Prezident Şuşada dünya azərbaycanlıları qarşısında çıxış etdi - VİDEO

Aktual

22.04.2022 - 12:50

İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edib

Aprelin 22-də Şuşa şəhərində işə başlayan Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. 

"Bura gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu öndər Heydər Əliyev həmin qurultayda dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı torpaqlar azad olunacaq və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq", - deyən Prezident vurğulayıb: "Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.

Prezident qeyd edib ki, Qarabağ münaqişəsinin həll edilməsi onun üçün Prezident kimi başlıca vəzifə idi: "Prezident seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir. Bütün qüvvələr bu vəzifəyə səfərbər edildi. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.

“Biz şəhidlərimizin qanını döyüş meydanında aldıq. Qisasımızı düşməndən döyüş meydanında aldıq. Şəhidlərin qanı yerdə qalmadı. Onların yaxınları üçün, qohumları üçün, bütün Azərbaycan xalqı üçün bu təsəlli verir”, - İ.Əliyev vurğulayıb.

Ölkə başçısı qeyd edib ki, bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq dayanırdı: "Biz buna öz gücümüzlə nail olduq.
Məhz buna görə ordu quruculuğu sürətlə aparılıb, Azərbaycan müasir ordu yaradıb, məhz buna görə gənc nəsil vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə olunurdu". 

"Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi”, - deyə Prezident deyib.

Müəllif: Ayna.az