Prezidentin mesajlarının şifrələri: sülh, anklavlar, delimitasiya

Aktual

11.01.2024 - 17:50

Politoloq: “Azərbaycanın tələbləri yerinə yetirilməyəcəksə, ya danışıqlar dayandırılacaq, ya da sülh sazişinin imzalanması üçün heç bir zəmin olmayacaq”

Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı Azərbaycan-Ermənistan sülh danışıqları, danışıqların nəticələri barədə məlumatları açıqlayıb. Ölkə başçısı bildirib ki, Azərbaycanın sülhlə bağlı şərtləri mövcuddur, hansı ki, bu şərtlər rəsmi İrəvana təqdim olunub. Prezident bu şərtlər daxilində Azərbaycanın sülh sazişi imzalamağa hazır olduğunu söyləyib.

Bununla yanaşı, sülhün daha çox Ermənistana lazım olduğunu bildirən Azərbaycan lideri ərazi bütövlüyümüzün tam təmin olunduğunu xatırladıb.

Prezident həmçinin Ermənistanla yanaşı, bölgədə sülhün yaranmasına siyasi addımları ilə maneə yaradan beynəlxalq güclərə də mesajlarını çatdırıb. Geniş müsahibədə əsas nüanslar ondan ibarətdir ki, Azərbaycan vasitəçisiz sülh danışıqlarının aparılmasında, sazişin imzalanmasında maraqlıdır.

Prezidentin müsahibədəki mesajlarını AYNA-ya şərh edən “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, analitik Zaur Məmmədov deyib ki, təkcə Ermənistan yox, beynəlxalq ictimaiyyət, ABŞ, Rusiya, Avropa İttifaqı da bu müsahibədəki mesajları yaxından izləyəcəklər:

- Artıq izləyiblər də, çünki müxtəlif beynəlxalq informasiya vasitələrində məlumatlar gedib. Xüsusilə, Ermənistan mediası da Prezident İlham Əliyevin fikirlərinə reaksiya verməkdədirlər. Azərbaycan lideri tamamilə açıq şəkildə bildirdi ki, sülh danışıqlarında geosiyasi rəqabət olmamalıdır. Əgər qlobal güclər bölgəni özləri arasında geosiyasi mübarizə meydanına çevirmək istəyirsə, bu, danışıqlarda inkişafa gətirib çıxarmayacaq.

İkinci məqam ondan ibarətdir ki, Azərbaycan qalib tərəfdir və sülh sazişi əsas Ermənistana lazımdır. Əgər Azərbaycanın tələbləri yerinə yetirilməyəcəksə, ya danışıqlar dayandırılacaq, ya da sülh sazişinin imzalanması üçün heç bir zəmin olmayacaq. Hesab edirəm ki, konkret mesaj bundan ibarət idi.

Azərbaycanın istəklərinin, şərtlərinin nədən ibarət olduğunu Ermənistan çox yaxşı bilir. Bakının istəklərinə tez zamanda İrəvandan müsbət reaksiya verilsə, bu, ümumi proses üçün yaxşı olar. Münasibətlərin yaxşılaşması istəyi varsa, yaxşı olardı ki, sülh sazişi imzalananadək Zəngəzur dəhlizi ilə bağlı Ermənistan konkret mövqeyini ortaya qoysun. Digər məqam ondan ibarətdir ki, Bakı anklavlar məsələsində də, delimitasiya və demarkasiya məsələsində də ortaq məxrəcə gəlməliyik. Hesab edirəm ki, Prezident rəsmi Bakının tələblərini bir daha səsləndirmiş oldu.

- Prezident anklavlar məsələsinə də toxundu və bildirdi ki, bu məsələ daim gündəmdədir və o kəndlər azad olunacaq...

- Təbii ki, azad olunacaq və buna şübhə yoxdur. Azərbaycan Xankəndini azad edibsə, 8 kəndin azad edilməsində heç bir problem yoxdur. Azərbaycan uyğun formada o kəndlər məsələsini həll edicək. Bununla bağlı heç kəsin narahatlığı olmamalıdır. Cəmiyyətdə bəzi kəsimlər işğalda qalan 8 kənd ətrafında süni ajiotaj yaradılması cəhdləri var. Cənab Prezidentin də dediyi kimi, bu kəndlərlə bağlı münasibət anklavlar və onlara bitişik kəndlər kontekstindən olmalıdır. Azərbaycan lideri müsahibəsində Ermənistan tərəfinə açıq mesaj verildi ki, tez zamanda anklavlara bitişik 4 kənd qaytarılmalıdır, sonra anklavlar məsələsi müzakirə olunsun. Söhbət ondan gedir ki, anklavlara gedən yol məsələsi, xətlərin haradan keçəcəyi və s. məsələlərin müzakirəsi nəzərdə tutulur. Düşünürəm ki, sülh müqaviləsi imzalanarsa, Azərbaycan və Ermənistan əsas məqamlarda razılığa gələrlərsə, anklavlar məsələsi də həllini tapacaq.

- İlham Əliyev eyni zamanda, ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycana qarşı təzyiqlərə toxundu və xüsusilə, Fransanın addımlarını tənqid etdi. Sizcə, Fransanın əsassız təzyiqləri ilə bağlı Azərbaycan siyasi müstəvidə hansı addımları atmalıdır və atacaq?

- Parisdə düşünürdülər ki, Azərbaycana qarşı təzyiq siyasəti ilə məqsədlərinə çatacaqlar. Amma son üç il ərzində gördük ki, Fransa Prezidentinin təzyiq dili fəsadlar verdi. Liderlərin Praqa görüşündə Fransa Prezidenti də iştirak edirdi və ilk dəfə idi ki, Ermənistan rəhbəri bildirdi ki, Qarabağ Azərbaycan ərazisidir. Demək ki, rəsmi Parisin təzyiq siyasəti iflasa uğradı.

Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasında bir neçə dəfə Azərbaycana qarşı bəyanatın, qətnamənin qəbul olunması üçün əlindən gələni etdi, vəziyyəti gərginləşdirdi. Amma baxın, nə baş verdi: ötən ilin sentyabrında antiterror əməliyyatları keçlirildi, Azərbaycan ərazi bütöblüyünü tam və qəti şəkildə bərpa etdi. Bununla Parisin addımları yenə fiaskoya uğradı.

Prezident İlham Əliyev mesajında bir daha bildirdi ki, bundan sonra Fransa bölgədə gərginliyin yaradılması siyasətini davam etdirəcəksə, Ermənistanı silahlandırmaq siyasətini davam etdirəcəksə, Parisdən Azərbaycanla bağlı sərsəm bəyanatlar davam edəcəksə, bu, sülhə zərbə vuracaq. Və növbəti dəfə Azərbaycanın qələbəsi ilə nəticələnəcək. Düşünürəm ki, Ermənistan dövləti, erməni xalqı Azərbaycanla sülh, Türkiyə ilə normal münasibətlərin qurulmasını istəyirsə, o zaman Fransanın təhriklərinə uymamalıdırlar. Ermənilər anlamalıdırlar ki, Fransa onları silahlandırsa da, bu addımlar onların dadına çatmayacaq.

Eləcə də digər qlobal güclərə mesaj verildi ki, bölgədə sülhün yaranmasını istəyirlərsə, o zaman sülh prosesinə mane olan addımlardan çəkinməlidirlər. Çünki Azərbaycanın tələblərinə Ermənistanın müsbət cavab verməsinə imkan verməmək sülhü ləngidir. Bakının şərtləri də, tələbləri də konkret və qətidir. Azərbaycan şərtlərindən bir addım da geri çəkilmək niyyətində deyil.

- Prezident sərhədlərin delimitasiyasının sülh sazişindən sonra həll oluna biləcəyini söylədi. Bunu necə qiymətləndirmək olar?

- Tamamilə düzgün mövqedir. Prezidentin dediyi kimi, delimitasiyanı gözləsək, sülh sazişi illərlə uzana bilər. Sülh sazişi imzalanandan sonra sərhədlərin delimitasiyası işləri zaman-zaman razılaşdırıla, həllinə qovuşa bilər. Ölkə başçısı Gürcüstan və Rusiya ilə delimitasiya prosesini xatırlatdı. Bizim Gürcüstanla da, Rusiya ilə də heç bir problemimiz yoxdur, münasibətlərimiz də dostcasınadır. Amma baxın, bu ölkələrlə delimitasiya nə qədər çəkib. Gürcüstanla hələlik tam həllini tapmayıb.

Hesab edirəm ki, Prezidentin delimitasiya ilə bağlı dedikləri də Ermənistana bir mesaj idi ki, sülh sazişini tezliklə imzalasın. Məncə, Ermənistan da delimitasiyanın sülh sazişindən sonraya saxlanılmasında problem görmür. Hər halda erməni rəsmilərinin açıqlamaları bunu deməyə əsas verir.

Müəllif: Anar Bayramoğlu