“Təşkilatın erməni cəmiyyətinin sualına cavabı yoxdur”
“KTMT-yə etibar etmək olmaz”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı barədə danışarkən deyib.
Baş nazir qeyd edib ki, təşkilatın erməni cəmiyyətinin sualına cavabı yoxdur: “Niyə belə bir vəziyyətdə Ermənistan təşkilatda qalmalıdır. Əgər biz etibar etməyə dəyməyən bir təşkilata güvəniriksə, səhv edirik. Nəinki biz, başqaları da ona arxalana bilməz. Bu, təşkilatın reaksiyasına və KTMT-yə üzv olan bəzi ölkələrin bəyanatlarına əsaslanır”.
“Erməni cəmiyyəti bizdən soruşur ki, niyə KTMT-nin üzvü olaraq qalmaqda davam edirsiniz? Düzünü desəm, bu suala cavabım yoxdur”, - Paşinyan bildirib.
“Çox deyirlər ki, Ermənistan KTMT haqqında filan ifadələr işlədib. Amma Ermənistan KTMT-yə heç nə etməyib. Hər şeyi KTMT öz bəyanatları, hərəkətləri və hərəkətsizliyi ilə edib. Bu şəraitdə biz sadəcə olaraq bütün bunları hiss etmirik deyə bilmərik”.