“Ölkənin elektrik enerjisi istehsalı üçün bütün lazımi infrastruktur məhv edilib”
Ukraynanı elektrik enerjisi sektorunda problemlər və istilik çatışmazlığı səbəbindən çətin qış gözləyir. AYNA xəbər verir ki, bu barədə “RMF 24” radiostansiyasına müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Ukrayna üçün çətindir. Bu qış Ukrayna üçün çətin ola bilər”, - deyə nazir bildirib.
Sikorski həmçinin əlavə edib ki, ölkənin elektrik enerjisi istehsalı üçün bütün lazımi infrastruktur məhv edilib.
Bundan əvvəl Sikorski Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərini Ukraynaya Qərb silahlarından Rusiya ərazisində istifadə etməyə icazə verməyə çağırıb. Bunun üçün o, dövlətlərdən Kiyevə uzaqmənzilli silahlardan yalnız “qanuni özünümüdafiə” üçün istifadə etmək hüququ verən məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.