Pərakəndə satış məntəqələri sürətlə artıb – Tələb də yüksəlir, qiymətlər də

İqtisadiyyat

13.01.2022 - 19:18

“Biznes subyektləri qiymətləri qaldırmaqla itkilərini kompensasiya etməyə çalışır”

Karantinin yumşaldılması ticarət və ictimai iaşə obyektlərinin fəaliyyətinə təsir göstərib. Keçən ildən bu biznesin subyektlərinin sayı artmağa başlayıb, baxmayaraq ki, obyektiv desək, ağır 2020-ci ildə belə pandemiya onların sayına o qədər təsir etməmişdi.

Böhran zamanı bütün dünyada kiçik ticarət şirkətləri və regional şəbəkələr ən çox zərər çəksə də, onlayn ticarət inkişafa əhəmiyyətli təkan alsa da, ölkəmizdə bu qlobal tendensiyalar o qədər də aydın izlənilməyib. Pərakəndə satış, belə demək olarsa, virusa yaxalansa da, onun öhdəsindən uğurla gəldi və iaşə seqmentində dövriyyənin və mənfəətin azalması, qəribə də olsa, əsasən kiçik və orta sahibkarlıq subyektlərinin sayının artması ilə yanaşı mövcud oldu.

Maraqlı tendensiya Dövlət Statistika Komitəsinin məlumatlarında yer alıb ki, onlara görə, ötən il pərakəndə ticarət dövriyyəsi 4,1 faiz azalıb. Rəsmi mənbələr bu tendensiyanın məhdudlaşdırıcı hökumət tədbirləri ilə, COVID pasportlarının tətbiqi ilə əlaqələndirməsinə baxmayaraq, yerli analitiklərin fikrincə, pərakəndə satış şəbəkələrimizin dövriyyəsinin azaldılmasında mühüm rolu məhz inflyasiya oynayıb. Etiraf etməmək çətindir ki, qiymət artımı və alıcılıq qabiliyyətinin aşağı düşməsi ticarət dövriyyəsinin artması üçün heç də ən yaxşı şərait deyil. Bundan əlavə, real inflyasiya rəsmi olaraq elan edilmiş səviyyələri xeyli üstələyib.

İlin sonuna yaxın Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin noyabr ayında aylıq inflyasiyanın 1,5%, 12 aylıq inflyasiyanın isə 11,1% olduğunu açıqlayıb. Tənzimləyici qurum illik inflyasiyanın artımını dünya əmtəə birjalarında malların bahalaşması və qlobal təchizat zəncirindəki problemlərlə əlaqələndirir. O cümlədən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, son bir ildə dünyada ərzaq məhsullarının qiymətləri 27,3% artıb.

“Bu vəziyyət Azərbaycanın əsas xarici ticarət tərəfdaşları olan ölkələrdən malların idxalı xərclərinə də təsir edir. Xüsusilə, 2021-ci ilin yanvar-oktyabr aylarında idxal qiymətləri əvvəlki illə müqayisədə 21,4% artıb”, - deyə AMB-dən bildirilib.

Müstəqil ekspertlər Mərkəzi Bankın hesabatları ilə mübahisə etməyə hazırdırlar. Məsələn, iqtisadçı ekspert Natiq Cəfərlinin AYNA-ya dediyinə görə, böhran dövründə ərzaq məhsullarının qiymətləri xüsusilə güclü qalxıb və ötən ilin son ayında ərzaq inflyasiyası 14,5 faiz səviyyəsində olub: “Nəticədə illik qiymət artımı 15 faizə çatacaq və bahalaşma ilk yaz məhsuluna qədər davam edəcək”.

İqtisadçı ekspert Eldəniz Əmirov da eyni fikirdədir və hesab edir ki, ötən il geniş çeşiddə mal və xidmətlərin ciddi qiymət artımı ilə yadda qalıb. Belə bir şəraitdə əhalinin alıcılıq qabiliyyəti, şübhəsiz ki, aşağı düşdü ki, bu da pərakəndə satışa və onun dövriyyəsinə təsir etməyə bilməzdi.

Maraqlıdır ki, belə şəraitə baxmayaraq, pərakəndə satış obyektlərinin sayı artmaqda davam edirdi. Məsələn, ötən ilin əvvəlinə ölkədə 82564 stasionar pərakəndə satış məntəqəsi fəaliyyət göstərib, 2020-ci ilin böhranlı dövründə isə 423 yeni mağaza və supermarket açılıb. Bu məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Qurumun məlumatına görə, mağazaların ümumi sahəsi, hətta 5,3 milyon kvadratmetri keçib və il ərzində onların sahəsi 90 min kvadratmetr və ya 1,7% artıb. Ötən ilin yanvar ayına olan məlumata görə, 44 minə yaxın ticarət və avtonəqliyyat xidməti müəssisəsi qeydiyyata alınıb, ticarətdə 228,7 min fiziki şəxs təmsil olunub.

Oxşar tendensiyanı ictimai iaşə sahəsində statistika da göstərir. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, bu, pandemiyadan sonra kütləvi istehlak tələbinin gözlənilməsi ilə bağlı ola bilər: “Amma burada başqa bir tendensiya var - biznes subyektləri qiymətləri qaldırmaqla itkilərini kompensasiya etməyə çalışır. Və bu, şübhəsiz ki, tələbin azalmasında müəyyən rol oynayır”.

Müəllif: Tanya Samsonova