“Hakimiyyət ölən hərbçilərin valideynlərindən böyük təhlükə gözləyir”
Nikol Paşinyanın qorxuları fəlakətli sürətlə artır. AYNA xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb. Məqalədə xatırladılıb ki, müharibədən sonra Ermənistanın Baş naziri parlament binasına gələndə misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb: “İndi həmin vəziyyət yaranıb. Parlamentin istər ətrafında, istər həyətində, istərsə də parlamentin daxilində təhlükəsizlik işçiləri çoxalıb. Hətta akkreditasiyadan keçmiş jurnalistlər də diqqətlə yoxlanılır”.
“Paşinyanın parlamentə son gəlişi zamanı mühafizəçilər Baş nazirin təhlükəsizliyini bəhanə edərək media nümayəndələrinin də fəaliyyətini məhdudlaşdırmaq qərarına gəliblər. Bir gün əvvəl jurnalistlərə kadrı böyütmək üçün öz kanallarında Paşinyanı çəkərkən “Zoom”dan istifadə etməyə icazə verilməyib”, - deyə qəzet yazıb.
Nəşrin məlumatına görə, konfrans zalında işləyən operatorlara Baş naziri yaxın məsafədən çəkməmək barədə xəbərdarlıq edilib: “Dünən o da məlum olub ki, Paşinyanın parlamentə gəlişi ilə əlaqədar 44 günlük müharibədə həlak olan hərbçilərin bir qrup valideynlərini İnsan Hüquqlarının Müdafiəsi Daimi Komitəsinin sədri Taquhi Tovmasyanın təşkil etdiyi müzakirədə iştirak etmək üçün parlamentə buraxmayıblar. Və bu günlərdə parlamentdə məktəblilərin qəbulunun keçirilməsi nəzərdə tutulsa da, iclas növbədənkənar toplantıya görə təxirə salınıb. Əslində hakimiyyət ölən hərbçilərin valideynlərindən böyük təhlükə gözləyir”.