“Hökumət banklara, banklar da müştərilərə güzəştə getməlidir”

İqtisadiyyat

31.03.2020 - 10:37

Həkimlər Klinikalar SEO Xidməti

Karantin rejiminin işsiz qoyduğu vətəndaşların problemi dərinləşir

 

Azərbaycanda elan olunmuş karantin rejimi ilə əlaqədar ticarət müəssisələri, ictimai iaşə obyektləri bağlanıb, kafe-restoranların fəaliyyətinə məhdudiyyət qoyulub. Nəticədə xeyli sayda insan işini itirib.

 

Məlumdur ki, vətəndaşların böyük əksəriyyətinin bu və ya digər formada banklara borcu var. Bir neçə mağazalar şəbəkəsi kredit borcu olanlar 1 aylıq möhlət verib. Bəs banklar? Onlar da bu addımı atacaqmı? Əgər banklar kreditləri bir müddətlik dondurmasa, nə baş verə bilər?

 

AYNA-ya danışan itisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, bankların müştərilərə güzəştə getmələri üçün dövlət tərəfindən onlara dəstək olmalıdır: “Azərbaycanda iqtisadiyyat primitiv olduğu kimi, banklar da kredit faizləri ilə işlərini formalaşdıra bilir. Dövlət banklara ən azı 3 aylıq vergi tətili versə, bu zaman banklar da öz növbəsində vətəndaşların istehlak kreditlərini, kiçik və orta sahibkarların isə biznes kreditlərinin ən azı faizlərini 3 aylıq dondura bilər”.

 

“Bu addım atılmasa, bir müddət sonra problemli kreditlərin həcmi genişlənəcək. Nəticədə dövlət problemli kreditləri azaltmaq üçün daha böyük həcmdə xərc çəkməli olaca. Onsuz da işsiz insanlar pulları olmadığı üçün kreditlərin faizini ödəyə bilməyəcək. Dövlət ya indi yardım etməlidir, ya da sonra yaranmış problemi həll etmək üçün daha böyük vəsait tələb olunacaq. Qabaqlayıcı tədbir kimi bank sektoruna vergi tətili elan etməlidir ki, banklar da vergi faizlərinin vətəndaşlardan alınmasına 3 aylıq güzəşt getsinlər. Nazirlər Kabinetinin qərarı ilə bu, mümkün ola bilər”, - deyə Cəfərli bildirib.

 

İqtisadçı-ekspert Samir Əliyev də AYNA-ya açıqlamasında promlemin ciddiliyinə diqqət çəkib: “Bu, aktual bir məsələdir. Artıq bir çox ölkələr bu problemi həll edib. Bizdə isə vəziyyət ürəkaçan deyil, bir çox sahələr çöküb. Həm sahibkarlar iflasa uğrayıb, həm orada çalışan işçilər maaş almırlar. Xüsusilə, günəmuzd çalışan insanların maddi problemləri daha çoxdur. Ona görə də nə kiçik sahibkarlar, nə də fərdi şəxslər götürdükləri kreditlərin faizlərini ödəyə bilməyəcəklər. Faizlərin qaytarılması ilə bağlı, heç olmasa əhaliyə 2 ay tətil verilməlidir. Təbii ki, gecikməyə görə də insanlara faiz hesablanmamalıdır”.

 

“Mərkəzi Bank banklara bununla bağlı göstəriş verməlidir. Həm də banklar həmin müştəriləri pis müştəri kimi qeydiyyata almamalıdır. Karantin bitəndən sonra da hələ 1-2 ay lazımdır ki, biznes özünə gəlsin. Biznesin yenidən inkişafı üçün isə biznes kreditləri də daha sərfəli qiymətə verilməlidir. Əks halda çətin olacaq”, - ekspert bildirib.

 

“Gedən müzakirələrdən deyə bilərəm ki, sahibkarlara güzəşt olunacaq. Ola bilər, vergi tətilləri olsun. Gözləntim var, amma qərarı hökumət verəcək. Hökumət hər hansı bir addım atmasa, nəzəri olaraq deyə bilərəm ki, əhalinin sosial vəziyyəti pisləşəcək, biznes çökəcək. Dolayısı ilə hökumətin özünə zərbə dəyəcək. Çünki sosial vəziyyət gərginləşəcək, iqtisadi baxımdan da işsizlik artacaq, vergi verən azalacaq. Bu baxımdan hökumətin özünə uzunmüddətli zərbə vurula bilər. İnanıram ki, bu cür hallara gəlib çıxmayacağıq”, - S.Əliyev vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva