlət və özəl klinikalara fərqli yanaşma olmasını doğru hesab etmirik. Hazırda vətəndaş müalicə və müayinə üçün icbari tibbi sığorta hesabına özəl klinikaya yalnız həmin xidmətlər müvafiq tibb müəssisələrində olmadığı halda və dövlət xəstəxanasının göndərişi əsasında müraciət edə bilər. Bu da onun tibb müəssisəsini və həkimi seçmək hüququnun pozulması olmaqla yanaşı, özəl klinikaları da dövlət klinikalarından asılı vəziyyətə salır”.

Komitə sədri: “Həkim və müəllimlərin tədaüdə çıxma yaşı artırılsın”

“Bu, inhisarçılıq və digər neqativ hallara yol açır. Hesab edirəm ki, qüsurlu yanaşma aradan qaldırılmalı, klinikalar arasında sağlam rəqabətə şəraiti yaradılmalı, göndəriş qaydası təkmilləşdirilərək sığortalı vətəndaşların klinikanı və həkimi sərbəst seçmək hüququ təmin olunmalıdır. Digər narahatlıq yaradan hallardan biri də xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin qiyməti ilə bağlıdır. Bu qiymətlərə də yenidən baxılmasını təklif edirəm”, - deyə M.Quliyev vurğulayıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə hökümətə çağırış edib ki, həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddi artırılsın: “Rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq, həkim və müəllimlərin təqaüd yaşının həddi 70 yaşa qədər artırılsa, daha məqsədəuyğunj olardı. Nazirlər Kabinetindən bu məsələni nəzərə alınmasını xahiş edirəm”.

Sənədsiz evlərlə bağlı çağırış: “Məsələ ölü nöqtədən tərpənmir”

Komitə sədri Musa Quliyev həmçinin sənədsiz evlərlə bağlı problemi gündəmə gətirib və bunun həllini tapmasının vacib olduğunu söyləyib. Deputatın sözlərinə görə, müvafiq icazə olmadan tikilən sənədsiz fərdi yaşayış evlərinin sayı 500 mindən çoxdur: "Bu problem illərdir Milli Məclisdə qaldırılır, hökumət müxtəlif qərarlar verib, dövlət başçısının tapşırıqları olub, amma məsələ ölü nöqtədən tərpənmir. Nəticə etibarilə, problemin vaxtında və əsaslı həll edilməməsi yeni problemlər yaradır. Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz məhəllələr isə sənədsiz qəsəbələrə çevrilir. Bu ərazilərdə yaşayan on minlərlə insanın qazlaşdırma, su-kanalizasiya, uşaq bağçası, məktəb, xəstəxana, aptek, ictimai nəqliyyat və s. ehtiyacları qarşılana bilmir”.

“Eyni zamanda vətəndaşlar qeydiyyatda olmadıqlarına görə seçki hüquqlarından istifadə edə bilmirlər. Hökumətdən xahiş edirəm ki, bu məsələnin qısa zamanda həlli üçün tapşırıq versin və prosesi nəzarətə götürsün”, - deyə Quliyev söyləyib.

“Yaxşı olardı ki, ayrılan vəsait bu sahədə xidmətlərin təkmilləşdirilməsinə, peşəkar mütəxəssislərin yetişdirilməsinə sərf olunsun”

"Bu gün Azərbaycan səhiyyə sahəsində dövlət proqramlarının icrasına nəzarətlə bağlı daha konkret mexanizmlərin tətbiqinə ehtiyac var. Deputat xatırladıb ki, Hesablama Palatasının 2021-ci ilə dair hesabatında bu barədə qeydlər var idi. “İndiki halda Azərbaycanda icbari tibbi sığorta sisteminin uğurlu tətbiqi ayrı-ayrı xəstəliklərlə mübarizə sahəsində qəbul olunmuş dövlət proqramlarının icbari tibbi sığorta sisteminə inteqrasiyanın mümkün olduğunu deməyə əsas verir. Bu, belə proqramlardan faydalanmaq istəyən bütün vətəndaşlara bərabər imkanlar yaratmaq üçün vacibdir”. Bu sözləri isə deputat Soltan Məmmədov deyib.

Millət vəkili vurğulayıb ki, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması məqsədilə 5,2 milyon manat vəsait ayrılıb: “Bunun cəmi 826 min manatı xərclənib, 331 kardiocərrahiyyə əməliyyatı keçirilib. Çox yaxşı olardı ki, ayrılan vəsait bu sahədə xidmətlərin təkmilləşdirilməsinə, peşəkar mütəxəssislərin yetişdirilməsinə sərf olunsun. Ölkədə yeni doğulan hər 1000 uşağın 7-8-i ürək qüsurlu olur. Yəni bu, çox ciddi bir problemdir və dövlətin ayırdığı resursları yönəltməklə bu problemin həllində daha yüksək nəticələr əldə etmək mümkündür”.

“Azərbaycanda icbari tibbi sığorta zərfinə daxil olan xidmətlərin sayı ildən-ilə artır. Bu proses özəl tibb müəssislərinə göndərişlərin sayında da artımla müşayiət olunur. Hesabatdan da göründüyü kimi, özəl səhiyyə müəssisələrin göndərişlərin həcmində 5,7 dəfə artım qeydə alınıb. Bu baxımdan, həm dövlət, həm də özəl səhiyyə qurumlarında göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi də diqqətdə olmalıdır. Diaqnostika, müayinə, profilaktika, müalicə protokollarına riayət edilməsi ilə bağlı məsələlərə məhz Səhiyyə Nazirliyi tərəfindən nəzarət tədbirləri ilə bağlı məlumatların da hesabatda əksini tapması ümumi mənzərə haqqında daha aydın təsəvvür yarada bilər”, - deyə S.Məmmədov fikrini tamamlayıb.

Digər deputatlar da hökumətə problemli məsələlərin həlli ilə bağlı müraciətlər ediblər. Müzakirələrdən sonra Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı qəbul olunub.

Müəllif: Anar Bayramoğlu