Pensiyaların “boyu” bahalaşmaya çatmır – Maraqlı fakt

Cəmiyyət

17.02.2022 - 20:22

Maaş, pensiya və sosial müavinətlərə gələcək əlavələr artıq ötən ilki inflyasiya tərəfindən “udulub”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, indeksasiya və birdəfəlik maddi yardımdan sonra ölkədə orta əmək pensiyası da artıb. Bəs bu, rekord qiymət artımı fonunda əhaliyə real kömək edəcəkmi?

İndeksləşdirmənin nəticələrinə və 200 manat maliyyə yardımına əsasən, bu ilin yanvar ayından orta əmək pensiyası 9 faiz artaraq, 360 manat təşkil edəcək. ƏƏSMN-in məlumatına görə, yaşa görə pensiyanın orta məbləği 385 manata çatacaq. Dekabrda bu rəqəm 358 manat səviyyəsində açıqlanıb.

Son üç ildə əmək pensiyalarının orta məbləği 60 faiz artıb. Düzdür, pensiyaçıların sayı da nəzərəçarpacaq dərəcədə azalıb – onlar cəmi 1,2 milyon nəfər qalıb (ötən ilin əvvəli ilə müqayisədə təxminən 30 min nəfər az). Onlardan 100 minə yaxın şəxs (hərbi qulluqçular, dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşları və s.) əmək stajına görə əlavə ödənişlə pensiya alır. Bu ilin yanvarından Azərbaycanda əmək pensiyalarının minimum məbləği 240 manatdır (+20 faiz).

Artan yardım rekord qiymət artımını kompensasiya edə bilərmi? AYNA-nın sualını cavablandıran iqtisadçı ekspert Nemət Əliyevin sözlərinə görə, ötən ilin oktyabr ayının əvvəlinə ölkədə orta pensiya 330,6 manat olub: “Bir qayda olaraq, təcrübəmizdə əmək pensiyaları bu orta rəqəmi bir qədər üstələyir və ona görə də biz bu rəqəmdən başlayacağıq. Orta pensiyanı 3,4 faiz indeksləşdirsək və artan məbləği hesablasaq, indeksləşdirmənin nəticələrinə görə, o, 11 manat 24 qəpik (330,6X103,4 / 100-330,6≈11,24 manat) artıb. İllik 200 manat yardımı yenidən hesablayanda orta hesabla ayda 16 manat 67 qəpik (200/12-16,67 manat) müavinət alırıq. Hər iki məbləği əlavə etdikdə 27 manat 91 qəpik (11.24 + 16.67 = 27.91) əlavə ödəniş alırıq”.

“Ölkədə orta əmək pensiyası məhz bu qədər artıb. Faiz ifadəsində orta əmək pensiyası 8,4 faiz (27,91/330,6*100≈8,4 faiz) artıb”, - deyə həmsöhbətimiz bildirib.

Bu arada, pandemiya zamanı gündəlik tələbat mallarının qiymətləri kəskin şəkildə qalxıb. Rəsmi statistikaya əsasən, 2021-ci ilin dekabr ayında Azərbaycanda istehlak malları 12 faiz, o cümlədən ərzaq məhsulları 16,2 faiz bahalaşıb. Eyni zamanda, real inflyasiya ilə rəsmi statistikanın eyni şey olmadığı məlumdur. Qeyri-rəsmi hesablamalara görə, ötən il qiymətlər təxminən 35-40 faiz artıb.

İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya şərhində deyib ki, pensiyalara, maaşlara və sosial müavinətlərə gələcək əlavələr artıq ötən ilki inflyasiya tərəfindən “udulub”: “Qeyri-rəsmi məlumatlara görə, ərzaq seqmentində bu inflyasiya 30 faizə çatıb. Əhali gəlirlərinin yarıdan çoxunu ərzağa xərclədiyi üçün gələn il pensiyaların və maaşların artımını ötən ilin inflyasiyası “yeyib”. Bununla yanaşı, pensiyaçılara maddi yardımı da müsbət qiymətləndirmək lazımdır”.

Müəllif: Tanya Samsonova