“Kreml Türkiyədəki prezident seçkilərinin gedişatını diqqətlə izləyir”
Moskva Türkiyədə keçirilən prezident seçkilərinin gedişatını türk xalqına böyük diqqət və hörmətlə izləyir. AYNA TASS-a istinmadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi və Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Moskva ilə Ankara arasındakı münasibətlər həqiqətən qarşılıqlı faydalı əməkdaşlıqdır. Ona görə də biz Türkiyədən gələn xəbərləri böyük maraq və böyük diqqətlə izləyirik. Türk xalqının seçiminə böyük hörmətlə yanaşırıq. Biz əməkdaşlığın davam edəcəyini, dərinləşəcəyini və genişlənəcəyini gözləyirik”, - deyə qeyd edib.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri mayın 14-də bazar günü keçirilib. Səsvermə Türkiyənin 81 vilayətində və digər ölkələrdə baş tutub. Səsvermə bülletenlərinin 99,9 faizi emal edilib. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan yüzdə 49,34, Kılıçdaroğlu isə yüzdə 45 faiz səs toplayıb. Birinci turda qalib gəlmək üçün namizədin 50 faizin üstündə səs toplaması lazımdır. Bu faizi heç bir namizəd qazana bilmədiyi üçün mayın 28-də seçkilərin ikinci turu keçiriləcək.