Prezidentin köməkçisi: “Sülh müqaviləsinin imzalanması üçün heç bir maneə görmürük”

Aktual

21.11.2023 - 11:15

Hikmət Hacıyev: “Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqton, Brüssel və Parisdə deyil, regiondadır”

“Ermənistan anlamalıdır ki, sülhün kökləri, toxumları Vaşinqton, Brüssel və Parisdə deyil, burdadır, regiondadır”. AYNA bildirir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hacıyev bildirib ki, sülhün irəli aparılması, ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan regionun içinə baxmalı, Azərbaycanla danışıqları davam etdirməlidir: “Azərbaycanda xoş niyyət var. Ölkəmizin suverenliyi təmin edilib, regionda yeni status-kvo yaranıb və bu status-kvo ədalətə, beynəlxalq hüquqa əsaslanan legitim status-kvodur. Bundan əvvəlki status-kvo, hansı ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi, Ermənistanın dəstəkləyicisi olan Minsk qrupu da müdafiə edirdi, bu, haqsız və qəbuledilməz idi”.

“Regionda yaranan yeni reallıqlar çərçivəsində biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün heç bir maneə görmürük”, - deyən Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan tərəfinin sözlərlə oynamaqdansa, konkret addım atıb irəli gəlməsi və masada əyləşməsi çox önəmlidir: “Hələ ki bu barədə bir söz söyləmək çətindir. Ermənistan tərəfindən aydın fikirlər gözləntisindəyik. Ermənistan sülh müqaviləsi deyiləndə hələ də regiondan kənara baxır. Bizim dediyimiz odur ki, üçüncü tərəflərin gündəliyini bura daşımaqdansa, regionun özünə sahib çıxıb sülh müqaviləsi ilə bağlı danışıqları irəli aparmaq lazımdır. Top hazırda Ermənistanın meydanındadır”.

Müəllif: Ayna.az