Paytaxtda yolu bağlayan, sakinlərə hücum edən şəxslər tutulub - <font color=red> VİDEO</font>

Hadisə

13.11.2019 - 11:54

Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib

 

Sosial şəbəklərdə yayılan videogörüntülərdə, yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər polis tərəfindən saxlanılıb. Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 Zəng Xidmətinə məlumat daxil olub: “Araşdırma zamanı qeyd olunan əmələ yol verən, 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib”.

 

“Həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib”, - deyə BŞBPİ təmsilçisi bildirib.

 

Qeyd edək ki, Bakıda naməlum şəxs küçədə avtomobil yolunu bağlayıb və avtomobillərin hərəkətinə mane olub. Bu barədə sosial şəbəkələrdə video yayılıb. Görüntülərə əsasən, 2 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir.

 

Onlar daha sonra küçə ilə gedən qadına hücum ediblər. Ətrafdakı insanlar isə həmin şəxslərin üzərinə hücum edərək onları döyüblər.

Müəllif: Ayna.az